"O toya nə dəvət olunmuşam, nə də iştirak etmişəm...” - Aqiyə Naxçıvanlı

Baxış sayı:
1309

Milli Məclisin deputatı toy məclisində iştirak etməsi barədə yayılmış məlumatlara dair açıqlama verib. 

Məlum olduğu kimi, son günlər ölkədə müzakirə olunan əsas mövzu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin karantin şəraitində nəvəsinə toy məclisi təşkil etməsi və bəzi vəzifəli şəxslərin, deputatların orada iştirak etməsidir. 

Bir neçə gün bundan öncə bəzi saytlarda dərc olunmuş materiallarda həmin toy məclisində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının da iştirak etdiyinə dair iddialar yer alıb.

Bu məsələyə aydınlıq gətirmək üçün mətbuata açıqlma verən  Aqiyə Naxçıvanlı bunları deyib: “Ölkəmizdə karantin rejimi tətbiq olunan gündən Milli Məclisin iclasları istisna olmaqla, heç bir tədbirdə iştirak etməmişəm. Təəssüf və xəcalət hissi ilə qeyd etməliyəm ki, hətta qohumlarının, dostlarımın, mənə əziz olan insanların dəfn və yas mərasimlərinə də getməmişəm. Ölkə rəhbərliyinin göstəriş və tövsiyyələrinə, qəbul edilməsinə səs verdiyim qanunlara hörmətlə yanaşıram və riayət edirəm. Qeyd olunan toya nə dəvət olunmuşam, nə də iştirak etmişəm...”