​Növbəti seçki tamaşası başa çatdı...

Baxış sayı:
1245

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkisi kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçdi. Seçki günü səsvermə başlayandan dərhal sonra seçki saxtakarlıqları barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar paylaşıldı. Bu faktlar onu göstərir ki, seçkilərin nəticələri tamamilə saxtadır və Azərbaycan xalqının iradəsini əks etdirmir. Əslində normal sivil cəmiyyətlərdə bu qanun pozuntuları baş versəydi, seçkinin nəticələrini bütövlükdə ləğv edilərdi.
Ümumiyyətlə, bu seçkilərin növbədənkənar elan edilməsi ilə bağlı hakimiyyət cəmiyyətə ağlabatan bir izahat da verilmədi, onun təyin olunmasından qabaq bununla bağlı ictimai müzakirələr aparılmadı. Bu da onu deməyə əsas verirdi ki, növbədənkənar parlament seçkiləri yalnız hakimiyyətin maraqları baxımından lazım olub. Növbədənkənar parlament seçkiləri faktiki olaraq xalqdan gizli şəkildə hazırlanaraq qəfildən gündəmə gətirildi, bununla da seçkidə maraqlı tərəflər, xüsusilə də ölkə müxalifəti prosesə hazırlıqsız yaxalandı.
Ölkə müxalifəti dəfələrlə, o cümlədən bu seçkilər elan olunduqdan dərhal sonra hakimiyyət qarşısında minimal seçki mühitinin yaradılması tələbləri ilə çıxış etdi. Həmişə olduğu kimi, hakimiyyət bu dəfə də özündə siyasi iradə tapıb, müxalifətin təkliflərini qəbul etmədi. Mürtəce məzmunlu olsa da, seçki qanunvericiliyin tələblərinə əməl edilmədi, seçki komisiyalarının tərkibi hakimiyyətin nəzarətində saxlanıldı, ölkədə sərbəst toplaşmaq və media azadlığı təmin olunmadı, siyasi məhbusların azadlığı istiqamətində hər hansı addım atılmadı, müxalif mövqeli ictimai-siysasi fəallara qarşı təzyiqlər dayandırılmadı və ən əsası siyasi qüvvələr üçün elementar rəqabət şəraiti belə təmin edilmədi. Hətta seçkiyə qatılan tərəflərin normal təbliğat kampaniyası apara bilməsinə imkan verilmədi. Hər dairə üzrə namizədlərə biri açıq, biri qapalı olmaqla yalnız 2 görüş yeri ayrıldı və bir sıra hallarda bu yerlər əlverişsiz oldu. Namizədlərin televiziyalarda çıxış və debatları olmadı, mitinqlər keçirilmədi, əksər dairələrdə seçicilərlə kütləvi görüşlər belə qeydə alınmadı. Bir neçə dairədə namizədlərin fərqli kampaniyaya, yaxud nisbi fəallıq yaratmağa calışmalarını və hakimiyyətin adamı kimi tanınan namizədləri seçicilərin qovmasını kənara qoysaq, ümumən ölkə üzrə seçki ab-havası hiss olunmadı.
Hələ səsverməyə xeyli qalmış müxtəlif mənbələrdən alınan məlumatlar əsasında deputat mandatı ilə təmin olunacaq şəxslərin adlı siyahısı yayıldı. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdə bir neçə dairə istisna olmaqla, əvvəlcədən elan olunan həmin nəticələrlə eynidir. Bu da seçkinin saxtalığına, səsvermənin formal xarakter daşıdığına, deputat mandatlarının əvvəlcədən hazırlanan siyahı üzrə paylandığını sübut edir.
Bax, belə...Azərbaycan xalqı bu dəfə də seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edildi. Bu hüququ özünə qaytarmaq isə dinc, kütləvi və ardıcıl mübarizədən, daha yaxşı təşkilatlanmaqdan, demokratiya uğrunda mübarizə aparan müxalif siyasi qüvvələr ətrafında təmərküzləşmədən keçir. Beynəlxalq birlik isə Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir. Əks halda Azərbaycan xalqı bundan sonra da bu tipli seçki tamaşalarının şahidi olmaq məcburiyyətində qalacaq...
Anar Xəlilov