“Bu adamlar hansısa güclərin əlində alətə çevrilib” – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
6457

“Avropadakı söyüş söyən mühacirlərdən birinin başına bir şey gəlsə, bu, həqiqətən də Azərbaycan ictimaiyyətində ciddi dalğalanma yarada bilər”

“Avropada oturub Azərbaycanı söyən uşaqlar bu işi planlaşdıranların əlində vazkeçilməz, yerləri doldurulmaz adam deyillər. Əksinə, loru dildə desək, onlar şahmat taxtasının piyadalarıdır. Lazım gələndə kiçik məqsədlər üçün piyadalar qurban verilir”

İstər Suriyada, istərsə də Liviya Misir və digər Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharlarını” incələyəndə qarşımıza bənzər hadisələr çıxır: bütün bu ölkələrdə proseslər söyüş, heykəllərin təhqir olunması, siyasi liderlərin şəkillərinin yandırılmasıyla başlanıb. Özü də məlum proseslər xarici dövlətlərdə, xüsusilə Qərb ölkələrində yaşayan mühacirlər tərəfindən idarə olunub.
Maraqlıdır ki, son zamanlar Azərbaycanda da söyüş kampaniyası başlanıb. Bizdə də Avropaya sığınan mühacirlər Azərbaycanın dövlət və siyasət adamlarını təhqir etməklə qalmır, onların şəkillərini yandırır, müxtəlif yerlərə yapışdırırlar. Üstəlik, məqsədlərinin Azərbaycanda çevriliş etmək olduğunu da gizlətmirlər.
Hakimiyyət nümayəndələri də bu qüvvələrin arxasında xarici xidmət orqanlarının dayandığını və ölkəni qarışdırmaq istədiklərini etiraf edirlər.
Bəs, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir və niyə bu cür metodlara əl atılır? Azərbaycanda da gedən bu proseslərin arxasında “ərəb baharları”nı hazırlayan qüvvələr varmı, yoxsa mühacirlər sadəcə ölkədən didərgin salınmalarının qisasını alırlar?
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluyla söyüş kampaniyası ətrafında söhbətləşdik.
- Sərdar bəy, ümumiyyətlə, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir?
- Siyasi təcrübələrdə hakimiyyətlərin imicinin aşağılanmasının bir neçə yolu var. O yollardan biri hakimiyyət nümayəndələri haqqında müxtəlif lətifələr düzəltməkdir. Adətən, haqqında lətifə hazırlanan hakimiyyətlər cəmiyyətdə ciddi kataklizmlər olmadan, dinc yolla devirilirlər. Biz bunun ən baris nümunəsini SSRİ dövründə gördük.  Yadınıza gəlirsə, sovet hökumətinin son illərində Xruşşov, Brejnev, Qorbaçov, Çernenko və Andropov haqqında müxtəlif lətifələr uydururdular. Bu lətifələr də hakimiyyətin xalq üzərindəki qorxusunu aradan qaldırırdı.
 
Digər bir yol isə söyüş kampaniyası, heykəl və şəkillərin təhqir olunmasıdır. Bu yol isə adətən qanlı konfliktlərə hazırlanan cəmiyyətlərdə həyata keçirilir. Suriyada, Misirdə və başqa ərəb ölkələrində məlum proseslərin söyüş kampaniyası ilə başlamasının səbəbi də bununla bağlıdır.İnqilabi dəyişikliklər və ya böyük təxribatlar öncəsi ortaya çıxan bu təzahürlər psixoloji müharibədir və cəmiyyətləri dəyişilmələrə hazıramaq üçün həyata keçirilir.
Məşhur amerikalı alim var – Lloyd deMaus (Lloyd deMause). Psixo-tarix adlı yeni bir elmin əsasını qoyan alimin fikrincə, tarixi hadisələr əvvəlcə millətlərin psixologiyasında formalaşır, ondan sonra pratikada tətbiq olunur. DeMaus sübut edib ki, istər I, istər II dünya müharibələri, istərsə də Oktyabr inqilabı və digər sosial kataklizmlər ərəfəsində mətbuatda informasiyalar təqdimatı belə, məsələnin mahiyyətinə dəxli olmayan qeyri-adi başlıqlarla insanlara çatdırılır. Məsələn, deyək ki, hardasa bir ev partlayıb və ya dağılıb, mətbu orqanlar onu şişirdərək, böyük faciə - hansısa şəhərin dağılması kimi göstərirlər. Yaxud avtoqəza baş verir, bir nəfər ölür, mətbuat orqanları bunu dəhşətli fəlakət kimi təqdim edirlər. Bu gün Azərbaycan mətbuatını izləsəniz, eyni tendensiyanın bizdə də müşahidə olunduğunu görə bilərsiniz. Jurnalistlər bunu peşəkarlıq maraqları ilə, deyək ki, oxucu yığmaq  metoduyla əsaslandırırlar. Amma bəlkə özləri də bilmədən ölkəni kataklizmlərə aparan ssenaridə yer alırlar psikotarixin qanunlarına uyğun şəkildə vətəndaşları daxili müharibələrə hazırlayırlar.
Biz Paris Kommunasının tarixinə nəzər salsaq, görərik ki, hadisələr başlamışdan qabaq istər kral, istərsə də inqilabçılar bir-biri haqqında pamflet yarışına girmişdilər. Eləcə də Böyük Oktyabr inqilabı öncəsində Leninin məşhur pamfletləri var. Lenin çarla yanaşı, özüylə razılaşmayan bütün inqilabçılar barədə də küçə söyüşləriylə dolu pamfletlər yazırdı.
Biz bütün bunlara tarixi-siyasi nəzəriyyələrin aspektindən baxsaq, görərik ki, Azərbaycan getdikcə vətəndaş müharibəsinə, qarşıdurmalara hazırlanır...
- Qəribə bir hal müşahidə olunur. Sanki Azərbaycan hakimiyyəti də bu rəzilliyin davam etməsində maraqlıdır. Nədənsə, xaricdəki söyüşçülər öz kampaniyalarını səngidən kimi hakimiyyətdəki bəzi qüvvələr onlara cavab vermək zərurəti hiss edirlər, beləcə, söyüş kampaniyası yenidən vüsət almağa başlayır. Sizcə, ölkə rəhbərini söydürmək faktiki olaraq onun çörəyini yeyənlərə (hər halda özləri bunu dəfələrlə etiraf ediblər) nə üçün lazımdır?
- Açığı, mən bu məsələdə hakimiyyətdəki bəzi qüvvələrin xaricdən direktiv aldıqlarını düşünürəm. Çünki pamfletlərin konfliktlərə aparması üçün qarşı tərəfin də həcvlərə, söyüşlərə sərt qarşılıq verməsi və öz basqı rejimini daha da kəskinləşdirməsi tələb olunur. Azərbaycanda da açıq şəkildə görünən budur ki, müəyyən qüvvələr ölkəni vətəndaş müharibəsinə sürükləməyə cəhd edirlər. Bu təxribat qrupunun bir hissəsi Azərbaycan iqtidarında, digər hissəsi isə müxalifət deyilən insanların sırasındadır.
Mənim diqqətimi çəkən bir başqa məqam da var. Bu gün xaricdə oturub Azərbaycan siyasiləri barədə təhqir kampaniyasında iştirak edənlərin əksəriyyəti etnik azlıqların nümayəndələridir. Siz bilirsiniz ki, Rusiya Azərbaycanda bəzi separatçı qüvvələri gizli və açıq şəkildə dəstəkləyir. Əgər separatçı qüvvələrin arxasında Rusiya durursa, Azərbaycan hakimiyyətindəki ruspərəst qüvvələr bu söyüş kampaniyasının davam etməsində maraqlı tərəf kimi iştirak edirsə, deməli, sifariş də Moskvadan gəlib. Rusiya hər iki tərəfdəki qüvvələri hərəkətə gətirərək, öz istədiyi situasiyanı yaratmağa çalışır. Təsadüfi deyil ki, bütün bu ziddiyyətlərin kəskinləşdiyi bir zamanda Kremlin “dəli oğlanı” Jirnovski çıxıb Azərbaycanın Rusiyaya birləşdirilməsi, işğal edilməsi təklifini irəli sürür. Biz bu hadisələrə kompleks yanaşsaq, hər şeyin planlı şəkildə yürüdüldüyünü görərik. Söyüş kampaniyası, hakimiyyətin deqradasiyaya uğradılması, müxalif qüvvələrin olduqca radikallaşdırılması, eyni zamanda Azərbaycan üçün ən böyük təhdid qaynağı olan Rusiyadan işğal mesajlarının verilməsi, süarlarının səsləndirilməsi eyni planın tərkib hissəsi kimi görünür. Rusiya sanki bununla demək istəyir ki, Azərbaycanda ya dəyişiklik baş verməməlidir, ya da qanlı olmalıdır. Dəyişikliklər qanlı olarsa, mütləq xarici dövlətlərin orduları eynilə Suriyadakı kimi sülhpərvər missiya adı altında Azərbaycan torpaqlarına girə və bir tərəfdən Rusiya, bir tərəfdən də ABŞ bir-biriylə yerli tərəfdarlarının vasitəsilə savaşa, Azərbaycan hərbi poliqona çevrilə bilər.
Açıq şəkildə görünür ki, Azərbaycanın başı üzərində qara buludlar dolaşır. Xalqımız bu məsələdə ayıq-sayıq olmalıdır. Müxalifət radikal ritorikadan imtina etməlidir.
- Bizdə bir çox siyasilər Azərbaycan xalqının tolerantlığına və şiddətə meylli olmamasına çox arxayındırlar. Hesab olunur ki, yüzillərlə ən müxtəlif etnik yapılara, dini-məzhəbi düşüncələrə malik toplumun birgə yaşadığı vətəni kimi formalaşan ölkəmizdə Suriyada və ya İraqdakı kimi qarşıdurmalar yaşana bilməz. Halbuki, biz xüsusilə Suriyanın timsalında görürük ki, hibrit müharibələrinin həyata keçirilməsi üçün həmin ərazidə yaşayanların əlinə silah alıb bir-birini qırmalarına, planlaşdırılan vətəndaş müharibələrində iştirak etməsinə belə, ehtiyac yoxdur. Bir çox hallarda həmin ölkələrdə döyüşənlər xaricdən gətirilən legionerlər olurlar və onların başlatdığı müharibədə sağ qala bilmək üçün yerli vətəndaşlar da silaha sarılırlar.
Məsələn, istər Suriya, istərsə də İraqda İŞİD-in böyük hissəsini xaricilər təşkil edirdi. Bunlar arasında Şimali və Cənubi Qafqazdan (Azərbaycan), Orta Asiyadan, hətta Avropadan, Çindən gedənlər də az deyildi. Nəzərə alsaq ki, bu qüvvələrin bir çoxu müxtəlif ölkələrdəki döyüşlərdə sınaqdan çıxarılıb və xüsusi yetişdiriliblər, onların yarada biləcəkləri təhlükə xeyli qorxunc ola bilər. Siz isə Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırırsınız. Amma bir çox suriyalının silaha sarılmaması, problemin tezliklə həll olunacağını gözləməsi sonrakı proseslərdə zəif tərəf kimi məğlubiyyətiylə nəticələndi. Tolerant türkmənlərin fəlakətlə qarşılaşması bunun ən bariz sübutudur. Yəni demək istədiyim odur ki, Allah qorusun, əgər belə bir plan varsa, Azərbaycan xalqının ayıq-sayıq olması belə, özünü təhlükədən sığortalamır...
- Fikrinizdə qismən haqlılıq payı var. Əgər Azərbaycan xalqı və hakimiyyəti proseslərə eynilə Suriyadakılar kimi yanaşarsa, ölkəmiz bənzər taleyi yaşaya bilər. Suriyada proseslərin indiki həddə gəlib çıxmasına rəsmi Dəməşqin sərt siyasətindən imtina etməməsi səbəb oldu. Əgər Suriya hakimiyyəti vaxtında demokratikləşmə prosesinin başlatsaydı, insanların öz fikirlərini ifadə etmək, hakimiyyətdə ədalətli təmsil olunmaq hüquqları tanınsaydı, xaricdən başlayan diversiya hərəkatları da nəticəsiz qalacaqdı. Narazı insanlar öz fikirlərini hakimiyyət nümayəndələri qarşısında sivil formada və məkanda qaldıracaq, məsələlər parlamentdə, digər dövlət orqanlarında öz həllini tapacaqdı. Xaricdən ölkəyə təlqin edilən inqilabi ideyalar üçün şərait də ortadan qaldırılacaqdı. Türkiyə prezidenti R.T.Ərdoğan da məhz buna görə öz suriyalı həmkarını demokratik islahatlara çağırır, artıq zərurətə çevrilən dəyişiklik prosesinin dinc yolla həyata keirilməsini istəyirdi. Orda da Rusiya eynilə bizdəki kimi Bəşər Əsədin bu cür addım atmasına mane oldu. Bu mənada hər hansı xalqın və hakimiyyətin xaricdə hazırlanan təxribat ssenarilərinə qarşı gücsüz olduğu fikriylə razılaşmaq mümkün deyil. Əksinə, hakimiyyətlər məhz bu cür təhlükələrin qarşısını almaq üçün mövcuddurlar və öz siyasətlərini də buna görə nizamlamalıdırlar.
Fikrinizin yalnız o hissəsiylə razılaşmaq olar ki, Suriyada və İraqda sınaqdan çıxarılmış diversiya qruplarının Azərbaycanda təxribat törətmək ehtimalı istisna deyil. Bilirsiniz ki, Prezidentin köməkçisi Əli Həsənov söyüş kampaniyasında iştirak edən mühacirlərin bu fəaliyyətini “virtual İŞİD-cilik” adlandırdı. Həqiqətən, Suriyada da, İraqda hər şey söyüş, kin-küdurət kampaniyasıyla başladı və sonra İŞİD meydana çıxdı. Yəni bayaq dediyim psixo-tarix elminin nöqteyi-nəzərindən proseslərə baxsaq, əvvəl İŞİD-çilik üçün psixolji zəmin hazırlandı və sonra bu həyata tətbiq olundu.
Üstəlik, Suriyadan və İraqdan çıxarılan İŞİD-in Azərbaycana sızdırılması ehtimalı da məni narahat edir. Yadınızdadırsa, hələ söyüş kampaniyası bu dərəcədə vüsət almamışdan əvvəl sizə verdiyim müsahibədə İŞİD-in ölkəmizə və İranın Əfqanıstan sərhəddinə nəql olunacağı barədə ciddi informasiya aldığımızı bildirmişdim. Yaşanan sonrakı hadisələr də mənim bu informasiyalarımı təsdiqləyir. Söhbət təkcə Əli Həsənovun “virtual İŞİD-çilik” adlandırdığı psixoloji hazırlıqdan - söyüş kampaniyasından da getmir. Bu yaxınlarda Türkiyə rəsmən bəyan etdi ki, Suriyada İŞİD-çilərin böyük qismi yoxa çıxıb. Onların hara aparıldığı barədə məlumat yoxdur. Mümkündür ki, həmin qüvvələr aldığımız məlumatlarda qeyd olunduğu kimi, İran – Əfqanıstan sərhədlərinə və Azərbaycana göndərilsin.
Bizə verilən məlumatlara görə, bu iki ərazidə daxili konfliktlər yaratmaq üçün geopilitik və iqtisadi əsaslar da var. Çünki İran Çinin Sincan əyalətinə neft və qaz kəməri çəkmək istəyir. İranın bu planının qarşısını almaq üçün həmin marşrutun keçdiyi ərazidə konfliktlər yaratmaq lazımdır. Həmin planın tərkib hissəsi kimi ilk növbədə İran-Əfqanıstan sərhədinin seçilməsi bu mənada təsadüfi deyil.
Azərbaycana gəlincə, aldığımız qeyri-rəsmi məlumatlara görə, artıq İŞİD-çilər cənub regionlarımıza yerləşdirilib və yatmış hücrələr kimi əmr gözləyirlər. Bu əmr, komanda gələn kimi hərəkətə keçə bilərlər...
- Sərdar bəy, əgər İŞİD-çilər Azərbaycana və İran-Əfqanıstan sərhədlərinə yerləşdirilibsə, bu təxribatların Rusiya tərəfindən hazırlanması ehtimalı azalır. Çünki Rusiya istər Çinlə, istərsə də İranla regional müttəfiqdir. Digər tərəfdən, hər iki ərazi Çinin 2013-cü ildə rəsmən bəyan etdiyi “İpək yolu” layihəsinin cənub ayağında yerləşir. Bildiyimiz kimi, Azərbaycan da bu layihədə özünəməxsus yer almağa çalışır. Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, İrandan Rusiyaya açılan Cənub-Şimal dəhlizi məhz bu ərazilərdən keçir. Xüsusilə Cənub-Şimal dəhlizi Rusiyanın iqtisadi maraqlarına uyğundur. Bu xətlərin çəkilməsi, ümumiyyətlə tarixi İpək yolunun yenidən bərpası ABŞ-ın maraqlarına ziddir. Çünki son zamanlar iqtisadi böyümə tempi ilə ABŞ-ı haqlayan, hətta keçən Çinin İpək yolu proyektləriylə daha da böyüyəcəyi təxmin olunur. Beləcə, ABŞ-ın iqtisadi sahədə dünya hegemonluğuna son qoyula bilər və bu mənada Vaşinqtonun nigarançılığı başadüşüləndir. Nəzərə alsaq ki, İŞİD də ABŞ-ın əlində alətdir, bəhs etdiyiniz həmin təxribat planlarının əsl müəllifi ortaya çıxır. Siz niyə onda ABŞ-ı yox, Rusiyanı əsas təhdid mənbəyi kimi görürsünüz?
- Əvvəla, bu mən ABŞ-ın təhdid mənbəyi olduğunu istisna etmirəm. Yaxın Şərqdə ABŞ-ın yürütdüyü siyasətlər, ərəb inqilablarının arxasında Vaşinqtonun dayanması indi heç kimə sirr deyil. Sadəcə demək istəyirəm ki, yaxın coğrafiyamıza, o cümlədən Qara dəniz-Xəzər hövzəsinə sahiblik uğrunda iki dünya gücünün arasında mübarizə gedir və biz bu iki təhlükə arasında Rusiyaya ərazi olaraq daha yaxınıq. Yaxın təhlükə isə daha qorxulu olur.
Nə yazıq ki, Azərbaycan hakimiyyətinin bəsirətsizliyi də Rusiyanın imperialist maraqlarını reallaşdırmağa imkan verir. Moskva ABŞ-ın regiona sahiblənməməsi üçün Azərbaycan hökumətinin apardığı yarıtmaz siyasətdən istifadə edib ölkəmizdə vətəndaş qarşıdurması yaratmaq, müstəqilliyimizi təhülkə altında saxlamaq, bizi daha ağır şərtlərlə özündən asılı vəziyyətə salmaq istəyir. Söyüş kampaniyasında iştirak edən hər iki tərəf də ya şüurlu, ya şüursuz şəkildə bu prosesə qoşulublar.
O ki qaldı Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin kimin xeyrinə olmasına, bu arqumentinizlə də razılaşmıram. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ABŞ-dan çox, Rusiyanın maraqlarına ziddir. Məhz bu səbəbdən də həmin marşrut planlaşdırılandan 10 il gec çəkildi. Bilirsiniz ki, BTQ layihəsi 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin birgə imzaladığı müqavilə əsasında ərsəyə gətirilib. Həmin müqaviləyə görə, dəmir yolu xətti 2008-ci ilin axırında  tamamlanmalıydı. Hardasa, 900 km-ə yaxın uzunluğu olan həmin dəmir yolu yalnız 2017-ci ilin sonlarında tamamlandı. Düz, 9 il sonra. Əsas səbəb isə Rusiyanın 2008-ci ilin ortalarında Gürcüstanın bəzi ərazilərini işğal etməsilə bağlıdır. Rusiya həmin vaxt BTQ dəmir yolu xəttinin bir neçə km-liyinə qədər gəlib çıxmışdı. Gürcüstan-Rusiya arasında konfliktin yaranması layihədarların öz işini dayandırmasıyla nəticələndi. Hətta bəzi ekspertlər məhz bu faktı əsas gətirib Rusiyanın Gürcüstan torpaqlarını ilhaq etməsinin əsas səbəbini BTQ xəttinə maneçilik yaratmaq istəyiylə izah etmişdilər. Bu xətdə bir də işlərin başlanması Rusiya-Türkiyə arasındakı münasibətlərin yaxşılaşdırılmasından sonralara təsadüf edir. Amma Rusiyanın təcavüzkar təhdidləri BTQ-nin bundan sonra da effektli fəaliyyət göstərməsinə mane ola bilər.
Rusiyanın BTQ-nin çəkilməsini arzulamamasının bir çox səbəbləri var. Başlıca səbəblərdən biri də yeni İpək yolunun Rusiyadan keçməsi perspektividir. Bu gün faktiki olaraq həm Əfqanıstanda, həm də Azərbaycanda İŞİD-in gücləndirməsi bu mənada Rusiyanın maraqlarına qulluq edir. Çünki hər iki ərazidə konfliktlərin baş verməsi faktiki olaraq tarixi İpək yolu marşrutunun dəyişməsilə nəticələnə, Çində istehsal edilən məhsullar Qazaxıstana, ordan isə Rusiyaya keçməklə Qərbə çatdırıla bilər. Qazaxıstan rəsmiləri bu il İpək yolundan ən azı 5 milyard dollar qazanacaqlarını və hər il bu qazancın artacağını etiraf edirlər. Azərbaycan və ya İpək yolunun cənub ayağının bağlanması nəticə etibarilə həmin malların Rusiyadan keçərək Qərbə nəqlini şərtləndirə, itirən isə İran, Türkiyə və Azərbaycan ola bilər.
Digər tərəfdən Azərbaycanda ara qarışarsa, təkcə Rusiya ölkəmizə hərbi təcavüz etməyəcək. Rusiyanı bəhanə gətirən ABŞ da öz qoşunlarını ölkəmizə yeridəcək. Yəni Azərbaycanda vəziyyətin qarışması hər iki imperialist qüvvənin işinə yarayır. ABŞ Rusiyanı bir neçə cəbhədə konfliktə çəkməklə zəiflətmək, Rusiya isə öz tarixi imperiya sərhədləri arasında gördüyü əraziləri əldən vermək istəmir.
- Haqlısınız. Məni bir məsələ də düşündürür. Bir halda ki, Azərbaycanda aranın qarışması Rusiyanın maraqlarına uyğundur, həmin söyüş kampaniyasının bir qanadının Avropaya sığınmasına niyə “qoca qitə” icazə verir?
- Burada iki məsələ var: hüquqi və siyasi amillər. Hüquqi cəhətdən Avropa ölkələri BMT-nın müxtəlif konvensiyalarına əsasən, mühacirləri öz ərazisində yerləşdirməyə bilməz və o ölkələrdə mühacirlərin siyasi fəaliyyəti qadağan deyil. Baxmayaraq ki, həmin adamlar siyasi mübarizə yox, Azərbaycan ictimai siyasi güçlərinə, sosial qruplara, ziyali və din xadimlərinə bir sözlə bütün cəmiyyətə qarşı təhqir kampaniyası aparırlar. Beləliklə, həmin kampaniya təkcə hakimiyyətə qarşı yönəlmir, ölkənin müxtəlif kəsimlərini hədəfə alır. Bəzən elə qızışırlar ki, xalqı xüsusən qaçqınları belə təhqir etməkdən çəkinmirlər. Əlbəttə, Avropaya sığınan həmin mühacirlərin söyüş kampaniyasıyla Azərbaycanda vətəndaş qarşıdurmasının psixoloji əsaslarını yaratmaq cəhdləri mahiyyət etibarilə nə faydalandıqları beynəlxalq hüquqa, nə də Avropa ölkələrinin Azərbaycanla qarşılıqlı əlaqələrinə uyğundur.
Siyasi amillərə gəlincə, rəsmi Bakının bir çox qeyri-demokratik addımları, xüsusilə məhkəmələrin vicdan məhbuslarına yanaşma tərzi, hökumətimizin Avropa İttifaqı dəyərlərindən üz dönərməsi, nəhəng korrupsiya əmələri beynlxalq öhdəliklərin yerinə yetirilməsindən imtina etməsi  istər-istəməz Qərb ölkələrinin Azərbaycan hakimiyyətilə münasibətlərini korlayıb. Onlar artıq Azərbaycan hakimiyyətinin irəli sürdüyü arqumentlərə inanmırlar. Digər tərəfdən, Avropanın hüquq və siyasi ənənələrində ədalətli məhkəmə sistemi olmayan ölkələrin qaldırdığı hüquq iddialara əhəmiyyət verilməməsi vərdişlərini formalaşdırıb. Onlar hətta Azərbaycan hakimiyyətinin iddialarının haqlı olduğuna inansalar belə, öz ölkələrinə sığınan mühacirləri deportasiya edə bilməzlər. Çünki həmin mühacirlərin Azərbaycana ayaq qoyduqları anda hüquqi əsaslarla mühakimə olunacaqlarına da inanmırlar və təbii ki, siyasi dustaqların siyahısını artıqlamaq istəmirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyət qarşısında yenidən inandırıcılıq qazanmaq, əvvəlki nüfuzunu bərpa etmək üçün təxirəsalınmaz bəzi islahatlar həyata keçirməlidir. Bu islahatlar məhkəmə sistemini və hüquq mühafizə orqanlarını da əhatə etməlidir. Yalnız bundan sonra hakimiyyətin Azərbaycana qarşı təxribat planı həyata keçirən həmin qüvvələri Avropadan tələb etmək olar.
-Sərdar bəy, yeri gəlmişkən, sizin də qatıldığınız debatda prezidentliyə namizədlərdən biri (düzdür, o fikri Hafiz Hacıyev səsləndirdi) çox ciddi bir məsələyə toxundu. Dedi ki, həmin mühacirlərə qarşı Azərbaycana düşmən qüvvələrin terror aktı törətmək ehtimalı var. Əgər həmin ehtimal doğrulsa, sui-qəsdin məsuliyyəti rəsmi Bakının üzərində qala bilər. Mühacirlər bu fikri hakimiyyətin təhdidi kimi qəbul etsələr də, açığını desəm, mən kifayət qədər ciddi qiymətləndirdim. Həqiqətən də xarici güc mərkəzlərinin Azərbaycanı qarışdırmaq niyyəti varsa, bu metod hədəfə gedən ən qısa yol kimi görünür. Sizcə, hakimiyyət narahatlıq doğuran ciddi təhlükələri niyə qeyri-ciddi adamlar vasitəsilə verir ki, bu da hökumətin öz təhdidi təəssüratı yaratsın?
-Mən deyə bilmərəm ki, bu fikirlər həmin prezidentliyə namizədin öz fikridir, yoxsa o, hökumətin sözçüsü kimi danışır. Amma məsələ burasındadır ki, həmin ehtimal istisna edilə bilməz. Avropada oturub Azərbaycanı söyən uşaqlar bu işi planlaşdıranların əlində vazkeçilməz, yerləri doldurulmaz adam deyillər. Əksinə, loru dildə desək, onlar şahmat taxtasının piyadalarıdır. Lazım gələndə kiçik məqsədlər üçün piyadalar qurban verilir.
Söyüş kampaniyası aparan həmin mühacirlər hər hansı siyasi hədəf də qarşılarına qoymayıblar. Əks halda, hansısa partiyanın, siyasi qurumun üzvü olardılar. Sizə sual vermək istəyirəm: bu söyüş kampaniyasını aparan həmin şəxslər hansı siyasi partiyanın üzvüdürlər? Özləri etiraf edirlər ki, heç bir siyasi qurmda təmsil edilmirlər. Siyasi mübarizə aparan insanların hakimiyyətə gəlmək məqsədləri olur. Heç bir siyasi qurumun üzvü deyillərsə, bu ritorika ilə hətta indiki iqtidar dəyişilsə belə, onların hakimiyyətə gəlmək şansları varmı? Əlbəttə yox.
Deyə bilərlər ki, bizim Azərbaycanda qohum-əqrəbalarımız əzilir, haqları tapdalanır, biz də buna görə söyüş savaşı aparırıq. Halbuki, onların kampaniyası bu gün nəticə etibarilə qohum əqrəbalarını çətin vəziyyətdə qoyur. Sabah isə ölkədə vətəndaş qarşıdurması yaranarsa, ilk zərbəni yeyənlər yenə onların yaxınları, qohumları ola bilər. Deməli, həmin kampaniyada iştirak edənlərin məqsədləri qohum-əqrəbalarının güzaranını düzəltmək də deyil. O zaman ortada yeganə versiya qalır: bu adamlar hansısa güclərin əlində alətə çevriliblər. Bütün kəşfiyyat orqanlarının istinad etdikləri yazılmamış bir qanun var: öz missiyasını tamamlayan bütün vasitələr əlavə yükə çevrilməməsi üçün sıradan çıxarılırlar. Üstəlik, həmin sıradan çıxarılma qlobal siyasi güc mərkəzlərini  hədəfə bir addım yaxınlaşdırarsa, tərəddüd belə etməzlər...
-Bununla da Azərbaycana terrorçu dövlət yarlığı yapışdırıla bilər.
-Azərbaycana təkcə terrorçu dövlət yapışdırmaq kifayətlənməzlər, ölkəmizin digər dövlətlərlə münasibətlərini pisləşdirə bilərlər. Məsələn, İngiltərədə Rusiyanın bir sabiq kəşfiyatçısına sui-qəsd düzənləndi. Özü də yalnız Rusiyada istehsal olunan zəhərlə. İndi biz bilmirik ki, bunu Rusiya, yoxsa başqa qüvvələr həyata keçirdi. Ancaq Rusiyanın təcrübəsində bənzər qətllər olduğu üçün şübhələr onun üzərində cəmləşdi. Ardınca bir çox dövlətlər Rusiyaya qarşı sərt tədbirlərə əl atdı. Əgər buna bənzər sui-qəsdlər mühacirlərə qarşı da törədilsə, bütün  variantlarda uduzan tərəf biz ola bilərik.
Bayaq da dediyim kimi, bütün sosial kataklizmlərdə pamflet mərhələsindən sonra iğtişaşlar, stabilliyin pozulması mərhələsi gəlir. Bunun üçün isə hansısa bəhanələr hazırlanmalıdır. Məsələn, Tunisdə bir adamın özünü yandırması ölkədəki bütün narazıları meydana tökdü. Bənzər hadisənin Suriyada da yaşandığını müşahidə etdik. Yaxud I Dünya müharibəsi bir sui-qəsd bəhanə edilərək başladı. Bu mənada Avropadakı söyüş söyən mühacirlərdən birinin başına bir şey gəlsə, bu, həqiqətən də Azərbaycan ictimaiyyətində ciddi dalğalanma yarada bilər. Çünki Azərbaycan ictimaiyyəti elə bilir ki, bu adamlar vətənpərvərdirlər. Halbuki, onlardan biri açıq şəkildə etiraf edir ki, Azərbaycanda olarkən deputatlardan birinin imkanlarından faydalanıb şantajla pul qazanırmış. Şantajla pul qazanmaq hara, siyasət, demokratik mübarizə hara? Digərlərinin də kimliyi araşdırılsa, bəlkə bənzər neqativliklər ortaya çıxar.
Söyüş kampaniyasında iştirak edənlər yalnız hakimiyyəti hədəfə almirlar. Bu gün prezident seçkilərinə qatılanlar da ən az hakimiyyət qədər söyülürlər. Bəzən sosial medaida özüm haqqında da yazılan söyüşlərə rast gəlirəm. Onların fikrincə, mənim yeganə günahım seçkidə iştirak etməkdir. Seçkidə iştirak hər bir vətəndaşın konstutision hüququdur və bu hüquqa hörmət etmək əvəzinə, bu hüquqdan istifadə etdiyimə görə  söyüşlə, təhqiramiz ifadələrlə qarşılamağım nə dərəcədə məntiqlidir? Yaxud Razi Nurullayevin haqqında elə təhqiramiz sözlər işlədirlər ki, tarixdə bu cür söyüşlərə rast gəlinməyib. Məsələn, Razi Nurullayevin rəhmətə getmiş anası barədə elə təhqiramiz ifadələrlə yazırlar ki, oxuyanda adam  iyrənir. Bu hərəkət həm də milli və dini dəyərlərin tapdanmasi deməkdir. Belə bir aforizm var: “cinayət törətmiş bütün qadınlar ana olunca əfv edilməlidirlər”. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün bəşəriyyət anaya bu cür yüksək qiymət verib, verməkdədir. Seçkidə iştirak etdiyinə görə bir insanın rəhmətə getmiş anasını söymək hansı əxlaqa sığar?
-Əlbəttə, əxlaqi deyil. Ümumiyyətlə, söyüş əxlaqi ola bilməz, o ki qala adi bir hadisə üçün ana söyülə. Amma Sərdar bəy, gəlin, onunla da razılaşaq ki, bir çox hallarda namizədlər də özlərini namizəd kimi aparmırlar. Məsələn, namizədsən, rəqiblərinə qarşı mübarizə apar, yaxud öz platformanı bəyan et. Müxalifət adına iddia edən namizədlər isə yeri gəldi-gəlmədi müxalifəti tənqid edirlər. Bəzən tənqidlərdə ədalət ölçüsü də itir. Bu da istər-istəməz sərt təpkilərə yol açır...
-Bu, bəyəm imkan verir ki, kiminsə anasını təhqir edəsən? Bütün bu söyüş kampaniyasına baxmayaraq,  nə özümüz, nə tərəfdarlarimiz onlara adekvat çavab vermirik və verməyəcəyik də. Bununla da, bu kampaniyanın milli maraqlara uygun olmadığını bir daha göstərmək istəyirik.
-Sərdar bəy, amma müxalifətə müxalifətçilik edə-edə müxalifət adından danışmaq və hakimiyyətə mədhiyyələr söyləmək də heç bir ölçüyə sığmır.  Üstəlik, hədəfə götürdüyün müxalifət lideri səninlə seçki marafonunda rəqib belə deyil...
-Əvvəla, o debatlar çox qısa zamanlıdır. 7 dəqiqə vaxt verilir və sən bu müddət ərzində həm hakimiyyəti tənqid etməli, həm də öz platformanı ortaya qoymalısan. Bu da mümkün deyil. Məsələn, axırıncı debatda mən milli təhlükəsizlik məsələsiylə əlaqədar fikirlərimi tam mənasıyla dilə gətirə bilmədim. Hətta bu məsələylə əlaqədar bəzi komponentlərin adını da çəkib qurtara bilmədim. Çünki vaxt çatmır. Üstəlik, mövzunu da MSK müəyyənləşdirir. Sən istədiyin mövzuda danışa bilmirsən. Hərçənd bütün dünyada belədir. Amma xarici ölkələrdə namizədlərə geniş vaxtlar verilir. Pullu efir dəqiqələri bizdəki kimi ölkə stadartlarıyla müqayisədə astoronomik səviyyədə deyil və namizədlər öz fikirlərini daha əhatəli səsləndirə bilirlər.
O ki qaldı namizədlərin mövzudan kənara çıxmalarına və daha çox öz fərdi problemlərini gündəmə gətirmələrinə, hər bir namizəd təmsil etdiyi təşkilatın məram və niyyətini ortaya qoymağa çalışır. Məsələn, Razi Nurullayev siyasətə yeni gəlmiş adamdır. Onun bu seçkilərə qatılmasının yeganə səbəbi AXCP-yə sahib çıxmaqdır. Bir atalar sözü var: niyyətin hara, mənzilin ora. Ona görə də hər kəs öz niyyətini debatlarda reallaşdırmağa çalışır.
Mənim diqqətimi cəlb edən isə başqa bir məsələdir. Bilirsiniz ki, namizədlərdən 4-ü – Razi Nurullayev, Fərəc Quliyev, Hafiz Hacıyev və Qüdrət Həsənquliyev AXCP-dən ayrılıblar və əvvəlki hakimiyyətin təmsilçiləridirlər. Digər bir namizəd Araz Əlizadə isə AXC hakimiyyəti haqqında çox açıq şəkildə ağır ittihamlar irəli sürür. Amma AXC-nin siyasi mirasçılığına iddia edənlər onun ittihamlarına cavab vermirlər, xalqı isə özlərinə səs verməyə çağırırlar. Adama deyərlər ki, sən hələ keçmişin haqqında ittihamlara aydınlıq gətir, sonra camaatdan səs istə. Adama deməzlərmi ki, ay Fərəc Quliyev, sən AXC hakimiyyətinin Əli Əhmədovu idin, Elçibəy hakimiyyəti həqiqətən də bu xalqa xəyanət edibsə, sənin məsuliyyətin nə qədərdir? Xəyanət etməyibsə, niyə ittihamlar qarşısında susursan? Axı susmaq razılıq əlamətidir. Görürsən, Əli Əhmədov İlham Əliyevi necə müdafiə edir? Sən susursansa, belə çıxır ki, Araz Əlizadənin dedikləri haqdır. Elədirsə, sənin bu seçkilərdə iştirak etməyə nə kimi mənəvi haqqın var?
Yaxud eyni sözləri Qüdrət Həsənquliyev haqqında da demək olar. Çünki o da Elçibəy hakimiyyəti dövründə çox yüksək vəzifə daşıyırdı. O da deyə bilməz ki, bütün komanda xəyanətkar, mən isə düz yolda idim.
Razi Nurullayev AXC hakimiyyətində təmsil olunmasa da, hər halda Elçibəyin siyasi mirasçılığına iddialıdır. Elçibəyi özünün idealı bilən insanları özündə birləşdirən təşkilata rəhbərlik edir, amma ittihamları sükutla qarşılayır, elə bil deyilənlərin buna aidiyyatı yoxdur. Bunun əksinə, hökumət haqqında ən kicik tənqidə belə hakimiyyət nümayəndəsi dərhal çavab verir.Debatlarda əsl paradoksal olan vəziyyətləri də budur.
-Bayaq adını çəkməsəniz də, əməlindən danışdığınız Vidadi İsgəndərli çox önəmli bəyanat verdi. O, hakimiyyətdə müəyyən dairlərlə danışıqlar apardığını, atasının məzarını təhqir edənlərin sərt şəkildə cəzalandırılacağına dair hakimiyyətdən zəmanət aldığını və müvəqqəti olaraq təhqir kampaniyasını dayandırdığını bildirdi. Sözsüz ki, hər hansı cinayət əməlinə qarşı dövlət tərəfindən müvafiq ölçülərin götürülməsi müsbət haldır və qanunun tələbidir. Amma qanunun tələbinin ölkə rəhbərliyinin göstərişi ilə, özü də bu cür şantajdan sonra yerinə yetirilməsi istər-istəməz belə bir qənaət formalaşdırır: mövcud hakimiyyət ancaq bu cür ritorikadan anlayır və onunla təhqiramiz tərzdə danışmaq lazımdır. Sizcə, bu problem niyə vaxtında həll olunmur, ölkə rəhbərliyinin göstərişi gözlənilir? Ən əsası isə, gecikmiş geriçəkilmələr narazı kütləni təhqir kampaniyasına həvəsləndirmək deyilmi?
-Söyüş kampaniyası xarici güclər tərəfindən idarə olunur. Ona görə də həmin oyuna girənlər nə geri çəkilə, nə də fəaliyyətlərini zəiflədə bilərlər. Kim ki bu kampaniyanın başladılması barədə göstəriş veribsə, yalnız o, təhqir hücumlarını dayandırmaq imkanına malikdir . Kampaniyanın icraçıları kimdir ki, nəyəsə zəmanət versin...
-Başa düşürəm, amma bəzən gecikmiş addımlar hərəkətsizlikdən daha böyük problemlər yarada bilər. Sizcə, hakimiyyətin bu gecikmiş addımı nə dərəcədə rasionaldır?
-Mən də onu deyirəm. Demək istədiyim odur ki, hakimiyyətkilər də hər halda məsələnin mahiyyətini anlayırlar və icraçılarla danışıqlar aparmazlar.
O ki qaldı bu təhqir hadisəsinin araşdırılmasına və müvafiq ölçülər götürülməsinə, bunlar adi prossesual qaydadır. Azərbaycan qanunvericiliyə görə, qəbirlərin təhqir olunması cinayətdir və bu əməli törədənlər cəzalandırılmalıdırlar. O cümlədən xaricdə oturub ölkə siyasilərini təhqir edənlərin əməlləri də cinayətdir. Tutaq ki, hüquq mühafizə orqanları onları himayə altında olduqlarına görə cəzalandıra bilmir.  Amma burdakı məlum cinayəti törədənlərin əməli mütləq öz hüquqi qiymətini almalıdır. Hətta Vidadi İsgəndərlinin bu barədə hüquq mühafizə orqanlarına müraciət etməsinə də ehtiyac yoxdur. Respublika Prokurorluğu bu faktı bilən kimi cinayət işi qaldırmalıdır.
Amma Azərbaycanda hüquq mühafizə orqanları o qədər bərbad vəziyyətdədir ki, öz funksiyasını yerinə yetirə bilmir. Bu da milli təhlükəsizliyimiz üçün problem yaradır. Çünki milli təhlükəsizliyimi təmin orqanlardan  biri də hüquq mühafizə orqanlarıdır. Son debatda vaxt çatmadığı üçün bunun üzərində dayana bilmədim. Əgər Cinayət Məcəlləsinin, Cinayət Prossesual Məcəlləsinin, Konstitusiyanın hər hansı müddəası pozulursa və hüquq mühafizə orqanları qanun pozuntularına qarşı aktiv və effektli mübarizə aparmırsa, bu o deməkdir ki, Azərbaycan dövlətinin milli təhlükəsizliyi çox böyük təhdid altındadır.
-Yəni siz hüquq mühafizə orqanlarının yarıtmaz fəaliyyətini də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirsiniz?
-Əlbəttə. Milli təhlükəsizliyin 5  orqanı var:
1. MTN,
2. Milli ordu,
3. Səhiyyə sistemi,
4. Hüquq mühafizə orqanları,
5 Maliyyə orqanlari .
Bizim hakimiyyətdəkilər isə milli təhlükəsizlik deyiləndə yalnız MTN-ni başa düşürlər. Halbuki, səhiyyə sistemi də birbaşa milli təhlükəsizliyin əsas elementidir. Bilirsiniz ki, sovet hakimiyyəti dövründə bakteroloji silahlara qarşı mübarizə əsas prioritetlərdən biriydi və bu məsələ Səhiyyə Nazirliyinin birbaşa nəzarəti altında idi. Çünki bakteroloji silah deyəndə içməli suların zəhərlənməsi, düşmən dövlətin ərazisinə müxtəlif öldürücü virusların yayılması nəzərdə tutulur və buna qarşı mübarizəni də yalnız tibb mütəxəssisləri apara bilərlər.
-Sərdar bəy, siz Azərbaycanı gözləyən böyük təhlükədən çıxış yolunu nədə görürsünüz?
(Ardı var)
Söhbətləşdi: Heydər Oğuz,
“Hürriyyət”