İranın çirkin niyyəti və “sapı özümüzdən olan baltalar” - VİDEO

Baxış sayı:
163

Və yaxud Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa çalışan ünsürlərin menyüsünə
Azərbaycanın orta təhsil müəssisələrində baş örtüsünün qadağan olunması gündəmin ən aktual mövzusu olaraq qalır. Bəlli olduğu kimi, dövlətimiz adından qəbul olunan bu qərar təkcə ölkə daxilində deyil, bir sıra qonşu dövlətlərdə, xüsusilə də qardaş Türkiyədə və İran İslam Respublikasında günlərdir müzakirə olunmaqdadır. Hətta belə demək mümkündür ki, bu məsələ artıq müzakirə müstəvisini də aşıb və yerini ölkəmizə qarşı hücumlara, açıq təhdidlərə və təhqir dolu kampaniyalara verib.
Ən üzücü hal odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsindəki bir sıra şəxslər tərəfindən də dövlətimizə qarşı hədyanlar səsləndirilməkdədir.
Təbii ki, bu kimi çatlaq səslər iki qardaş ölkənin münasibətlərinə heç bir xələl gətirə bilməz. Məsələnin üzücü tərəfi odur ki, belə məsuliyyətsiz davranışlar illərdir Azərbaycan və Türkiyənin arasını vurmağa çalışan, Türk Birliyindən əndişəyə düşən bir çox düşmən qüvvələri hərəkətə gətirib. Onlar yaranmış fürsətdən istifadə edərək, iki qardaş xalqı üz-üzə qoymağa, dövlətlərimiz arasındakı min illik bağı sarsıtmağa çalışırlar.
Bu qüvvələr arasında Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin dəsti-xətti açıq görünsə də, burada İrandakı molla rejiminin fəaliyyəti də qabarıq hal alıb. Yeganə fərq ondadır ki, birincilər Azərbaycanı qardaş Türkiyə üzərindən vurmağa çalışsa da, ikincilər ölkəmizin daxilində illərlə bəslədikləri “yatan hücrələri” oyadıblar.
Ən qəribəsi isə odur ki, bu dəfə ənənəvi olaraq Tehranda səsləndirilən hədə-qorxu bəyanatları nisbətən arxa plana keçib. İndi molla rejimi Azərbaycana qarşı açıq hücum taktikasını işə salıb. Və arzuolunmaz haldır ki, yenə “sapı özümüzdən olan baltalara” bu hücumda aktiv rol verilib...  
Son günlər baş verən hadisələr onu göstərir ki, İran irticası dövlətimizin dayaqlarını bütün mümkün vasitələrlə sarsıtmağa, vətəndaşlar arasında qarşıdurma yaratmağa çalışır. Əlbəttə, molla rejiminin bu niyyəti heç bir halda baş tutmayacaq. Buna baxmayaraq, bir qrup vətəndaşımızın bu işdə alət olması, fars rejiminin dəyənəyinə çevrilməsi çox üzücüdür.
Bu gün hicabdan deyil, təhsildən imtina edən vətəndaşlarımız bilməlidir ki, əslində, fars rejiminin məqsədi də məhz budur. Onlar Azərbaycanda savadlı və sağlam düşüncəli toplumun olmasında maraqlı deyillər. Çünki savadlı, yüksək dünya görüşünə malik insanları idarə etmək mümkün deyil. Odur ki, illərdir Azərbaycanda təhsilə qarşı savaş elan ediblər.
Şübhəsiz, Azərbaycan dövlətinin təhsil müəssisələrində hicab qadağasını gündəmə gətirməsi də molla rejimi üçün yaxşıca fürsət oldu. Ən acınacaqlısı isə odur ki, illərdir bəzi Bakı kəndlərində qız övladlarını 4-cü sinifdən sonra məktəbə qoymayan, hətta bir çox hallarda onları mədrəsəyə göndərən zavallı insanlar bu gün övladlarının dırnaq arasında “təhsilsiz qalmasına” etiraz edirlər. Halbuki, onların niyyəti heç də qızlarının gələcəyi deyil. Bu zatlar özlərini daha çox İran mollalarının “gözünə soxmaq üçün” yarışırlar.
Lakin istər İrana bağlı bu qüvvələr, istər Tehranda və Qumda oturan mollabaşlar, istər də qardaş ölkə üzərində Azərbaycanı hədəfə alan yadelli ünsürlər bilməlidir ki, onlar nə Türkiyə-Azərbaycan qardaşlığını, nə də Azərbaycan xalqının dövlətlə olan bağını sarsıdacaq gücdə deyillər və yüz illər keçsə də, öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqının 44 günlük savaşda sərgilədiyi birlik modeli bu gün də mövcuddur və heç bir qüvvə bu birliyə qarşı çıxacaq iradəyə sahib deyil.
Ayxan HƏSƏNLİ
Xüsusi olaraq “Qafqaz media” üçün