ADP hökumətin hicabla bağlı qərarını dəstəklədi - BƏYANAT

Baxış sayı:
139

ADP İdarə Heyətinin 5 və 12 oktyabr 2026-cı il tarixli toplantılarında ölkədə vahid məktəbli formasının tətbiqi ilə əlaqədar yaranmış narahatlıqlar, hicab məsələsi ətrafında aparılan müzakirələr və bu mövzunun beynəlxalq müstəvidə siyasi məqsədlərlə gündəmə gətirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb.
ADP hesab edir ki, vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində ümumi qaydaların, intizamın və bərabərliyin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. Partiya Azərbaycan hökumətinin vahid məktəbli forması ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyir və bu məsələnin siyasi qarşıdurma predmetinə çevrilməsini məqsədəuyğun hesab etmir.
ADP hicab məsələsindən istifadə etməklə Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında dini azadlıqlara qarşı çıxan ölkə kimi təqdim olunmasına yönəlmiş kampaniyaların narahatlıq doğurduğunu bildirir. ADP eyni zamanda hesab edir ki, təhsil qaydaları ətrafında yaranmış mübahisələr obyektiv və hüquqi müstəvidə müzakirə edilməli, ölkəmizə qarşı qərəzli siyasi təbliğat vasitəsinə çevrilməməlidir.
ADP qardaş Türkiyədə müəyyən islamçı qruplar tərəfindən Azərbaycana qarşı keçirilən aksiyalarda, eləcə də İranda bəzi dairələrin hicab məsələsindən istifadə edərək Azərbaycanda gərginlik yaratmaq və təxribat xarakterli addımlara zəmin hazırlamaq cəhdlərində siyasi məqsədlərin güdülməsi ilə bağlı narahatlığını ifadə edir. ADP dini inanclardan və həssas ictimai məsələlərdən siyasi təzyiq, qarşıdurma və Azərbaycanın daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə olunmasını yolverilməz hesab edir və bu cür cəhdləri pisləyir.
ADP bəyan edir ki, vahid məktəbli forması ilə bağlı dövlət qərarını dəstəkləməklə yanaşı, bu məsələdən ölkəmizə qarşı siyasi manipulyasiya vasitəsi kimi istifadə edilməsinə qarşıdır. Partiya hesab edir ki, təhsil siyasəti milli maraqlar, hüquqi prinsiplər və cəmiyyətin sabitliyi çərçivəsində müzakirə edilməli, Azərbaycan xalqının iradəsinə və ölkəmizin daxili işlərinə kənardan təsir göstərmək cəhdlərinə yol verilməməlidir.
Muxalifet.az