​Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura biləcək addımlardan çəkinin...

Baxış sayı:
486

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda regionda, dünyada və Azərbaycanda baş verən bir sıra ictimai-siyasi hadisələr ətrafında geniş müzakirələr aparılıb və partiyanın mövqeyi ifadə olunub.
İlk olaraq Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər aparılan müzakirələrə toxunulub. Qeyd edilib ki, Azərbaycan Prezidentinin ötən həftəki çıxışından sonra iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə yönəlmiş müxtəlif açıqlamalar və kampaniyalar müşahidə olunur. İdarə Heyəti hesab edib ki, həmin çıxış Azərbaycan qarşısında yaranan xarici təhdid və təzyiqlər kontekstində qiymətləndirilməlidir və onun Azərbaycan-Türkiyə münasibətlərinə heç bir aidiyyəti yoxdur.
İdarə Heyəti qeyd edib ki, Azərbaycan və Türkiyə tarixi, milli və mənəvi bağlarla bir-birinə bağlı olan qardaş və strateji müttəfiq dövlətlərdir. Bu münasibətlər ayrı-ayrı siyasi açıqlamalardan, sosial şəbəkə kampaniyalarından və aksiyalardan asılı olacaq qədər kövrək deyil. İdarə Heyəti iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə yönəlmiş kampaniyaları tənqid edib, hər iki tərəfdə belə təşəbbüslərdə iştirak edən şəxsləri Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.
Müzakirələr zamanı Azərbaycanı İsrailin Fələstində apardığı müharibəyə guya dəstək verməkdə ittiham edən yanaşmaların da yolverilməz olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycanın Fələstin məsələsi ilə bağlı konkret mövqeyi mövcuddur və Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində iki dövlətli həll prinsipinə əsasən nizamlanmasını dəstəkləyir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan öz xarici siyasətini milli və dövlət maraqlarına uyğun şəkildə müəyyən etmək hüququna malikdir.
İdarə Heyəti son günlər hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı yaranan müzakirələrə də münasibət bildirib. Qeyd edilib ki, bu məsələdən istifadə etməklə ölkə xaricində olan bəzi dini dairələrin Azərbaycanda dini zəmində gərginlik yaratmaq cəhdləri yolverilməzdir. Müzakirə iştirakçıları qeyd ediblər ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər bir şəxsin dini etiqadına və inancına hörmətlə yanaşılmasını təmin etməlidir. Eyni zamanda məktəblərdə tətbiq olunan vahid geyim formasının tələblərinə də hörmət edilməsinin vacibliyi vurğulanıb. Problemin qarşıdurma deyil, ortaq məxrəcə gəlmək yolu ilə həll edilməsinin daha məqsədəuyğun olduğu bildirilib və bu çərçivədə hicablı qızların təhsil ala biləcəyi xüsusi orta məktəblərin yaradılması təklifi səsləndirilib.
Toplantıda son zamanlar Gürcüstan Patriarxının Azərbaycan ərazisində yerləşən kilsə ilə bağlı açıqlamaları və Gürcüstanda Azərbaycan bayrağına qarşı törədildiyi bildirilən təxribat xarakterli hadisələr müzakirə olunub. İdarə Heyəti hesab edib ki, belə hallar iki ölkə arasında mövcud olan yaxın qonşuluq münasibətlərinə xələl gətirməyə və Cənubi Qafqazda yeni qarşıdurma ocağı yaratmağa çalışan rusiyapərəst qüvvələrin maraqlarına xidmət edə bilər. İdarə Heyəti Gürcüstan hökumətini iki ölkənin münasibətlərinə zərər vura biləcək bu cür halların qarşısının alınması istiqamətində adekvat tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsində son günlər davam edən gərginliklə bağlı da fikir mübadiləsi aparıb. Qarşılıqlı zərbələrin davam etməsi və hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı səsləndirilən bəyanatların müharibənin sülh yolu ilə həlli perspektivləri baxımından ciddi narahatlıq doğurduğu bildirilib. Hərbi eskalasiyanın genişlənməsinin region dövlətləri üçün də əlavə təhlükəsizlik riskləri yarada biləcəyini qeyd edən müzakirə iştirakçıları beynəlxalq ictimaiyyəti münaqişənin sülh və diplomatik yollarla həlli üçün daha həmrəy və təsirli mövqe nümayiş etdirməyə çağırıb.
Toplantıda Rusiya-Azərbaycan münasibətləri də müzakirə olunub. İdarə Heyəti Rusiyanın Cənubi Qafqazda mövqelərini yenidən gücləndirmək istiqamətində səylər göstərdiyini qeyd edib. Bu kontekstdə Rusiya tərəfindən Xəzərsahili ölkələrə pilotsuz uçuş aparatlarının satışı ilə bağlı təkliflərin səsləndirilməsi də müzakirə olunub. Bildirilib ki, Azərbaycanın bu sahədə Türkiyə və İsraillə əməkdaşlığı və kifayət qədər təcrübəsi mövcuddur. Bu səbəbdən hərbi sahədə əməkdaşlıq məsələsində Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları əsas götürülməlidir.
Eyni zamanda Rusiya ilə iqtisadi əməkdaşlığın davam etdirilməsinin mümkünlüyü qeyd olunub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən müzakirə iştirakçıları qeyd ediblər ki, Azərbaycan bu layihədə yalnız ölkənin müstəqilliyi və suverenliyinə tam hörmət və təminat əsasında iştirak edə bilər. İdarə Heyəti hesab edib ki, Rusiya ilə iqtisadi münasibətlərin yalnız bu prinsiplər əsasında inkişaf etdirilməsi Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğundur.
Muxalifet.az