3 MİLYON VƏTƏNDAŞI DÜŞÜNDÜRƏN SUAL - Niyə Avropada 7%, Azərbaycanda 15%-dir?

Bu ilin iyun ayının əvvəlinə olan rəsmi məlumata görə, Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi 14,30% təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,65 faiz bəndi artaraq 13,65%-dən 14,30%-ə yüksəlib. Son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 15,04%-dən 15,65%-ə, xarici valyutada isə 5,66%-dən 5,75%-ə yüksəlib. Verilən kreditlərin 75,7%-i (23,4 milyard manat) Bakının payına düşüb və paytaxtda orta kredit faizi 12,92 olub. Ən yüksək orta faiz dərəcəsi isə Dağlıq Şirvan iqtisadi rayonunda – 20,54% qeydə alınıb.
Hazırda Azərbaycanın bank sektorunda ümumi kredit portfelinin həcmi 30 milyard manata yaxınlaşır. Mövcud kredit portfelinin əsas hissəsini biznes və istehlak kreditləri təşkil edir və onların payı təxminən 80 faiz səviyyəsindədir. İpoteka kreditləri isə ümumi portfelin təxminən beşdəbirini, yəni 20 faizini əhatə edir. Ölkə əhalisinin 20-25 faizi banklar qarşısında kredit öhdəliyinə malikdir. Bəzi hesablamalarda bu göstəricinin 30 faizə qədər yüksəldiyi bildirilir. Ümumilikdə isə Azərbaycanda 3 milyona yaxın vətəndaşın banklardan kredit götürdüyü bildirilir.
Cari ilin iyul ayına aid olan məlumata görə, nağd pul kreditləri üzrə bankların təklif etdiyi başlanğıc faiz dərəcələri isə belə olub:
- “Yelo Bank” - 400–50 000 manat, 6–59 ay, 8,9%-29%
- “Unibank” - 300–70 000 manat, 60 ayadək, 9% -30%
- “AccessBank” - 500–50 000 manat, 6–48 ay, 9,5% -24%
- “Rabitəbank” - 50 000 manatadək, 59 ayadək, 9,5%-27,61%
- “Premium Bank” - 80 000 manatadək, 6–59 ay, 9,8%
- “Azər Türk Bank” - 300–80 000 manat, 3–59 ay, 9,9%
- “Bank of Baku” - 50 000 manatadək, 3–59 ay, 9,9%
- “Bank VTB” - 300–50 000 manatadək, 3–59 ay, 9,9%-25,5%
- “Expressbank” - 300–70 000 manatadək, 59 ayadək, 9,9%
- “TuranBank” - 500–50 000 manatadək, 6–59 ay, 9,9%
- “Bank Respublika” - 200–50 000 manatadək, 3–59 ay, 10%
- “AFB Bank” - 500–50 000 manatadək, 3–59 ay, 10-26%
- “ABB” - 50 000-dək, 60 ayadək, 10,9%
- “Ziraat Bank” 300-50000 manatadək – 59 ayadək, 10,9%
- “ Kapital Bank” - 50 000 manatadək, 59 ayadək, 10,9%
- “Yapı Kredi Bank” - 300–50 000 manat, 3–59 ay, 11,5%
- “PAŞA Bank” – 48 ayadək, 12,65%
- “ASB Bank” - 500–30 000 manatadək, 36 ayadək, 13%-19%
- “Bank Avrasiya” - 1 000–100 000 manat, 12–59 ay, 13%-17%
- “Xalq Bank” - 250 000 manatadək, 59 ayadək, 14%

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri əmanət faizlərinin də yüksək olmasıdır. Onun sözlərinə görə, banklar kredit vermək üçün öz vəsaitlərindən deyil, əsasən əmanətçilərin yerləşdirdiyi pullardan istifadə edirlər. Buna görə də əmanətçilərə yüksək faiz ödəyən banklar kreditləri də daha yüksək faizlə təklif etməyə məcbur qalırlar.
Ekspert qeyd edib ki, kredit faizlərinə təsir göstərən digər mühüm amil isə kredit riskidir:“Bu risk kreditin vaxtında və ya ümumiyyətlə geri qaytarılmaması ehtimalı, problemli kreditlərin yaranması, məhkəmə və icra prosesləri kimi bank üçün əlavə vaxt və maliyyə xərclərini əhatə edir. Banklar bu riskləri də kreditlərin faiz dərəcəsinə əlavə edirlər”.
Əkrəm Həsənovun sözlərinə görə, regionlarda kredit faizlərinin daha yüksək olmasının səbəbi də məhz risk səviyyəsinin paytaxtla müqayisədə daha çox olmasıdır. Çünki bölgələrdə əhalinin gəlirləri nisbətən aşağıdır və bu, kreditlərin geri qaytarılmaması ehtimalını artırır.
Ekspert hesab edir ki, son dövrlərdə kredit faizlərində müşahidə olunan artım da əsasən risklərin yüksəlməsi ilə bağlıdır. Onun fikrincə, əhalinin ödəmə qabiliyyətinin zəifləməsi bankların risklərini artırıb və bu da kreditlərin qiymətinə, yəni faiz dərəcələrinə birbaşa təsir göstərib.
Maraq üçün qeyd edək ki, Avropa Mərkəzi Bankının son məlumatına əsasən, 2026-cı ilin aprelində Avropa İttifaqında verilən istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi təxminən 7–8% civarında olub.
Həmin ölkələrdən bəzilərini təqdim edirik:
| - Lüksemburq | 3,9% |
| - Malta | 4,3% |
| - Xorvatiya | 5,0% |
| - Finlandiya | 5,4% |
| - Sloveniya | 5,6% |
| - Belçika | 5,9% |
| - Fransa | 6,0% |
| - Kipr | 6,2% |
| - İspaniya | 6,5% |
| - Almaniya | 7,7% |
| - Avstriya | 8,0% |
| - İtaliya | 8,3% |
| - Portuqaliya | 8,6% |
| - Slovakiya | 9,0% |
| - Yunanıstan | 9,9% |
| - Estoniya | 13,3% |
| - Latviya | 13,4% |
Elvin Bəyməmmədli








































