“ARTIQ YÜZ MİLYONLARA DEYİL, MİLYARDLARA EHTİYAC VAR...” – “Bu, paytaxta köçün qarşısını alacaq...”

Baxış sayı:
138

Vahid Əhmədov: “Rayonlarda iri istehsal və sənaye müəssisələrinin yaradılması həm məşğulluğun artmasına, həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verə bilər”

Sabiq millət vəkili, iqtisadçı alim Vahid Əhmədov Azərbaycandakı mövcud sosial-iqtisadi vəziyyət, qarşıda duran çağırışlar və inkişaf perspektivləri ilə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.

– Vahid müəllim, Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilər iqtisadi artım tempinin gözləniləndən aşağı olduğunu göstərir. Dünya bazarında enerji qiymətlərinin nisbətən əlverişli olmasına baxmayaraq, iqtisadiyyatın mövcud dinamikasını hansı amillərlə izah etmək olar?

– Söhbət 2026-cı ilin ilk dörd ayının göstəricilərindən gedir. Dünyada baş verən siyasi və iqtisadi prosesləri nəzərə alsaq, bu vəziyyət müəyyən mənada gözlənilən idi. Hətta İqtisadiyyat naziri Mikayıl Cabbarovun İctimai Televiziyaya verdiyi müsahibədə də bu məqamlar öz əksini tapmışdı. Çünki ətrafımızda baş verən hadisələr birbaşa Azərbaycanın iqtisadiyyatına təsir göstərir. Ümumi daxili məhsulda cüzi artım qeydə alınıb, qeyri-neft sektorunda isə 0,7 faiz artım müşahidə olunur. Neft-qaz sektorunda azalma isə başa düşüləndir. Çünki son illərdə neft-qaz hasilatında azalma tendensiyası müşahidə edilir.

Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Mikayıl Cabbarovun verdiyi müsahibə son illərdə hökumət üzvlərinin ictimai çıxışları arasında ən açıq və əhatəli çıxışlardan biri idi. O, həm müsbət məqamları qeyd etdi, həm iqtisadi perspektivlərdən danışdı, həm prioritet sahələri göstərdi, həm də iqtisadi artım tempinin zəifləməsinin səbəblərini izah etdi. Nazirin vurğuladığı əsas prioritet sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahə uzun illərdir Azərbaycan üçün strateji istiqamətlərdən biri hesab olunur. Çünki ölkə hələ də müəyyən məhsullar üzrə idxaldan asılıdır. İdxalın strukturuna baxdıqda bunu aydın görmək mümkündür.

Son dövrlərdə ticarət balansında müsbət meyillər müşahidə olunur. İdxal azalır, ixrac isə artır. Bu, əlbəttə ki, müsbət göstəricidir. Bununla belə, idxalın strukturunda hələ də müəyyən problemlər qalır. Mövcud geosiyasi şəraitdə iqtisadiyyatı yüksək templərlə inkişaf etdirmək asan deyil. Bölgədə baş verən hadisələr, Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginliklər və digər amillər iqtisadi proseslərə təsir göstərir. Bu məsələlər öz həllini tapdıqdan sonra iqtisadi inkişaf üçün daha əlverişli şərait yarana bilər.

– Qeyri-neft sektorunun ÜDM-də payı artmaqda davam edir. Bununla yanaşı, inkişaf tempinin daha da sürətlənməsi üçün hansı addımların vacib olduğunu düşünürsünüz?

– Əlbəttə, əsas prioritetlərdən biri qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə işlər davam etdirilməlidir. İqtisadiyyat Nazirliyinin açıqlamalarına əsasən, artıq dövlət büdcəsi gəlirlərinin təxminən 70 faizi qeyri-neft sektorunun payına düşür. Neft-qaz sektorunun payı isə təxminən 30 faiz təşkil edir. Bu, əvvəlki illərlə müqayisədə ciddi irəliləyişdir. Hesab edirəm ki, dövlət tərəfindən qəbul edilən qərarlar, həyata keçirilən investisiyalar, sahibkarlara göstərilən dəstək və iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. İqtisadiyyatın şaxələndirilməsi bundan sonra da əsas prioritet olaraq qalmalıdır.

Qeyd etdiyim kimi, qeyri-neft sektorunda mühüm istiqamətlərdən biri kənd təsərrüfatıdır. Azərbaycan hələ də bəzi məhsullar, xüsusilə taxıl üzrə özünü tam təmin edə bilmir. Buna görə də müəyyən həcmdə idxaldan asılılıq qalır. Dövlət bu istiqamətdə müxtəlif dəstək mexanizmləri tətbiq edir və əlavə vəsaitlər ayırır. Bununla belə, taxıl istehsalı sahəsində hələ də həllini gözləyən məsələlər mövcuddur.

– Son dövrdə idxalın azalması müşahidə olunur. Bununla yanaşı, kənd təsərrüfatında artım tempinin gözlənilən səviyyəyə çatması üçün hansı imkanlar və ya çağırışlar mövcuddur?

– Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun gücləndirilməsinə mühüm töhfə verməlidir. Biz adətən ixracın artırılmasına daha çox diqqət yetiririk. Lakin ixrac potensialını genişləndirmək üçün məhsulların çeşidinə, keyfiyyətinə və maya dəyərinə xüsusi diqqət yetirilməlidir. Bu sahədə inkişaf etdirilə biləcək çoxsaylı istiqamətlər var və həmin sahələr üzrə sistemli iş aparılmalıdır ki, məhsullarımızın ixrac imkanları daha da genişlənsin.

Digər mühüm istiqamətlərdən biri logistika və informasiya texnologiyaları sahəsidir. Son illərdə Azərbaycan bu istiqamətlərdə mühüm nailiyyətlər əldə edib və bir sıra vacib layihələr həyata keçirilib. Elektron idarəetmə sistemlərinin tətbiqi, süni intellekt sahəsində atılan addımlar, Prezidentin imzaladığı fərmanlar, yeni qurumların və idarəetmə mexanizmlərinin yaradılması bu sahələrin inkişafına əlavə təkan verir.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərən əsas amillərdəndir. Hesab edirəm ki, İqtisadiyyat nazirinin çıxışı həm mövcud vəziyyətin, həm də gələcək perspektivlərin daha aydın başa düşülməsi baxımından faydalı oldu.

– İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadi artım tempinə təsir edən amillərdən biri bəzi dövlət layihələrinin icra qrafikində baş verən dəyişikliklərdir. Bu fonda dövlət və özəl sektorun iqtisadi artımdakı qarşılıqlı rolunu necə qiymətləndirirsiniz?

– Özəl sektorun payından danışarkən əsasən tikinti sektoru nəzərdə tutulur. Tikinti sektoru ənənəvi olaraq özəl sektorun aparıcı istiqamətlərindən biridir və inkişaf tempini qoruyur. Dövlət layihələrinin ləngiməsinin səbəbləri isə ayrıca araşdırılmalıdır. Burada əsas məsələlərdən biri maliyyələşmə ilə bağlıdır. Əgər layihələr təsdiqlənibsə, tender mərhələsindən keçibsə və hüquqi baxımdan problem yoxdursa, onların maliyyə təminatı da vaxtında həyata keçirilməlidir.

Maliyyə təminatı olmadan dövlət layihələrinin icrası çətinləşir. Özəl sektor maliyyə mənbələrini daha çevik şəkildə tapa bilir, xarici tərəfdaşlarla əməkdaşlıq qurur və investisiya cəlb edir. Dövlət layihələrində isə maliyyələşmə məsələsi öncədən tam həll olunmalıdır. Bu baxımdan maliyyə dayanıqlığı ölkə üçün ən vacib məsələlərdən biridir. Mənə daxil olan məlumatlara görə, artıq 2026-cı ilin ortalarına yaxınlaşsaq da, bəzi layihələr üzrə maliyyələşmə tam açılmayıb, bəzi ödənişlər isə gecikir. Bu məsələlərə daha çox diqqət yetirilməlidir. Çünki Azərbaycan iqtisadiyyatının inkişafı və dayanıqlılığı maliyyə resurslarının nə dərəcədə səmərəli idarə olunmasından birbaşa asılıdır.

– Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir və makroiqtisadi göstəricilər ümumilikdə sabit qiymətləndirilir. Bu şəraitdə dövlət ehtiyatlarından iqtisadi inkişafın dəstəklənməsi və maliyyə sabitliyinin qorunması baxımından hansı yanaşmalar daha məqsədəuyğun ola bilər?

– Bilirsiniz, dövlət ehtiyatlarının əsas məqsədi gələcək nəsillərin maraqlarını təmin etməkdir. Dövlət çalışır ki, bu vəsaitlər qorunsun və səmərəli şəkildə idarə olunsun. Bu gün həmin ehtiyatların tərkibində qızıl, qiymətli kağızlar, daşınmaz əmlak və digər aktivlər mövcuddur. Əlbəttə, dövlət iri layihələrin həyata keçirilməsi üçün bu vəsaitlərin müəyyən hissəsindən istifadə edə bilər. Xüsusilə iqtisadi inkişafı sürətləndirən və gələcək gəlirlər yaradan layihələrə investisiya qoyuluşu vacibdir.

– Bu mexanizmi necə görürsünüz?

– Hesab edirəm ki, həmin vəsaitlərin bir hissəsi sahibkarlığın inkişafına yönəldilməlidir. Xüsusilə yerli sahibkarlığın dəstəklənməsi çox vacibdir. Hazırda güzəştli kredit proqramları mövcuddur. Vaxtilə Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərirdi, sonradan bu mexanizm digər qurumlar vasitəsilə davam etdirildi. Müxtəlif proqramlar çərçivəsində yüz milyonlarla manat vəsait ayrılır. Lakin düşünürəm ki, Azərbaycanda sahibkarlığın sürətli inkişafı üçün artıq yüz milyonlarla deyil, milyardlarla manat həcmində dəstək proqramlarına ehtiyac var.

Mənim idxalla bağlı vurğuladığım məsələ də bununla əlaqədardır. Son dövrlərdə müsbət tendensiya müşahidə olunur: idxal azalır, ixrac isə artır. Bu, müstəqillik dövründə nadir müşahidə olunan proseslərdəndir. Uzun illər ərzində idxalın həcmi ixracdan daha yüksək olub. İndi isə iqtisadi sabitlik gücləndikcə ixracyönümlü siyasət daha çox ön plana çıxır. Bununla belə, idxalın strukturuna daim diqqət yetirmək lazımdır. Çünki elə məhsullar var ki, onların ölkə daxilində istehsalı mümkündür. Bu baxımdan sənaye parklarının və azad iqtisadi zonaların yaradılması mühüm əhəmiyyət daşıyır. Sumqayıt Kimya Sənaye Parkı, Ələt Azad İqtisadi Zonası, eləcə də Ağdam və Cəbrayılda yaradılan sənaye zonaları bu istiqamətdə atılmış mühüm addımlardır. Bu layihələr minlərlə yeni iş yerinin açılmasına şərait yaradıb. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında artıq on minlərlə insan çalışır. Lakin sənaye zonalarının regionlarda daha geniş şəkildə yaradılmasına ehtiyac var. Rayonlarda iri istehsal müəssisələrinin və yüzlərlə insanın işləyə biləcəyi sənaye müəssisələrinin açılması həm məşğulluğun artmasına, həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verə bilər.

– Prezident İlham Əliyev regionların inkişafı və kənd yerlərində məşğulluğun artırılması məsələlərinə xüsusi diqqət yetirir. Sizcə, bu istiqamətdə daha hansı tədbirlər həyata keçirilə bilər?

– Əlbəttə, bu istiqamətdə müxtəlif dövlət proqramları icra olunur. Məqsəd insanların yalnız paytaxta yönəlməsinin qarşısını almaq, regionlarda məskunlaşmanı artırmaq, kəndlərdə yeni iş yerləri yaratmaq və əhalinin məşğulluğunu təmin etməkdir. Bu baxımdan regionlarda iqtisadi fəallığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin qurulması və xidmət sektorunun genişləndirilməsi regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.

– İşğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına böyük həcmdə investisiyalar yönəldilir. Bu investisiyaların iqtisadi və sosial nəticələrinin yaxın və uzunmüddətli perspektivdə necə formalaşacağını gözləyirsiniz?

– Hesab edirəm ki, hazırkı mərhələdə əsas məqsəd birbaşa iqtisadi gəlir əldə etmək deyil. Prioritet məsələ həmin ərazilərdə insanların yenidən məskunlaşmasını təmin etmək, onlar üçün normal yaşayış və əmək şəraiti yaratmaqdır. Bu istiqamətdə artıq mühüm işlər görülür. Kənd təsərrüfatı layihələri həyata keçirilir, sənaye parkları və iqtisadi zonalar yaradılır, yeni iş yerləri açılır. Bununla belə, görüləcək işlər hələ çoxdur və bu gün həmin ərazilərdən böyük iqtisadi gəlir gözləmək düzgün olmazdı.

Əsas vəzifə məskunlaşma prosesinin uğurla tamamlanması, müasir infrastrukturun yaradılması və iqtisadi fəallığın təmin edilməsidir. Bu məqsədlərə nail olunduqdan sonra investisiyaların iqtisadi nəticələri də daha aydın şəkildə özünü göstərəcək. Bu günə qədər işğaldan azad edilmiş ərazilərin bərpasına 20 milyard manatdan artıq vəsait ayrılıb. Bu, dövlət büdcəsi üçün kifayət qədər böyük məbləğdir. Lakin həmin vəsaitlər strateji və zəruri investisiyalar hesab olunur. Hazırda bu istiqamət Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Ən vacib məsələlərdən biri həmin ərazilərdə dayanıqlı məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsidir.

– Vahid müəllim, regionların sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərinizi tez-tez bölüşürsünüz. Bu istiqamətdə dövlət siyasətinin daha da təkmilləşdirilməsi üçün hansı təklifləri irəli sürərdiniz?

– Ümumiyyətlə, dövlət və hökumət qarşısında duran əsas vəzifələrdən biri regionlarda məşğulluğun artırılmasıdır. Azərbaycanın 14 iqtisadi rayonu mövcuddur və hesab edirəm ki, hər bir iqtisadi rayon üzrə ayrıca inkişaf proqramları hazırlanmalıdır. Çünki hər bölgənin özünəməxsus iqtisadi potensialı və inkişaf imkanları var. Bir bölgədə kənd təsərrüfatı, digər bölgədə meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və ya əkinçilik daha perspektivli ola bilər. Bu xüsusiyyətlər nəzərə alınmaqla emal müəssisələrinin və istehsal sahələrinin yaradılması məqsədəuyğun olardı. 

Əgər regionlarda dayanıqlı iş yerlərinin yaradılmasına nail ola bilsək, insanların paytaxta axınının da müəyyən dərəcədə qarşısını almaq mümkün olacaq. İnsanlar daha əlverişli yaşayış şəraiti, təmiz ekoloji mühit və sabit məşğulluq imkanları olan bölgələrdə yaşamağa üstünlük verəcəklər.

Digər mühüm istiqamətlərdən biri turizm sektorudur. Turizm Azərbaycan iqtisadiyyatı üçün böyük potensiala malik sahələrdən biridir. Necə ki, logistika sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub, turizm sektorunda da analoji nəticələr əldə etmək mümkündür. Dəmir yolu infrastrukturunun inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi və digər layihələr bu istiqamətdə müsbət təsir göstərir. Turizmin inkişafı üçün əsas şərtlərdən biri xidmət keyfiyyətinin yüksəldilməsidir. Bununla yanaşı, qiymət siyasətinə də diqqət yetirilməli, ölkənin turizm rəqabətqabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülməlidir.

– Quru sərhədlərin fəaliyyətinin bərpası regionların iqtisadi inkişafı, turizm və ticarət baxımından hansı əlavə imkanlar yarada bilər?

– Əlbəttə, quru sərhədlərin açılması mühüm məsələlərdən biridir və hesab edirəm ki, zamanla bu məsələ də öz həllini tapacaq. Regionda baş verən proseslərə nəzər salsaq, görərik ki, Gürcüstan istiqamətində iqtisadi və nəqliyyat əlaqələri aktiv şəkildə davam edir, eyni zamanda müxtəlif regional nəqliyyat layihələri müzakirə olunur. Bu proseslər gələcəkdə yeni iqtisadi imkanların yaranmasına şərait yarada bilər.

Lakin nəzərə almaq lazımdır ki, hazırda İran ətrafında və ümumilikdə Yaxın Şərq regionunda mürəkkəb geosiyasi proseslər davam edir. Bölgədə müşahidə olunan gərginlik iqtisadi proseslərə də təsirsiz ötüşmür. İran Azərbaycanın qonşu dövlətidir və regionda sabitliyin təmin olunması iqtisadi əlaqələrin inkişafına da müsbət təsir göstərə bilər. Nə qədər ki, bölgədə sülh və sabitlik tam bərqərar olmayıb, müəyyən iqtisadi risklər də qalmaqda davam edəcək. Bu baxımdan regional proseslər Azərbaycanın iqtisadi inkişaf perspektivlərinə təsir göstərən mühüm amillərdən biri olaraq qalır.

(Davamı var)

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika”