"Ermənilər üçün “pəncərə” anlayışı yeni deyil” – İLHAM İSMAYIL

İlham İsmayıl: “Karapetyan layihəsi birbaşa Moskvadan idarə olunur”
Dünya siyasətinin diqqət mərkəzi Hörmüz boğazındakı gərginliyə, İran ətrafındakı hərbi-siyasi proseslərə və Ağ Evdən gələn ziddiyyətli bəyanatlara yönəldiyi bir vaxtda, regionun digər həssas nöqtəsi olan Ermənistanda təhlükəli proseslər cərəyan edir.
İrəvanda parlament seçkiləri yaxınlaşdıqca, revanşist qüvvələrin xarici dəstəklə aktivləşməsi həm Ermənistanın daxili sabitliyi, həm də regionun gələcək təhlükəsizliyi üçün ciddi siqnallar verir.
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “AzPolitika”ya şərhində bildirib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hakimiyyətinə qarşı həm daxili, həm də xarici təzyiqlər getdikcə sərtləşir. Ekspertin fikrincə, bu təzyiqlərin hərəkətverici qüvvəsi məhz Azərbaycana qarşı revanşist hisslərdir.
Ekspert qeyd edib ki, seçki marafonunda 19 siyasi qüvvənin iştirakı rəsmiləşsə də, əsas mübarizə Samvel Karapetyanın "Güclü Ermənistan" bloku ilə hakim "Mülki Müqavilə" arasında gedəcək. Lakin İ.İsmayılın xüsusi diqqət çəkdiyi məqam Robert Koçaryanın fəallığıdır.
Ekspert bildirir ki, Koçaryan Paşinyan hakimiyyətini sarsıtmaq üçün Qarabağ mövzusundan bir alət kimi istifadə edir: "Robert Koçaryan təkcə Paşinyanı məğlubiyyətdə ittiham etmir, o, Qarabağa qayıtmağın "mümkünlüyü" barədə uydurmalarla seçicilərini inandırmağa çalışır. Vaqif Xaçaturyanla görüşü də bu siyasi şounun tərkib hissəsidir. Koçaryan dünyanın indiki qarışıq vəziyyətini bir "pəncərə" kimi görür və iddia edir ki, əgər bu pəncərə bağlansa, ermənilər bir daha Qarabağı görməyəcək".
İlham İsmayıl erməni siyasi düşüncəsinin xəyanətkar və fürsətçi mahiyyətinə toxunaraq maraqlı tarixi paralellər aparıb.
O vurğulayıb ki, ermənilər hər zaman dünya güclərinin qarşıdurmasından öz çirkin məqsədləri üçün yararlanmağa çalışıblar: "Ermənilər üçün “pəncərə” anlayışı yeni deyil. Onlar 1905-ci il inqilabını, Birinci Dünya müharibəsini və SSRİ-nin dağılmasını da belə bir “pəncərə” kimi görüb Azərbaycan xalqına qarşı qətliamlar törətmişdilər. Bu gün Koçaryanın səsləndirdiyi fikirlər həmin xəyanətkar xislətin növbəti təzahürüdür. O sübut edir ki, erməni müxalifəti Azərbaycan qarşısında acizdir və ancaq kənar güclərin vasitəsilə hansısa xəyallara çata biləcəyinə ümid edir".
İlham İsmayıl xüsusilə vurğulayır ki, Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi layihə birbaşa Moskvadan idarə olunur. Ekspert bildirir ki, Karapetyanın və Koçaryanın "pəncərə" dediyi şey əslində yalnız Kremlin maraqlarına xidmət edir.
Putin-Paşinyan görüşündə Qarabağın adının çəkilməsini xatırladan ekspert, Kremlin İrəvanda hakimiyyət dəyişikliyi vasitəsilə Azərbaycana qarşı yeni təxribat planları qurduğunu bildirib: "Əgər bu qüvvələr hakimiyyətə gələrsə, Ermənistan dərhal KTMT-dəki fəaliyyətini bərpa edəcək, Rusiya ilə hərbi təlimlərə başlayacaq və Qarabağ mövzusunu beynəlxalq müstəvidə Azərbaycana qarşı təzyiq rıçaqı kimi istifadə etməyə çalışacaqlar".
İlham İsmayıl Azərbaycanın gücünə və apardığı düzgün xarici siyasətə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan bu gün regionda şərtləri diktə edən tərəfdir və qlobal güclər belə rəsmi Bakı ilə hesablaşır: "Bütün bu planlar Koçaryan və Karapetyan kimilərin xəyalı olaraq qalacaq. Azərbaycan dövləti o uydurma “pəncərəni” dəmir yumruqla birdəfəlik bağlayıb. Lakin biz xisləti xəyanətdən yoğrulmuş bir qonşunun və onun arxasındakı güclərin hər bir addımını ayıq-sayıqlıqla izləməli, arxayınlaşmamalıyıq".
Rasim Əliyev




















