“Putinin təcavüzünün qarşısını alın!” - Dünya dövlətlərinə MÜRACİƏT

ADP Rusiyanın Ukraynanın ilhaqına yönəlmüş qanlı müharibəni davam etdirməsindən narahatdır
ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ölkə prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ətrafında müzakirə aparıb.
İqtisadi, siyasi, ticari, vizasız gediş-gəliş, təhsil və ən önəmlisi bir-birinin təhlükəsizliyini, ərazi bütövlüyünü tanıma sahəsində əldə edilən razılaşmaların ölkəmizin milli maraqlarına, beynəlxalq nüfuzunun qorumasına xidmət etməsinə diqqət çəkən partiya yetkililəri bu səfərin nəticələrinin hər iki ölkə üçün önəmli qarşılıqlı faydalı olduğunu bildirib. Qlobal güc olan Asiya nəhəngi ilə illər öncə başlayan ikili əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə qaldırılması Azərbaycanın çoxvektorlu xarici siyasətində düzgün xətt yürütdüyünü isbatlamaqla yanaşı, qlobal dəyişilmələrin sürət aldığı, beynəlxalq hüququn yerini gücə söykənən zor siyasətinin tutduğu bir dövrdə bu ölkə ilə qurulan dərin əlaqələrin gələcəkdə ölkəmizi gözləyən iqtisadi, siyasi, hərbi təhdidlərdən qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
İdarə Heyəti həmçinin hər iki ölkənin vətəndaşları üçün nəzərdə tutulan vizasız rejimin tətbiqi məsələsindən dolayı yarana biləcək problemlərə də diqqət çəkib və hakimiyyəti bu məsələdə həssas olmağa, hüquqi və fiziki şəxlərin, biznes strukturlarına aid iş adamlarının ticari, iqtisadi maraqlarının qorunması istiqamətində effektli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Avrop İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Kallasın Azərbaycana səfəri, ölkə başçısı və xarici işlər naziri ilə keçirdiyi görüşlər və əldə edilən razılaşmalar ətrafında fikir mübadiləsi aparıb və bu görüşün Azərbaycanla Aİ arasında uzun illərdən bəri qarşı tərəfin ölkəmizə qarşı tətbiq etdiyi ikili standartla bağlı yaranmış gərginliklərin aradan qaldırılması, bu qurumla münasibətlərin yeni mərhələyə daxil olması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. K.Kallasın görüş zamanı Azərbaycanın bir çox Avropa ölkələri üçün enerji daşıyıcılarının manesiz, təhlükəsiz və davamlı nəql edildiyi etibarlı tərəfdaş olması barədə səsləndirdiyi fikirlər ölkəmizin öz öhdəliklərinə sadiqliyini göstərməklə, onun regionda və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu bir daha təsdiq edir. İdarə Heyəti Azərbaycanın Aİ ilə ikitərəfli əməkdaşlığa əsaslanan və hər iki tərəfin maraqlarına xidmət edən yeni münasibətlərinin əhəmiyyətini qeyd edib və ölkə hakimiyyətini elmin, texnologiyanın sürətlə inkişaf etdiyi bu qurumla əlaqələrini daha intensiv şəkildə davam etdirməyə çağırıb.
İdarə Heyəti Hindistanla Pakistan arasında yaranmış gərginliklərdən, hərbi qarşıdurma ehtimalından ciddi narahat olduğunu bildirib, hər iki ölkəni yaranmış münaqişəni siyasi, diplomatik yolla tənzimləməyə dəvət etməklə hakimiyyəti Azərbaycanın təhlükəsizliyi ilə bağlı hər zaman ölkəmizin yanında olan qardaş Pakistana hərtərəfli dəstək verməyə, həmrəylik bildirməyə çağırıb.
İdarə Heyəti İran prezidenti Məsud Pezeşkianın ölkəmizə başlayan səfərinə münasibət bildirib və bu səfərin İranla Azərbaycan arasında yaranmış gərginliklərin aradan qaldırılması, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni zirvəyə qaldırılması, hər iki ölkənin milli maraqlarını təmin edən razılaşmaların əldə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. İdarə Heyəti eyni zamanda bir neçə gün öncə Bəndərabbasada baş verən partlayış nəticəsində bir çox insanın həyatını itirməsinədən xeyli sayda insanın yaralanmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu kədəri, hüznü bölüşmək üçün qonşu ölkəyə mənəvi, maddi yardım göstərməyə çağırıb.
İdarə Heyəti Ukrayna ilə Rusiya arasında başlayan və hər gün yüzlərlə insanın günahsız qurbana çevrildiyi müharibənin daha böyük şiddət almasından, ABŞ-ın, Avropa İttifaqının sülh danışıqlarının baş tutması üçün çabalar göstərməsinə baxmayaraq Putin Rusiyasının bu qanlı müharibəni davam etdirmək istəyində olmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini müstəqil, suveren bir ölkənin işğalına, ilhaqına yönəlmüş bu təcavüzün qarşısını almaq üçün ciddi, təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Rusiya rəsmi dairələrinə daxil olan şəxslərin öz ətrafında yaşayan qonşu dövlətləri, eləcə də dünyanı təhdid edən müharibə çağırışlarını, qətiyyətlə pisləyib və imperialist iddialardan doğan bu hərbi təcavüz çağırışlarının heç bir əxlaqa, heç bir beynəlxalq hüquq normasına sığmadığını və bütün dünya üçün təhdid olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti erməni lobbisinin təsiri altında olan bir sıra Qərb strukturlarının Bakıda istintaqı gedən erməni canilərinin azadlığa buraxılması, guya onlara qarşı ədalətsiz məhkəmə davranışının olması ilə bağı bəyanatlarla çıxış etməsini qətiyyətlə pisləyib və bu bəyanatların Azərbaycanın daxili işlərinə qarışmaq, məhkəmə sisteminə açıq müdaxilə kimi dəyərləndirib.
İdarə Heyəti xərçəng xəstəliyindən əziyyət çəkən “Xural TV”-nin rəhbəri Əvəz Zeynallının həbsdən azadlığa buraxılmasını humanist addım kimi alqışlayıb, eyni zamanda ölkə rəhbərliyini humanizm prinsiplərinə söykənərək hazırda həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun, səhhətində ciddi problemlər olan Ələsgər Məmmədlinin və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı müstəsna səlahiyyətlərindən istifadə etməyə çağırıb.
Muxalifet.az