“Şikayət etdiyim üçün icra başçısı məni 8 sutka həbs etdirdi” - BƏRDƏ SAKİNİNDƏN ŞOK İDDİA
Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 48-də yaşayan Hüseynova Sevinc Nəriman qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mən, Hüseynova Sevinc Nəriman qızı, bildirirəm ki, 2021-ci ilin mart ayından “Dost” iş mərkəzində fəhlə kimi çalışmağa başlamışam. Dəfələrlə əmək haqqım kəsilib. Məsələ ilə bağlı oktyabr ayında prokurorluğa müraciət etdim. “Jek” müdiri Rauf Qafarov və müavini İldırım Quliyev şəxsi maşınları ilə 2-ci pambıq zavodunun qarşısına gələrək, məni orada hədələdi. “Darıxma gör sənin başına nə oyun açacağıq”, - dedilər. Halbuki, mən sadəcə əmək haqqımın kəsilməsinə etiraz etmişdim. Bundan öncə isə bir-iki dəfə mərkəzin əməkdaşı Rəhim Əliyevə dedim ki, mənim əmək haqqımı qaytar. O icə cavab verdi ki, “ölən ölüb, get işinlə məşğul ol”.
Sonra mənə deyirdilər ki, hara istəyirsən şikayət et, heç kəs bizə heç nə edəsi deyil.
Şikayət etdiyim üçün icra başçısı Vidadi İsayev məni 8 sutka həbs etdirdi. Halbuki, mən sadəcə olaraq öz halal əmək haqqımı tələb etmişdim. Vidadi İsayevdən kim haqqını istəyir, ona divan tutur.
Hər şeydən bezmişəm, ölüm həddinə gəlib çıxmışam. Haqqımı istədiyim üşün 5 dekabr 2024-cü il tarixində işimə xitam verdilər. Evdə 2 məktəbli uşaq var.
Onu da qeyd edim ki, bütün qohum-əqrabalarının, oğlanlarının adları işdə olsa da, heç biri işə gəlmir. Hərəsinin əlində bir neçə kartı var.
Haqsızlıq baş alıb gedir. Kimin əli kimin cibindədir, bəlli deyil.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, bu məsələlərin araşdırılması ilə bağlı göstəriş verəsiniz. Bərdədə biz kasıbların başına oyun açırlar”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.