“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR

Baxış sayı:
881

SOCAR-ın tabeliyində olan"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyətinin mütəxəssisi Məmmədov Nazim Tahir oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Rəhbər şəxslər tərəfindən ədalətsizlik üzləşdiyini deyən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Məmmədov Nazim Tahir oğlu, 17 ilə yaxın bir dövrdə eyni müəssisədə, Azərbaycanın neft-qaz sənayesində ekoloji məsələlərlə bağlı şərəflə, vicdanla və düzgün çalışan bir mütəxəssisəm. Gənc alim kimi öz sahəmin peşakarı olduğum halda, mənə “qeyri-peşakar” damğası vurulmuş və işdən azad edilməm üçün 23 dekabr 2024-cü il tarixində mənə bildiriş təqdim olunmuşdur.
Məlumat üçün qeyd edim ki, himayəmdə 3 azyaşlı uşaq var. Böyük övladım ürək qüsürundan əziyyət çəkir. Bakıda kirayədə yaşayırıq. Başqa heç bir yerdən qazancım yoxdur.
Məni və övladlarımı ağır sosial duruma salıblar. Dəfələrlə rəhbərliyə müraciət etməyimə baxmayaraq, heç bir köməklik olunmamışdır. İş yerim SOCAR ın nəzarəti altında fəaliyyət göstərən "Ekol  Mühəndislik Xidmətləri " Qapalı Səhmdar Cəmiyətidir.
Onu da qeyd edim ki, 6 aya yaxın müddətə mənə edilməkdə olan haqsızlıqlara və ədalətsizliklərə görə, SOCA-ın prezidenti cənab Rövşən Nəcəfə müraciət edib, ondan məni şəxsən qəbul etməsini xahiş etmişdim. Lakin bu, hələ mümkün olmamışdır. Məni SOCAR-ın vitse-prezidentinin müavini  qəbul etmişdir. Lakin problem öz həllini tapmamışdır. Əksinə, 23 dekabr 2024-cü il tarixində məni işdən azad etdilər.
Hazırda çox pis durumdayam. Bu, haqsızlıq, Azərbaycanın peşakar  aliminə qarşı böyük bir faciədir. Təsəvvür edin ki, nə mənim peşakar bir mütəxəssis olmağım, nə alimliyim, nə də 3 azyaşlı övladıma tək bir valideyin olmağımı (övladımın biri xəstədir), həmçinin yeganə qazanc  yerim olan işim nəzərə alınmadan, mənə bu zərbəni vurdular.
Bildiyiniz kimi, qanunvericiliyə əsasən, bu imtiyazlara malik olan insanlarla bağlı müəyyən zərurətlər mövcuddur. Bu, bir alimin, bir ailənin məhvi deməkdir.
Onu da əlavə edim ki, çalışdığım müəsissədə işini bacarmayan işçilərə himayədarlıq edirlər”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.