“GÜNEYDƏ MİNLƏRLƏ İNSANIN HƏYATI TƏHLÜKƏ ALTINDADIR” – “Bütün dünyanın gözü önündə böyük bir insanlıq faciəsi yaşanır”

Baxış sayı:
18321

Milli Hərəkatçılar Birliyi (MHB) Xoyda baş verən zəlzələdən sonra yaşanan insanlıq dramı ilə bağlı dünyanın hər yerində fəaliyyət göstərən soydaşlarımızın qurumlarına müraciət ünvanlayıb.

Muxalifet.az-a qurumdan daxil olan müraciətdə deyilir:

"2023-cü il 28 yanvar axşamı Xoy şəhərində güçlü bir zəlzələ oldu. Böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində ölənlər və çox sayda yaralı var. Hazırda minlərlə insan şaxtalı havada, qar altında ac və susuz qalıb.

Tehran rejiminin bu böyük fəlakətə münasibəti adekvat deyil. Dövlət özü yardım etmədiyi kimi, qonşu Türkiyə və Azərbaycandan gələn yardım təkliflərini də qəbul etmir. Nəticə etibarilə, minlərlə insanın həyatı təhlükə altındadır; bütün dünyanın gözü önündə böyük bir insanlıq faciəsi yaşanır.

Bütün hümanist təşkilatları, milli diasporamızı və soydaşlarımızın əli çatan media qurumlarını bu insanların səsi olmağa, yaşanan faciəni bütün dünyaya çatdırmağa səsləyirik. Tehran rejimi insanlığa qarşı bir cinayət işləyir, buna mane olmağımız lazımdır. Xoya yardım etməyə tələsin, bu insanlıq faciəsini durdurun.

Bu cinayətə qarşı olan, ölüm təhlükəsi altındakı insanlara kömək etmək istəyən hər kəsi İranın müxtəlif ölkələrdəki nümayəndəlikləri və beynəlxalq təşkilatların yerli təmsilcilikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırırıq".

Muxalifet.az