ÖZBƏKİSTANDA NƏ BAŞ VERİR? - Və yaxud Türk toplumları arasında iğtişaşın yardılmasında Rusiyanın nə kimi rolu var…

Baxış sayı:
1390

Rusiyanın Ukraynaya təcavüzü gündəmi fəal zəbt edərkən, Belarus prezidenti Aleksandr Lukaşenkonun "post-sovet ölkələri suverenliklərini qorumaq istəyirlərsə, Rusiya-Belarus ittifaq dövlətinə yaxınlaşmalıdırlar" ifadəsi Moskvanın SSRİ-2 layihəsindən əl çəkmədiyini, bu fikri təxirə salmadığını, əksinə addım-addım buna doğru getdiyini göstərmiş oldu. Əlbəttə, rus dünyasının dəfələrlə elan olunan məqsədi "zorakı xeyirxahlıq"dır.
Burada xatırlatmaq yerinə düşər ki, Lukaşenko bir gün əvvəl dünyanın bölünməsi uğrunda mübarizənin növbəti səhnəsinin Mərkəzi Asiyada yaşanacağını səsləndirmişdi. O, “səbəb dünyada yeni münasibətlərin yaranması, çoxqütblülükdür. Bu gün təkcə bizim postsovet məkanımız, onun Avropa hissəsi üçün mübarizə getmir, bu gün bizim (keçmiş sovet) respublikalarımızın yerləşdiyi Mərkəzi Asiya uğrunda da mübarizə gedir”, - deyə baş verənləri şərh edib.
Aleksandr Lukaşenko bu ilin əvvəlində Qazaxıstanda baş verən kütləvi etirazlardan sonra Özbəkistanda sabitliyin pozulmaq təhlükəsindən danışmışdı. Diqqət edin, Lukaşenko keçmiş sovet respublikalarını "bizim" adlandırır. “Bir tərəfdən avropalılar və amerikalılar, digər tərəfdən Çin Mərkəzi Asiyanın ayaq üstə qalmasına böyük kömək edir. Bu mübarizə yaxın gələcəkdə Mərkəzi Asiyada olacaq, bunun əlamətləri artıq özünü göstərib”, - deyən Lukaşenko bölgənin bölüşdürülməsi uğrunda gedən mübarizədə Rusiyanın adını çəkmir, diqqətləri Moskvadan yayındırır və Mərkəzi Asiya uğrunda əsas iddiaçının Kreml olduğunu etiraf etmir. Necə deyərləri "it itin ayağını basmaz".
Gələk Özbəkistana. Yaddaşımızı təzələyək - 2022-ci il 16 may tarixində prezident Putinin Özbəkistana KTMT dəvətnaməsinə nəzər salaq. Göstərilən tarixdə prezident Putin Özbəkistanı rəsmi şəkildə KTMT-yə dəvət etdi. Özbəkistansa Putinin bu çağırışından sonra Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı. Bu yaxınlarda isə prezident İlham Əliyevin Özbəkistan səfəri baş tutdu. Həm də yüksək səviyyədə. Post-sovet ölkələrinin ünvanına təhdidlər sovuran və onlara rus-belarus birliyinə yaxınlaşmağı məsləhət görən Lukaşenkonun da ifadələrindən bəlli olur ki, Putin digər post-sovet ölkələrinə qarşı dəfələrlə çeynəyib-istifadə etdiyi metodu indi də Özbəkistana qarşı işlətməyə qərar verib. Bu dəfə bir az fərqli şəkildə-Gürcüstana, Ukraynaya, Moldovaya, Azərbaycana qarşı tətbiq etdiyi separatçılıq kartını indi eyni türk kökənli xalqın və iki türk dövlətinin bir-birinə qarşı qoyulmasıyla Moskva öz planına daha şeytani və fitnəkar tərzdə start verdi. Əlbəttə, söhbət qaraqalpaqlardan, özbəklərdən və qazaxlardan, bir az uzaqdan baxsaq Özbəkistanla Qazaxıstanın arasının açılmasından gedir. Səbəb - ilk növbədə çoxdan çürümüş, SSRİ-dən - "anadan şikəst doğulan" MDB-nin alternativi olmaqda önə çıxan, Türkiyənin çalışmaları, cidd-cəhdləri ilə təməlləri atılan, ilk addımlarını atmaqda olan Türk Dövlətləri Birliyinin içinə nifaq toxumları səpmək, onu içəridən sarsıtmanın əsaslarını qoymaqdır.
Qaraqalpaq bölgəsi Özbəkistan ərazisinin 40%-ni tutur və burada 1,8 milyon əhali yaşayır. Özbəkistanın 60% ərazisində isə 35 milyona yaxın insan yaşayır. İlk baxışdan görünüşə görə, çaxnaşmalara səbəb prezident Şavkat Mirziyoyevin ölkə konstitusiyasını dəyişdirmə təşəbbüsü oldu. Yeni konstitusiya dəyişikliyində Qaraqalpaqıstan Muxtar Respublikasının müstəqil olması və başqa dövlətə birləşməsi maddəsinin çıxarılması istənildi. Nəticə o oldu ki, bölgə qaynadı, mitinqlər başladı.
Ədalət naminə deyək ki, gözünü keçmiş post-sovet məkanına dikməkdən vaz keçməyən və yüksək tribunadan hər imkanda bunu bəyan edən Rusiya üçün köhnə maddələr göydəndüşmədir. Çünki bu maddələr Rusiyaya Özbəkistana daim təzyiq etmək, vəziyyəti daim gərgin saxlamaq imkanı verir. Amma məntiqlə də dövlət təhlükəsizliyinə təhdid xarakteri daşıyan hər cür cəhdin qarşısını almalı olan Özbəkistan bu haqqı Qaraqalpaqstandan almalıdır. Bu onu ov gözündə görən dövlətlərdən qaynaqlanan təhdidləri qabaqlamaq baxımından Özbəkistan üçün çox vacibdir.
Yeri gəlmişkən, burada bir məqamı qeyd edək ki, yeni konstitusiyada haqqında söhbət gedən dəyişikliklər Qaraqalpaqıstan muxtariyyətinə aid olan "suverenlik" və qurumun "referendum yolu ilə Özbəksitanın tərkibindən çıxmaq" hüququna aid idi. Burada tarixi arayış nümunəsində deyə bilərik ki, Qaraqalpaqstan SSRİ-nin çöküş dönəmində digər 15 respublika ilə eyni cərgədə müstəqilliyə iddia edirdi, lakin İslam Kərimovun cidd-cəhdləriylə Özbəkistan parçalanmaqdan, qaranlığa yuvarlanmaqdana qurtuldu. Sovet dönəmində bu bölgə həm Qazaxıstan Respublikası, həm Rusiya Federasiyası tərkibində olub. Rusiya KİV-lərində qaraqalpaqların qıpçaqların soyundan olduqları, özbəklərdən fərqli olduqları aşılanır ki, əlbəttə, bu da Rusiyanın əsrlərlə türk xalqları içində ayrılığı, fərqliliyi təlqin edib, "parçala idarə et" siyasətinin bariz nümunəsidir.
Yuxarıda da dediyimiz kimi MDB-ni və KTMT-ni rus imperiyasını diriltmək üçün platsdarma çevriməklə hər yola əl atan Moskvanı əsas narahat edən onun arxa bağçası hesab etdiyi məkanın əlindən sürüşüb gedərək Türk Dövlətləri Birliyinin məkanına çevrilməsidir.
Belə ki, məlum olduğu kimi son aylarda türk dövlətlərinin rəhbərləri Turanın vahid nəqliyyat, iqtisadi, mədəni və tarixi məkanını (tarixən bura təkcə türk xalqları və dövlətləri daxil deyil) bərpa etmək üçün çox böyük səylər göstərirlər. Yəni Turanın inteqrasiyasının digər aspektləri kimi iqtisadi baza da meydana gətirilmiş olacaq. Göründüyü kimi, inteqrasiya proseslərinin əsas lokomotivləri Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistandır. İnteqrasiyanın necə gedəcəyi məsələsində çox şey Özbəkistandan asılıdır.
Aydındır ki, bir sıra güclər vahid Turan məkanının yenidən yaradılmasında o qədər də maraqlı deyil və ya onun formalaşmasına nəzarəti ələ almağa çalışırlar. Xüsusən də Çin, Rusiya, ABŞ və bir sıra Avropa ölkələri Turanın ya durdurulmasını, ya da “idarə olunan” Turanın formalaşdırılmasını vacib sayır. Demək lazımdır ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada bir neçə zəif həlqə var ki, burada ortaya atılan badalaqlarla yaranan layihəni parçalamağa cəhd etmək olar. Bildiyimiz kimi, bolşeviklər 20-ci əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan Ermənistana verməklə və Özbəkistanın Xəzər dənizinə çıxışını məhdudlaşdırmaqla türk məkanı vasitəsilə Çindən Türkiyəyə qədər olan nəqliyyatı və iqtisadi əlaqəni həmişəlik kəsə bildilər.
Bundan əlavə, rəsmi Daşkəndə məlum idi ki, Nukusda və muxtar Qaraqalpaqstanın digər bölgələrində xarici qüvvələr yerli əhali ilə elitalar arasında narazılıq yaradır. Üstəlik, istənilən ölkədə müxtəlif növlü narazılıq üçün hər zaman səbəblər var - lakin onları həll etmək lazımdır. Üstəlik, burada ciddi neft və qaz yataqları aşkar edilib və Qaraqalpaqstanın Özbəkistan üçün tranzit rolu artır. Belə ki, Özbəkistanda böyük neft və bitum yatağı kəşf edilib. Bu Zərəfşan çökəkliyində yerləşir və işlənməsini "Sanoat Energetika Guruhi" və "Kontiki-Exploration" şirkətləri aparır. Yataq “Yanqi Özbəkistan” (Yeni Özbəkistan) adlandırılıb.
Bitumlu neft ehtiyatları təxminən 100 milyon ton qiymətləndirilir. Burada ildə 1500 quyu qazmaq şərti ilə 2025-ci ilədək maksimal illik hasilat səviyyəsi 1 milyon ton səviyyəsində proqnozlaşdırılır. Quyuların axtarışı zamanı neftlə doymuş qravelit və qumdaşı layları, ekstravskoz neft və bitum aşkar edilmişdir. Yaxın 12 il ərzində bu sahəyə 2,5 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Onun işlənməsində ABŞ, Kanada və Rusiya neft-servis şirkətləri iştirak edirlər. 2030-cu ilədək neft hasilatının 1,6 milyon tona çatdırılması planlaşdırılır. Hazırda hasilatı ildə 425 min tondan 500 min tona çatdırmaq mümkün olub. Beləliklə, Özbəkistan yaxın gələcəkdə idxal olunan xam nefti azalda və öz xammalından emal məhsulu istehsal edə biləcək.
Xatırladaq ki, Özbəkistan artıq Transxəzər layihələrinə qoşulmaq üçün Xəzərin Türkmənistan sahillərində özünə liman obyektləri icarəyə götürüb və bu tip obyektləri həm də tikir. Və beləliklə intriqa böyüyür.
Göründüyü kimi, Özbəkistan TDB-də mühüm halqadır və sürətli inkişaf yolundadır. Bu səbəbdən rəsmi Daşkəndi durdurmaq üçün Qaraqalpaqstanda narazılıq ritorikasını "kor çiban" kimi deşmək lazım idi. Ola bilsin ki, bu səbəbdən Özbəkistanda dəyişikliklərlə bağlı referendumda Qaraqalpaqstanın muxtar suverenliyinin ləğvi haqqında bənd daxil edilib. Məqsəd Qaraqalpaqıstanda vəziyyətin dəqiq kimin və hansı qüvvələrin dəstəyi ilə partladılacağını aşkarlamaq, bunda hansı qüvvələrin maraqlı olduğunu ortaya çıxarmaq, yəni bütün şəbəkəni üzə çıxarmaq və "izlərin hara apardığını" öyrənmək idi. Prezident Mirziyoyevin Nukusa vaxt itirmədən tez gələrək Qaraqalpaqstan rəhbərliyi və fəalları ilə görüşməsinə məhz bu məqam haqq qazandırır. İğtişaşlar Qaraqalpaqstan rəhbərliyində kimin təhrikçi, kimin sponsor, kimin icraçı olduğunu mükəmməl anlamağa imkan verdi. Bu isə o deməkdir ki, xarici qüvvələrin Qaraqalpaqıstanı partlatmaq cəhdinin qarşısı müvəqqəti alınıb... Amma yenə də problemi kökündən həll etmək lazımdır.
Sonda bir haşiyə çıxaraq deyək ki, Özbəkistan Qazaxıstanla sərhəddə insan və nəqliyyatın giriş-çıxışını texniki səbəblərdən təxirə salıb…
Ülviyyə ŞÜKÜROVA