​RUSİYANIN NÜVƏ SİLAHINDAN İSTİFADƏ EHTİMALI İNDİ DAHA BÖYÜKDÜR… - Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutundan şok açıqlama

Baxış sayı:
1102

“Ukraynada Rusiya prezidenti Vladimir Putinin diktatura rejiminin başlatdığı müharibə nüvə dövlətləri arasında gərginliyi artırıb. Beləliklə, bu gün dünyada nüvə silahından istifadə riski “Soyuq müharibə”dən bəri ən yüksək həddə çatıb”.
Muxalifet.az
xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) "təhlükəli silahlar”la bağlı illik xülasəsində dərc edilib.
SIPRI-nin məlumatına görə, “nüvə klubu”nun bütün üzvləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya qarşıdakı illərdə döyüş başlıqlarının sayını artırmaq niyyətindədirlər və onların nüvə arsenallarını modernləşdirirlər.
"Son bir ildə həm nüvə silahlarına nəzarət, həm də nüvə tərksilahı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə baxmayaraq, nüvə silahından istifadə riski hazırda soyuq müharibənin qızğın vaxtından bəri hər zaman olduğundan daha yüksək görünür", - SIPRI direktoru Dan Smith bildirib.
SIPRI kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq da bu fikirdədir ki, dünyanın bütün nüvə gücləri öz arsenallarını artırır və ya təkmilləşdirir.
"Əksər ölkələr nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rola getdikcə daha çox yer ayırır. Bu, çox narahatedici tendensiyadır", - deyə o bildirib.
SIPRI eksperti Hans Kristensenin sözlərinə görə, soyuq müharibənin bitməsindən bəri davam edən nüvə silahlarının azaldılması prosesinin başa çatdığına dair “açıq əlamətlər var”.
2022-ci ilin yanvar ayına olan məlumata əsasən, yerləşdirilmiş nüvə başlıqlarının sayına görə lider ölkələr bunlardır:
ABŞ - 1744 (ehtiyatla birlikdə - 3708);
Rusiya - 1588 (4477);
Fransa - 280 (290);
Böyük Britaniya (2021-ci ildə ölkə nüvə başlıqları haqqında məlumatları dərc etməkdən imtina edib) - 120 (180).
Pakistanın da nüvə anbarı var - 165 döyüş başlığı, Hindistan - 160, İsrail - 90 və Şimali Koreya - 20.
Bununla bağlı xatırlatmaq yerinə düşər ki, artıq Ukraynaya qarşı müharibənin başlamasının üçüncü günündə Putin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmişdi.
SIPRI onu da xatırladır ki, Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir, ümumilikdə müxtəlif məhsuldarlığa malik 5977 nüvə başlığı var ki, bu da ABŞ-dan təxminən 550 ədəd çoxdur. Və birlikdə Rusiya və Amerika dünyadakı bütün döyüş başlıqlarının 90%-dən çoxuna sahibdir.
Bununla belə, SIPRI-nin qeyd etdiyi kimi, yaxın gələcəkdə 300-ə yaxın yeni raket buraxılış qurğusunu istifadəyə vermək niyyətində olan Çin onları üstələməyə can atır.
SIPRI-nin məlumatına görə, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər döyüş başlıqlarının ümumi sayı 13.080-dən 12.705-ə düşsə də, onlardan ən azı 2.000-i daim yüksək hazırlıq vəziyyətindədir.
İnstitutun qeyd etdiyi kimi, ehtiyatların azalması Rusiya və ABŞ-ın köhnəlmiş sistemləri sıradan çıxarması və istifadəyə yararlı döyüş başlıqlarının sayının eyni səviyyədə qalması ilə bağlıdır. Bununla belə, SIPRI arsenalların növbəti onillikdə daha da artacağını proqnozlaşdırır.
Muxalifet.az