BEYNƏLXALQ SİSTEMİN YENİDƏN QURULMASI… - Rusiya-Ukrayna müharibəsindən sonra dünya siyasətində nə kimi dəyişikliklər gözlənilir… / TƏHLİL

Rusiyanın Ukraynaya qarşı başlatdığı və beynəlxalq ictimaiyyətin böyük narahatlığına səbəb olan müharinə yüz gündən artıqdır ki, davam edir. Bu, təkcə iki ölkə arasında baş verən müharibə deyil, həm də beynəlxalq sistemdə ciddi fikir ayrılıqları, ziddiyyətlər, toqquşmalardır. Moskvanın nöqteyi-nəzərindən “xüsusi hərbi əməliyyat”ın əsas məqsədlərindən biri ABŞ-ın Avropadakı dominant statusunu məhv etməkdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirib ki, bütün bunlar ABŞ-ın hakim olduğu dünya nizamına son qoymaq və bərabərhüquqlu beynəlxalq birliyin qurulmasına kömək etmək üçün edilir. Vaşinqton və Brüsselin reaksiyası da fərqlidir. Onların tətbiq etdiyi sanksiyalar, sadəcə, toqquşmada olan tərəflərdən birinin sıxışdırılması deyil, həm də Qərblə Rusiya arasında ticarət, maliyyə, texnologiya və enerji əlaqələrini dayandırmağa, habelə dünya ticarət-iqtisadi sisteminin və qlobal idarəetmə sisteminin yenidən qurulmasına hesablanıb. Ona görə də həm Rusiya, həm də ABŞ bu münaqişədə fundamental məqsədlər güdürlər.
“Soyuq müharibə”dən sonrakı sistemə üç zərbə
1998-ci ildə Rusiya G7-yə qoşulmaq üçün dəvət aldı və G8-in üzvü oldu. 2001-ci ildə Çin “Soyuq müharibə” başa çatdıqdan sonra beynəlxalq sistemin yenidən formalaşması nəticəsində ÜTT-yə daxil oldu. Yənin Amerikanın iki əsas rəqibi olan Rusiya və Çin bu sistemə daxil edildi. Demək olar ki, ABŞ-ın Pekinə və Moskvaya beynəlxalq sistemə qoşulmasına icazə verməsi geosiyasi və ideoloji fikir ayrılıqlarının aradan qaldırılması ilə əlamətdar oldu. Çünki o zaman ABŞ inklüziv qlobal sistemin qurulmasına diqqət yetirmişdi. Lakin sonrakı 20 il ərzində o üç dəfə “vuruldu”.
Bunlardan birincisi İraq müharibəsi idi. Hansı ki, Amerika BMT-dən yan keçməklə, açıq şəkildə təşkilatın beynəlxalq təhlükəsizlik sahəsində üstünlüyünə və onun nizamnaməsi ilə müəyyən edilmiş bir sıra mühüm normalara meydan oxudu. Bu, təkcə BMT sisteminə deyil, həm də ABŞ-ın müttəfiqləri ilə münasibətlərinə də təsir etdi. Çünki onlardan bəziləri, məsələn, Fransa və Almaniya İraqda hərbi əməliyyatlara qəti şəkildə qarşı idi. İlk zərbə yalnız beynəlxalq sistemə ziyan vurdu, ancaq onu məhv etmədi. O niyə yıxılmadı? Bunun iki əsas səbəbi var. Birincisi, o dövrdə mövcud olan şəraitdə ABŞ-ın güc baxımından əhəmiyyətli üstünlüyü var idi və beynəlxalq ictimaiyyətin Vaşinqtonun hərəkətlərinə reaksiyası məhdud idi. Bir çox ölkələr narazı olsalar da, cəsarət edərək Amerikaya qarşı mübarizə apara bilmədilər. Bu, hegemonluğun mühüm rol oynadığı beynəlxalq sistemin qeyri-sağlam tərəfidir.
İkinci səbəb odur ki, ABŞ İraq və Əfqanıstandakı iki müharibədə ağır bədəl ödədi və bundan sonra özünü tənzimləməkdə çətinlik çəkdi. Belə ki, Barak Obama hakimiyyətə gəldikdən sonra ölkə çoxtərəfliliyə meyl etdi.
İkinci zərbə isə Donald Tramp administrasiyasından gəlib. Onun beynəlxalq sistemə təsirinin bir tərəfi də birtərəflilik və “qrupdan çıxmaq”dır ki, bu da bir çox beynəlxalq mexanizm və qaydalara ciddi ziyan vurub. Digər təzahür Çinə qarşı görünməmiş ticarət müharibəsi idi ki, bu müharibə nəinki qlobal təchizat və sənaye zəncirini vurdu, həm də beynəlxalq ticarət və iqtisadi sistemin normalarını məhv etdi. Belə ki, Trampın prezidentliyi dövründə beynəlxalq sistemə ziyan dəydi, onun qaydalarının dağıdılması və dünya nizamının zəifləməsi baş verib. Co Bayden vəzifəyə gəldikdən sonra, bir tərəfdən bəzi çoxtərəfli mexanizmlər və müttəfiqlər sistemi bərpa edildi, digər tərəfdən, xüsusilə Çin siyasəti, beynəlxalq ticarət və iqtisadiyyatın yenidən qurulması baxımından bir sıra sələf təcrübələri “miras qaldı”. Bu mənada Trampın beynəlxalq ticarət və iqtisadi sistemə vurduğu ziyan davam edir və artır.
Nəhayət, üçüncü zərbə Rusiya-Ukrayna müharibəsi və Qərbin sanksiyalarıdır. Sanksiya olmadan iki ölkə arasında toqquşma beynəlxalq sistemə məhdud təsir göstərir, çünki o, yerli xarakter daşıyır. Bununla belə, çoxsaylı anti-Rusiya tədbirləri paketi nəinki əhatə dairəsinə görə görünməmiş, həm də müəyyən edilmiş beynəlxalq qaydaları ciddi şəkildə pozur. Bu sanksiyaların beynəlxalq sistemə təsiri böyük və uzunmüddətli olacaq.
Dörd yeni tendensiya
Hazırda ABŞ-ın Çinlə strateji rəqabəti və Rusiyaya tətbiq etdiyi sanksiyalar arasında rezonans var. “Soyuq müharibə”dən sonrakı beynəlxalq sistem geosiyasəti və ideologiyanı aşmağa çalışır. Bununla belə, Donald Tramp Çinlə strateji rəqabətə başladığı vaxtdan Amerika geosiyasəti və ideologiyanı geri götürüb və xarici siyasətində onları prioritet edib. Çinlə münasibətlərə gəlincə, ABŞ qloballaşma və bazarlardan daha çox, “dəyər sistemi” deyilən sistemə diqqət yetirir. Bu səbəbdən, Çinlə davam edən strateji rəqabət və Rusiyaya qarşı sanksiyalar birlikdə dörd əsas tendensiyanı gücləndirir və sürətləndirir.
Birincisi, qarşılıqlı asılılığın “silah”a çevrilməsi. İqtisadi qarşılıqlı asılılıq bazar, texnoloji, maliyyə və digər aspektlərdə təzahür edir və bu, iqtisadi fəaliyyətin nəticəsidir. Amma indi o Qərb tərəfindən Çin, Rusiya və bəzi başqa ölkələrə (məsələn, İran, Şimali Koreya və s.) qarşı mühüm silah kimi istifadə olunur.
İkincisi, iqtisadi münasibətlərin təhlükəsizliyi. Bu gün ABŞ və bəzi Qərb ölkələri iqtisadi əlaqələrin təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirirlər. Texnologiya, investisiya və ya istehsal zənciri strukturundan asılı olmayaraq, nəzərə alınmalı ilk şey sözdə təhlükəsizlik məsələləridir. İqtisadi münasibətlərin təhlükəsizliyi qloballaşmanın məntiqini ciddi şəkildə zədələyib, hətta sıradan çıxarıb.
Üçüncüsü, beynəlxalq ictimai malların alətə çevrilməsi. Amerika dollarına əsaslanan beynəlxalq ödəniş sistemi beynəlxalq təzyiq mexanizminə çevrildi. Yəni dollar Amerika tərəfindən getdikcə daha çox xarici siyasət aləti kimi istifadə olunur.
Dördüncüsü, beynəlxalq münasibətlərin ideolojiləşdirilməsi və ya Qərb dili ilə desək, “dəyər oriyentasiyası”. Bugünkü beynəlxalq münasibətlər getdikcə daha çox “dəyərlər sistemi” üzərində qurulur. Bu yaxınlarda Co Bayden Hind-Sakit okean strategiyasını təbliğ etmək üçün Asiyaya səfər etdi və bunda əsas bayraqlardan biri məhz “dəyər sistemi” idi.
Üç nəticə
Bu kontekstdə qlobal ticarət-iqtisadi sistem, qlobal idarəetmə sistemi və beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalacaq.
Birincisi, iqtisadi qloballaşmadan iqtisadi konsolidasiyaya keçid. Dünya tədricən müxtəlif ticarət, texnoloji və valyuta bloklarına parçalanır. Biz Qərbin, xüsusən də ABŞ-ın ticarət, texnologiya, investisiya və sənaye zəncirlərində “desinfikasiyasının”, eləcə də dünyanın bir çox ölkələrinin pul sferasında “de-dollarizasiyasının” şahidi olduq. Amerikanın Rusiyaya qarşı dollardan “silah” kimi istifadə edən sanksiyaları qısa müddətdə ona təsir göstərə bilər. Lakin bu, uzunmüddətli perspektivdə ABŞ valyutasının beynəlxalq nüfuzunu zəiflədəcək və bir çoxlarını ABŞ dollarından asılılığını azaltmaq barədə düşünməyə sövq edəcək.
İkincisi, qlobal idarəetmə sisteminin zəifləməsi və ya hətta parçalanması. Məsələn, bu il ABŞ Rusiyadan G20 toplantısından çıxmağı tələb etdi. G-20-nin gələcəkdə həqiqətən də makroiqtisadi koordinasiya üçün əsas platforma rolunu oynaya biləcəyi açıq sual olaraq qalır. Birləşmiş Millətlər Təşkilatında bir tərəfdən Rusiya və Çin, digər tərəfdən ABŞ və onun müttəfiqləri arasındakı fikir ayrılıqları getdikcə daha aydın görünür. Bu fenomen tədricən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına və qlobal idarəetmənin digər mexanizmlərinə yayılacaq. Bu sahədə əməkdaşlıq əvvəlcə geosiyasət və ideologiyadan kənara çıxır, lakin Amerika getdikcə bu iki amili bu platformalara gətirir. Gələcəkdə bu, qlobal idarəetmə sisteminin funksiyasını zəiflədəcək və hətta onun müəyyən bölünməsinə gətirib çıxara bilər.
Üçüncüsü, beynəlxalq münasibətlərin yenidən qurulması. Görünən odur ki, dünya oyunu Rusiya ilə Ukrayna arasındakı müharibə ətrafında gedir. Məsələn, BMT Baş Assambleyasının Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməsi, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırması buna əyani sübutdur. Bu o deməkdir ki, əməkdaşlığa və konsensus axtarışına yönəlmiş hazırkı beynəlxalq münasibətlər zəifləyir və iki əks düşərgəyə, yaxud bir neytral düşərgəyə parçalanmağa meyllidir. Neytral düşərgənin iştirakçıları tərəf tutmaq istəmirlər, praktiki yanaşmaya sadiqdirlər, problemlərin həllinə köklənirlər, müxtəlif məsələlərdə fərqli mövqe tuturlar.
Bu tendensiyalar nə qədər davam edəcək? Bu, təkcə Qərbin Rusiyaya münasibətindən deyil, Çinə münasibətindən də asılıdır. Rusiya Amerika hegemonluğuna son qoymaq istəsə də, potensial və siyasi oriyentasiya baxımından Rusiya daha dağıdıcı rol oynayır, yəni ABŞ-ın sistem üzərindəki hegemon hökmranlığını zəiflədir. Bununla belə, birgə beynəlxalq sistemin qurulması daha çox Çinin və digər inkişaf etməkdə olan ölkələrin seçimlərindən və hərəkətlərindən asılı ola bilər.
Vu Cinbo,
Fudan Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri
Tərcümə etdi: Qafqaz.media