​Çoxdan bu adamın qulağını burub, təpəsi aşağı tullamaq lazım idi – ELDAR SABİROĞLU CAHANGİR ƏSGƏROVU “YIXIB-SÜRÜDÜ”

Baxış sayı:
1471

Bu AZAL-ın sahibi-yiyəsi var, ya yox?.. Deyəcəksiniz ki, niyə yoxdur, Cahangir Əsgərov boyda dağ dayanıb arxasında. Ay belə “dağ”ın başına göydən yekə bir qara düşsün. Uzun illərdir ki, AZAL-ı yaman günə qoyub, necə istəyir, o cür də idarə edir. Çoxdan bu adamın qulağını burub, təpəsi aşağı tullamaq lazım idi.
Cənab prezident!
Sizin Azərbaycanda həyata keçirdiyiniz iqtisadi-sosial işlərin üzərinə kölgəni Cahangir Əsgərov kimi adamlar salır. Və sizə də görünür, rəhbəri olduğu sahənin inkişafı barədə utanıb-qızarmadan saxta, yalan məlumatlar verir.
Burdaca kiçik bir haşiyəyə ehtiyac duyuram. Vaxt varıydı ki, içi qarışıq  elə mənim özüm də dövlətin, ordunun müharibə siyasətindən giləylənərdik ki, bir kəndi belə qaytara bilmirik. Ancaq zaman gəldi, qısa müddətdə, 44 günə 30 il işğal altında qalan torpağımızın xeyli hissəsini geri qaytardıq. Ölkədə baş verən müəyyən qüsur və çatışmazlıqlardan narazılığım olsa da, ədalət naminə deməliyəm ki, istər müharibə qələbəmizdə, istərsə də son illər aparılan quruculuq işlərində prezident İlham Əliyevin müstəsna xidmətləri vardır və bunu dəyərləndirməmək insafdan deyildir.

Lakin nə pis ki, Cahangir Əsgərovun timsalında hər şeydən pul çıxarmağa aludə olanların qara niyyətləri cəmiyyətdə dövlət başçısının ictimai tənqidinə yönəlik söz-söhbətləri artırır. Misal üçün, Naxçıvana təyyarə biletinin gediş-gəliş qiymətinin nə az-nə çox 500 manata qaldırılması camaatın haqlı narazılığına səbəb yaratmışdır. Bölgədə hamı yağ-bal içərisində yaşamır ki, hətta gəzdirməyə evinin itinə də xüsusi maşın ayıran AZAl rəhbəri bir izahat versin görək, hansı dövləti ehtiyac onu bu cür vicdansız addım atmağa vadar edib!? İnsanlar narahatdır, ancaq hökumətin bir aydınlaşdıma mövqeyinin olmaması acı təəssüflər doğurur.
Mənə görə Naxçıvanın, Qarabağın, Şəki və Şirvanın adi bir çobanının dəyər və qiyməti haram varidat üzərində topdagıtmaz səltənət qurmuş Cahangir Əsgərovdan müqayisə olunmaz dərəcədə üstündür.
Eldar SABİROĞLU