SƏRDAR CƏLALOĞLU ELMİRA AXUNDOVANIN 1 MİLYONA SƏFİR TƏYİN OLUNDUĞUNU DEYİB? – ADP sədri iddialara aydınlıq gətirdi...

Bəzi xəbər portalları Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından şok iddia irəli sürüb.
Məlumata əsasən, S.Cəlaloğlu internet telekanallarından birinə verdiyi açıqlamada, guya, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın bu vəzifəyə təyin olunmaq üçün 1 milyon manat rüşvət verdiyini bildirib.
Məsələ ilə bağlı Hurriyyet.az ADP sədrinin mövqeyini öyrənib. S.Cəlaloğlu bildirdi ki, jurnalist onun sözlərini təhrif edib: “Mən mətbuatda Elmira Axundovanın 1 milyon manat verərək səfir vəzifəsinə təyin olunduğu haqda informasiyalar olduğunu demişəm. Üstəlik, bu xəbər yeni də deyil, hələ illər öncədən müxtəlif saytlarda bu haqda informasiyalar dərc olunub. Maraqlanan şəxslər internetdə axtarış aparmaqla, bununla bağlı kifayət qədər məlumat əldə edə bilər. Mən də onu bildirmişəm ki, sözügedən məlumatlar müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Yoxsa, əlimdə heç bir sübutum olmadığı halda, mən Elmira Axundovanın 1 milyon verib, səfir vəzifəsinə təyin olunduğunu necə deyə bilərəm?! Hər kəsə bəllidir ki, belə vəziyyətdə rüşvəti alan və verən şəxsdən başqa heç kimin məlumatı ola bilməz. Ən uzağı onların 1-2 nəfər sadiq adamlarının xəbəri ola bilər ki, onlar da bu informasiyanı heç bir halda kənara ötürməzlər. Bu isə o deməkdir ki, mən sübut edə bilməyəcəyim rüşvət faktının mövcudluğunu iddia etmərəm. Bu səbəbdən, güman edirəm ki, bunu yazan jurnalist fikrimi ya məqsədli şəkildə konteksdən çıxarıb, ya da yanlış anlaşılma nəticəsində təhrifə yol verib”.