PUTİNƏ ŞOK ZƏRBƏ: RUS HƏRBÇİLƏR ÜSYANA QALXDI! – “Müharibə başlayandan bəri ac və dərmansızıq...”

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 100-cü günündə rus əsgərlər kamera qarşısına keçərək Putinə açıq şəkildə üsyan etdilər.
Xatırladaq ki, rus əsgərləri bu günədək dəfələrlə Ukraynada yaşadıqları dəhşətlərdən şikayətlənib, bir çoxu əmrlərə tabe olmayıb, silahlarını yerə qoyublar. Hətta dünya mətbuatı onların narazılıqlarının əks olunduğu səs yazılarını da yayıb.
Qafqaz.media xəbər verir ki, bu dəfə əsgərlər öz istəyi ilə kamera qarşısına keçərək Rusiya prezidenti Putinə səsləniblər.
Telegram-da yayımlanan görüntülərdə separatçı “Donetsk Xalq Respublikası”nın 113-cü atıcı alayından olduqlarını bildirən əsgərlər cəbhə xəttində döyüşmək üçün Ukraynaya göndərildiklərini, lakin soyuqda aylarla dərmansız və yeməksiz qaldıqlarını bildirərək, açıq şəkildə Putin rejiminə üsyan ediblər.
Əsgərlərinin lazımi avadanlıq və tibbi ləvazimatlarla təmin olunmadığını deyən rota komandiri heç bir şəkildə hərbi xidmətə çağırılmamalı olan xroniki xəstələrin müharibənin ortasına atıldığını iddia edib.
"113-cü atıcı alayın 5-ci piyada batalyonu Ukraynanın Xerson vilayətində ön cəbhədə idi. Həmin vaxt şəxsi heyət soyuğa və aclığa qalib gəldi və biz maddi yardım, tibbi ləvazimat və yeməksiz bir müddət ərzində döyüşə bildik”, - komandir sosial mediada sürətlə yayılan videoda bildirib.
Əsgərlərin heç bir tibbi müayinədən keçmədən döyüş meydanına göndərildiyini bildirən komandir, "Bizim batalyonda elə adamlar var ki, Donetsk Xalq Cümhuriyyətinin qanunlarına görə əsgərliyə getməli deyillər. Məsələn, xroniki xəstəlikləri olanlar, psixi problemləri olan insanlar və s.", - vurğulayıb.
"Ali komandanlıq bizim şikayətlərimizi təxribat kimi yozur" deyən komandir, "zabitlərinizə hörmət edin. Əsgərlərinizi ölümə göndərməklə nə əldə edə bilərsiniz", - deyə sual edir.
Dünya mətbuatında və sosial mediada geniş əks-səda doğuran bu videoçarx Donbasda şiddətli və qanlı qarşıdurmalar getdiyi bir vaxtda ortaya çıxdı. Lakin videodakı bölmənin yüzlərlə kilometr aralıda, işğal olunmuş şəhərin yaxınlığında yerləşdiyi güman edilir.