KAMRAN XƏLİLOVUN AİLƏ ÜZVLƏRİNƏ TƏZYİQLƏR DAVAM EDİR

Bir neçə ay əvvəl evdə “silah axtaran” gürcü polisi bu dəfə “qanunsuz su çəkilişi” bəhanəsi ilə evə hücum edib
Bir neçə ay əvvəl Gürcüstan xüsusi xidmət orqanlarının “Borcalı” İctimai Birliyinin rəhbər heyətində təmsil olunan şəxslərlə bağlı araşdırma apardığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, “Borçalı” İB-nin sədri Kərəm Məmmədovun Xaricdə Yaşayan Soydaşlarla Əlaqələr üzrə müavini Kamran Xəlilovun (Güllər) ailə üzvləri ciddi təzyiqlərə məruz qalır.
Xatırladaq ki, Gürcüstan xüsusi xidmət orqanları Kamran Xəlilovun Bolnisi rayonunun Faxralı kəndində yaşayan anası, qardaşı və digər qohunmlarına müxtəlif bəhanələrlə təzyiqlər edir. Belə ki, K.Xəlilov “evində qanunsuz silah saxladığı” iddiası ilə gecə saatlarında çox sayda polis əməkdaşı qonşuların hasarlarından aşaraq, evə basqın təşkil ediblər. Bu zaman Kamran Xəlilovun qardaşı Musa Xəlilov polislərin qanunsuzluğuna etiraz etdikdə, onu avtomatın qundağı ilə vuraraq yerə yıxıblar və o, huşunu itirib. Üstəlik, anası Sevil xanıma qarşı da kobud rəftar ediblər. Daha sonra Musa Xəlilovu özləri ilə Bolnisi rayon polis şöbəsinə apararaq, orada qardaşının fəaliyyəti ilə bağlı ona fiziki və psixoloji təzyiqlər göstəriblər.
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, Gürcüstan xüsusi xidmət orqanları “Borçalı” İctimai Birliyi sədrinin Xaricdə Yaşayan Soydaşlarla Əlaqələr üzrə müavini Kamran Xəlilovun ailəsinə növbəti dəfə hücum edib. Belə ki, çox sayda maskalı şəxs axşam saatlarında evə daxil olaraq yenidən qanunsuz axtarış aparmağa başlayıblar. Ən maraqlısı isə odur ki, polislər guya, K.Xəlilovun evinə qeyri-qanuni olaraq içməli su (“krant”) çəkdirdiyi bəhanəsi ilə basqın etsələr də, bir-bir ailə üzvlərinə məxsus telefonlara və evdəki noutbuka baxış keçiriblər. Bu zaman Kamran Xəlilovun qardaşı Musa Xəlilov məhkəmə qərarı olmadan evdə axtarış aparılmasının, xüsusən də mobil telefonlara və kompüterə baxış keçirilməsinin qanunsuz olduğunu polis əməkdaşlarının diqqətinə çatdırdıqda, maskalı şəxslərdən biri ona fiziki güc tətbiq edərək, zorla evdən bayıra çıxarıb.
Musa Xəlilov
Əldə etdiyimiz məlumata əsasən, Gürcüstan xüsusi xidmət orqanlarının K.Xəlilovun ailəsinə növbəti basqını, əslində, onun siyasi mövqeyi ilə bağlıdır. Belə ki, Gürcüstan vətəndaşı olan Kamran Xəlilov oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycan mediasına müsahibələrində və özünün “Facebook” profilində Mixail Saakaşvili tərəfdarlarına dəstək nümayiş etdirir və Borçalıda yaşayan soydaşlarımızı da müxalifətin namizədinə səs verməyə çağırır. Bu isə, gürcü oliqarx Bidzina İvanişvilinin komandasını ciddi şəkildə narahat edir. Çünki “Borçalı” İctimai Birliyinin Gürcüstandakı nüfuzunun çox yüksək olduğunu yaxşı bilən mövcud hakimiyyət, var gücü ilə bu təşkilatın rəhbər şəxslərini susdurmağa çalışır. Gürcüstandakı mənbəmizin sözlərinə görə, Kamran Xəlilovun ailəsinə “qanunsuz su çəkilişi” bəhanəsi ilə olunan hücum da məhz onun hakimiyyət əleyhinə kampaniya aparması ilə bağlıdır. Gürcüstan hakimiyyəti bu cür təzyiq mexanizmlərini işə salmaqla, K.Xəlilovu öz mövqeyindən çəkindirməyə cəhd edir.
Muxalifet.az