Kadırovun əmisi oğlu Mariupolda çeçenlərə komandanlıq edib – BRİTANİYA KƏŞFİYYATI

“Çeçenistan rəhbəri Ramzan Kadırovun əmisi oğlu Adam Delimxanov Mariupolda çeçen döyüşçülərinin səhra komandiri olub. Bu, Rusiya ordusunun problemlərinin olduğunu göstərir”.
Qafqaz.media xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı “Twitter”-də məlumat yayıb.
Kəşfiyyat məlumatına əsasən, Rusiyanın Mariupolu on həftədən çox mühasirədə saxlamasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin inadkar müqaviməti onlara şəhər üzərində tam nəzarəti bərqərar etməyə imkan vermədi. Nəticədə, Rusiya Federasiyasının şəhərin mərkəzini ələ keçirmək cəhdlərinin qarşısı alındı, işğalçılar ciddi itkilər verdi.
"Ukraynanın müqavimətini dəf etmək üçün Rusiya dəstək personalından əhəmiyyətli dərəcədə istifadə edib. Bura, ehtimal ki, bir neçə min döyüşçüdən ibarət çeçen qüvvələrinin əsasən Mariupol və Luqansk istiqamətlərində cəmləşməsi daxildir", - hesabatda deyilir.
Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, bu qüvvələr həm fərdi könüllülərdən, həm də Çeçenistan Respublikasının başçısı Ramazan Kadırovun hakimiyyətini təmin etməklə məşğul olan Milli Qvardiyanın bölmələrindən ibarətdir. Agentlik ehtimal edir ki, Kadırov onların yerləşdirilməsinə şəxsən nəzarət edir və onun əmisi oğlu Adam Delimxanov Mariupolda çeçen döyüşçülərinin səhra komandiri olub.
Bu cür fərqli heyətin döyüşdə olması Rusiyanın Ukraynadakı əhəmiyyətli resurs problemlərindən xəbər verir və çox güman ki, Rusiyanın əməliyyatlarına mane olmağa davam edən parçalanmış komandanlığın yaradılmasına kömək edir.
Xatırladaq ki, mayın 17-də Mariupol merinin müşaviri Petr Andryuşenko rus işğalçılarının çeçen döyüşçülərini Mariupolun bərpasının “kuratoru”na çevirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ruslar onlara şəhər limanına nəzarət etmək və “talan hüququ” verəcək.
Rəsmi məlumata görə, Ukraynanın işğalında Çeçenistandan olan 2500-ə yaxın silahlı iştirak edib. Onlardan 100-ə yaxını öldürülüb, 300-ü yaralanıb, 60-dan çoxu silah və sursatlarını qoyaraq Ukraynanı tərk edib.
Onu da qeyd edək ki, Ukrayna kəşfiyyatı Çeçenistan hakimiyyəti tərəfindən cəlb edilmiş 2500-ə yaxın yaraqlının şəxsi məlumatlarını dərc etdikdən sonra Çeçenistanda Kadırovçuların müharibəyə cəlb edilməsi dayandırılıb.