RUSİYA NÜVƏ SİLAHINDAN İSTİFADƏNİ MƏŞQ EDİR… - Avropaya taktiki nüvə zərbəsi endirildi

Baxış sayı:
2116

Vladimir Putinin Ukraynadakı müharibəyə müdaxilə edəcək ölkələrə “ildırımsürətli cavab” veriləcəyi ilə hədələməsindən sonra Rusiya ordusu taktiki nüvə silahından istifadəni məşq edib.

Muxalifet.az xəbər verir ki, çərşənbə günü Avropadakı "hədəflərə" mümkün qədər yaxın olan Kalininqrad vilayətində "İsgəndər" komplekslərinin təlimləri keçirilib.

Qərb Hərbi Dairəsinin mətbuat xidməti bildirib ki, 500 km-lik mənzilli və nüvə başlıqlarını daşıya bilən “İsgəndər”lərdən tək və qrup atışları həyata keçiriblər.

Hədəflər "düşmən"in buraxılış qurğuları, aerodromlar, texnika qrupları və komanda məntəqələri olub.

Xatırladaq ki, Putin aprelin 27-də Ukraynada baş verən hadisələrə müdaxilə edən ölkələri “cavabımız ildırımsürətli olacaq” deyə hədələmişdi.

Ertəsi gün Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın hədəf ola biləcəyinə eyham vurdu. Narışkin iddia etdi ki, Polşa ordusu Ukraynanın qərb bölgələrinə daxil ola bilər və ABŞ-la belə bir ssenari üzərində işləyir.

Bir gün sonra Rusiya telekanalları nüvə silahından istifadə çağırışları yayımladılar. “Russia Today”in rəhbəri Marqarita Simonyan Vladimir Solovyovun verilişində dedi ki, Rusiyanın Ukraynadakı məğlubiyyətindən daha çox “nüvə zərbəsi” ehtimal olunur və Putin öz xarakterinə görə çətin ki, “pəncələrini qatlaya”.

Olqa Skabeeva “60 Dəqiqə” proqramında “Sarmat” raketlərinin Avropa paytaxtlarını 2-3 dəqiqəyə “silə biləcəyini” deyib, onun qonağı LDPR deputatı Aleksey Juravlev isə Londonu hədəf almağı təklif edib.