SUMQAYITDA YANMAQDA OLAN YAĞ ZAVODUNDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Əraziyə helikopterlər və qatar cəlb olunub / VİDEO, YENİLƏNİR

Baxış sayı:
2467

DİN Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunub. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

*** 22:06

Sumqayıtda yanğınla əlaqədar əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.

APA-nın xəbərinə görə, hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.

*** 22:04

“Azərsun Holding” Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bu barədə şirkətin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Ərazidə çalışan əməkdaşların hamısı təxliyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək".

*** 21:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

Qafqaz.media xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.