AZƏRBAYCAN DÜNYANIN “KİLİD NÖQTƏSİ”NƏ ÇEVRİLİR –Ukrayna müharibəsi bu sahədə ölkəmizin əhəmiyyətini artırır…

Cənubi Qafqaz ölkələrinin, xüsusilə də Azərbaycan ilə Gürcüstanın beynəlxalq tranzitdə rolunun necə sürətlə artması sadəcə heyrətləndiricidir. Xüsusilə 2 il əvvəl koronavirus pandemiyası fonunda Cənubi Qafqazdan keçən daşımalarının artım perspektivləri bədbin olduğu vaxtda. İrəvan və Moskvada isə ümid edirdilər ki, Çinin Avropaya əsas mal axını Rusiya vasitəsilə olacaq.
Rusiyanın Ukraynaya təcavüzü işləri kökündən dəyişdi. Və ilk növbədə Kremlin özünün qorxduğu şey baş verdi. Çin Cənubi Qafqaz vasitəsilə 240 milyon ton yük axınını Avropaya yolladı.
Çinin ixracatçı şirkətləri beynəlxalq sanksiyalara tus gəlməmək üçün Rusiya ərazisindən bütün növ yüklərin daşınmasından imtina edib. Çinin Şərqi Sibir Dəmir Yolu, Novorossiysk və Murmansk limanları vasitəsilə yük daşıması dayanıb. Bunun əvəzində, Çin təcili olaraq Rusiyadan yan keçən Almaniyaya dəmir yolu marşrutunu işə saldı. Marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçir. Marşrut bir-birinə qoşulmuş dəmir yolu qovşağından və dəniz nəqliyyatının köməyi ilə Xəzər və Qara dənizlərdən keçir. 13 aprel 2022-ci ildə ilk qatar Sian şəhərindən yola düşdü və ekspertlərin fikirncə, bu marşrut bundan sonra Avrasiyanın ən işlək marşrutu olacaq.
Xəzər dənizi ilə tranzit daşımaların kəskin şəkildə artması Çin mallarının əsas “transxəzər” yük axınının keçdiyi Qazaxıstan (Aktau) və Azərbaycan (Ələt) limanlarının iş tempinin maksimum yüklənməsinə səbəb olub.
Gürcüstanın Poti və Batumi dəniz limanlarına heç vaxt olmadığı qədər tələbat artıb. Onlar yükdaşımanın həcmini xeyli artırıblar və öz imkanlarının yol verə bildiyi həddən də çox işləyirlər. MAERSK dəniz tranziti şirkətinin Qara dəniz regionunda biznesin inkişafı departamentinin rəhbəri İrakli Daneliyanın sözlərinə görə, Ukraynada müharibə başlayandan Gürcüstanın liman infrastrukturuna maraq bir neçə dəfə artıb. Bunlar əsasən Avropa və Çindən olan müştərilərdir:
“Müharibədən bir həftə sonra Ukrayna limanları ticarət gəmilərini qəbul etməyi dayandırdı. Həmçinin, Rusiyanın Novorossiysk limanında Rusiyaya qarşı sanksiyalara görə yükləmə müvəqqəti olaraq dayandırılıb. Qara dəniz regionunda əhəmiyyətli dəyişikliklər baş verir, yeni imkanlar yaranır. Tranzit ölkə kimi Gürcüstana maraq artıb”, - deyə ekspert qeyd edir.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da yüklənmiş rejimdə işləyir. Təkcə 2022-ci ilin ilk 3 ayında BTQ xətti ilə daşınan konteynerlərin sayı ötən ilin eyni göstəricilərindən 78,2% çox olub, ən böyük artım isə Ukraynada müharibə başlayandan sonra mart ayında qeydə alınıb.
Bakı-Tbilisi-Qars dəmir yolu Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Cənubi Koreyadan yüklərin və konteynerlərin daşınması üçün sifariş alıb. Bunun üstünə Rusiyadan Avropa İttifaqı, eləcə də Qara və Baltik dənizləri tərəfindən faktiki olaraq “bloklanmış” dəmir yolu yüklərinin axını da gəlir. Rusiya öz yüklərini bu gün Ukraynadakı müharibədən sonra qərb istiqamətində yeganə “pəncərə” olan Azərbaycan, Gürcüstan və Türkiyədən keçirməyə məcburdur.
Transkontinental logistikanı yaxşılaşdırmaq üçün Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan artıq Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə dair dördtərəfli bəyannamə imzalayıblar. Sənəddə Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiya arasında rəqabətədavamlı daşımaların təşviqində mühüm rolu qeyd olunur, həmçinin bu dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin vacibliyi vurğulanır.
Bakı-Tbilisi-Qars dəmir yolunun yüklənməsi ilə yanaşı, Gürcüstan Qazaxıstanla Qara dənizdəki limanları vasitəsilə öz ərazisindən keçməklə nəqliyyat dəhlizi ilə əlavə həcmdə neft və neft məhsullarının daşınması ilə bağlı fəal danışıqlar aparır. O cümlədən, 2022-2023-cü illərdə Batumi neft terminalı vasitəsilə iki milyon tona yaxın Qazaxıstandan neft və neft məhsullarının nəqli planlaşdırılır.
Cənubi Qafqazda həyata keçirilən bütün beynəlxalq marşrutlar və layihələrdə Azərbaycan ilə Gürcüstan əsas rol alır, Ermənistan isə yersiz xülyaları sayəsində bütün proseslərdən kənarda qalıb. Amma regional rifahdan İrəvanın da payı ola bilər. Söhbət Zəngəzur dəhlizinin tez zamanda işə salınmasından, ilk növbədə, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bu yaxınlarda elan edilən Meqridən keçən dəmir yolu hissəsinin sürətləndirilmiş tikintisindən gedir.
İş ondadır ki, Zəngəzur dəhlizində ən çox Ermənistan dəmir yollarına nəzarət edən “Rusiya Dəmir Yolları” (RZD) şirkəti maraqlıdır. Bu gün şübhə yoxdur ki, ruslar Zəngəzurdan keçən yolun sürətlə tikintisi üçün lazımi investisiya resurslarını tapacaqlar. Ancaq ən əsası odur ki, Ermənistan Azərbaycanla beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh müqaviləsi bağlamalıdır.