Rəfail Soltanov saxlanılıb...

Dünən 28 May Metrostansiyasının qarşısında bir qrup müxalifətçi gəncin iştirakı ilə hakimiyyət orqanları ilə razılaşdırılmamış aksiya keçirilib.
Aksiya zamanı hakimiyyət əleyhinə radikal şüarlar səsləndirilməsi polis qüvvələrini sözün əsl mənasında qəzəbləndirib. Kütləyə hücum edən polis və mülki geyimli qoçu dəstələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.
Qarşıdurma zamanı onlarla aksiya iştirakçısı polis əməkdaşlarının zorakılığına məruz qalıb və döyülərək bədən xəsarətləri alıblar. Bir neçə nəfər aksiya iştirakçısı isə həbs olunaraq Polis bölmələrinə aparılıb. Həbs olunanlar arasında digər müxalifət partiyaları ilə yanaşı Müsavat Partiyasının üzvləri də olub. Aldığımız məlumata görə, həmin aksiyanın əsas təşkilatçılarından biri Müsavat Partiyasının aktivisti Rəfail Soltanov da həmin qarşıdurma zamanı polis və mülki geyimli şəxslər tərəfindən döyülən və saxlanılaraq polis idarəsinə aparılanlar arasında olub.
Müsavatçı fəal Rəfail Soltanov polis idarəsində mitinqdə iştirakına və mitinqə gəncləri cəlb etdiyinə görə hədə-qorxuya, fiziki zorakılığa və işgəncələrə məruz qalmış, sonra isə Bakı-Ələt yolunda çöllük yerə aparılaraq kimsəsiz və köməksiz vəziyyətdə buraxılmışdır. Buraxılanda isə mitinqlərə qoşulacağı halda uzun müddətli həbs olunacağı və ailəsinin başına oyun açılacağı ilə bağlı təhdid olunub. Görünür, hakimiyyət orqanları aksiyanın kütləviliyinin qarşısını almaq məqsədilə mitinqə qoşulanlara qarşı repressiya siyasətini həyata keçirmək niyyətindədir.
Parodoksal haldır ki, Azərbaycandakı demokratiya və insan haqları sahəsində mövcud olan acınacaqlı vəziyyət bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında sərt tənqid edilsə də, Azərbaycan hakimiyyəti nöqsanları aradan qaldırmaq əvəzinə həmin qurumlara qarşı aqressiv münasibət sərgiləməkdədir. Bu da hakimiyyətin demokratiya, insan hüquq və azadlıqlarına qarşı aqressiv siyasətini dəyişməyəcəyini bir daha sübut edir.
KƏNAN