ABRAMOVİÇİN 808 MİLYON DOLLARLIQ YAXTASI BODRUM LİMANINDAN ÇIXARILDI - 140 metrlik nəhəng gəmi hazırda Egey dənizi üzərindən naməlum istiqamətdə üzür…

Rusiyalı oliqarx Roman Abramoviçin 808 milyon dollarlıq superyaxtası Türkiyənin Bodrum limanından çıxarılıb.
Qafqaz.media xatırladır ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın rus oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyalara görə martın 22-də Bermud adaları bayrağı altında üzən “Solaris” adlı gəmi Bodrum limanına sığınıb. Lakin 140 metrlik nəhəng gəmi limandan çıxarılıb və hazırda Egey dənizi üzərindən naməlum istiqamətdə üzür.
“Solaris” Bodrum limanına yaxınlaşdıqdan bir gün sonra Abramoviçin digər yaxtası “Eclipse” Türkiyənin Marmaris limanında lövbər salıb. Limanların sahibləri fərqlidir və buna görə də 162 metrlik “Eclipse” yaxtasının Marmaris limanında qalmasına icazə verilib. Lakin “Solaris” ekipajı daha az şanslı olub - gəmi Bodrumda qala bilməyib. Qeyd olunur ki, bu, limanı idarə edən Britaniyanın “Global Ports Holding” şirkətinin təşəbbüsü ilə baş verib.
Hüquq ekspertləri bildiriblər ki, “Global Ports Holding” Abramoviçlə əlaqəli superyaxtaya ev sahibliyi etmək üçün liman və ya digər ödənişləri qəbul edərsə, məhkəməyə verilmə riski ilə üzləşər.
Eyni zamanda, dünyanın ikinci ən böyük superyaxtası sayılan “Eclipse” Marmarisdə belə bir vəziyyətlə üzləşməyib.
Helikopter anqarı, tennis kortu, üzgüçülük hovuzu və 100-ə yaxın qonaq və ekipaj üzvləri üçün yataq otağı olan “Solaris”in hara getdiyi hələlik məlum deyil.
Britaniya mediası yazır ki, indi Abramoviç praktiki olaraq müflis edilib - o, sanksiyalara görə dostlarından borc istəyir. Milyarderin hazırkı mövqeyindən danışan “The Sun” qəzeti yazıb ki, 2000-ci illərin əvvəllərində o, Bakıdakı sevimli London restoranından suşi sifariş edib, onu çatdırmaq üçün şəxsi təyyarəsinə 40 min funt sterlinq xərcləyib.
Qafqaz.media