“Qarabağdakı terrorçu dəstələr məhv edilməlidir” – HAKİMİYYƏTƏ ÇAĞIRIŞ EDİLDİ

Dünən ADP İdarə Heyətinin ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə ilə bağlı məsələyə bir daha münasibət bildirib və adı çəkilən dövlətin bu müharibə zamanı törətdiyi hərbi cinayətləri, beynəlxalq normalarla qadağan edilmiş vasitələrlə dinc əhaliyə qarşı divan tutulmasını, Buça şəhərində soyqırım törətməsini qətiyyətlə pisləyib və dünya dövlətlərini bu amansız müharibəyə son qoymaq, hərbi təcəavüzü sona yetirmək naminə bütün səylərini birləşdirməyə, Ukrayna xalqına hər bir vasitə ilə yardımçı olmağa, Putin rejiminin çökdürülməsinə yönəlik ciddi tədbirlər almağa çağırıb. Eyni zamanda partiya yetkililəri hakimiyyəti müharibə ağrıları, itkiləri yaşayan dost Ukrayna xalqına maddi və mənəvi yardımlar göstərmək işində daha fəal mövqe tutmağa çağırıb.
İdarə Heyəti son günlər rus sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə erməni separatçılarının, terrorist qrupların fəallaşmasından, yeni təxribatlara əl atmasından dolayı narahatlığını ifadə edib. Qeyd olunub ki, rus “sülhməramlı” qüvvələri üçtərəfli sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi bəs deyilmiş, hazırda Xankəndi iqtisadi zonasında qeyri-qanuni fəaliyyət göstərən erməni birləşmələri ilə birgə fəaliyyət göstərir, onların silahlandırılması, təxribatlara əl atması işində yardımçı olur və yeni müharibə alovunu körükləyirlər. Partiya rəsmiləri hakimiyyəti sülhməramlı qüvvələri öz vəzifələrini yerinə yetirmədiyi səbəbindən onların ərazilərimizdən çıxarılması ilə bağlı ciddi addımlar atmağa, separatçı, terrorçu dəstələrin silahsızlaşdırılması, məhv edilməsi istiqamətində ən radikal tədbirlər görməyə çağırıb.
İdarə Heyəti “Freedom Hause” təşkilatının növbəti hesabatında Azərbaycanla bağlı səsləndirdiyi tənqidlərin obyektiv reallığı əks etdirdiyini bildirib və hakimiyyəti bu hesabatdan nəticə çıxarmağa, insan hüquq və azadlıqları, söz mətbuat azadlığı, siyasi məhbus, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılması, alternativ siyasi qüvvələrin sərbəst fəaliyyəti və digər sahələr üzrə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.
İdarə Heyəti Rusiya Uktayna müharibəsi fonunda ölkədə süni şəkildə yaradılan qiymət artımından, gündəlik təlabat malları üzərində monopoliyanın güclənməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti bahalaşmaya, süni qiymət artımına rəvac verən qüvvələrə qarşı ciddi tədbirlər görməyə, möhtəkirləri cəzalandırmağa, eyni zamanda gözlənilən qıtlıqların qarşısını almaq üçün vahid dövlət proqramı hazırlamağa çağırıb.
İdarə Heyəti Rusiya Ukrayna müharibəsi gedişində Rusiyada edilən hərbi səfərbərlik zamanı bu səfərbərliyin daha çox türk və müsəlman əhalinin yaşadığı ərazilərə şamil edilməsini Putin rejimin məqsədyönlü şəkildə apardığı etnik təmizləmə demoqrafik dəyişikliləri öz xeyrinə həll etmə siyaəti kimi dəyərləndirib və Rusiyada yaşayan tük, müsəlman əhalisini onlara qarşı yönəlmiş məkrli siyasətə hazır olmağa, Ukrayna xalqına qarşı müharibədə iştirak etməməyə çağırıb.
İdarə Heyəti Kanada dövlətinin Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, suverenliyi ilə bağlı qəti mövqe orataya qoymasını və bu faktı rəsmi elan etməsini müsbət dəyərləndirib və hakiyyəti bir sıra nüfuzlu ölkələrin də anoloji addımlar atması üçün diplomatik, siyasi səylərini gücləndirməyə çağırıb.
İdarə Heyəti son vaxtlar bir sıra Rusiya dövlət rəsmilərinin Azərbaycanı təhdid etməsi, ölkəmizin strateji obyektlərinə raket zərbələri endirməyin vacibliyini dilə gətirməsini qətiyyətlə pisləyib və hakimiyyətin bu yöndə atdığı adekvat addımlarını təqdir etməklə qardaş Türkiyə və Pakistanla birgə fəaliyyət göstərməyə bu təhdidlərin qarşısının alınması üçün onların, hərbi siyasi qüvvələrinin cəlb edilməsinə yönəlik tədbirlər almağa çağırıb.
İdarə Heyəti dövlətin imkansız, gənc ailələr üçün proqramlaşdırdığı sosial evlərin ayrı-ayrı şəxslər tərəfindən monopoliyaya götürülməsi, bu evlərin elan edilmiş güzəştli şərtlərlə deyil, öz istədikləri qiymətə satışa çıxarılması faktından narahat olduğunu bildirib və hakimiyyəti faktla bağlı araşdırmalar aparmağa, əhalinin imkansız təbəqəsi üçün nəzərdə tutulan bu evləri monopoliyaya götürən şəxslərə qarşı hüqiqi addımlar atmağa çağırıb.
Muxalifet.az