PUTİNİN “QANLI CAYNAĞI”NDAN XİLAS OLA BİLMƏYƏN GÜRCÜSTAN - "Gürcü arzusu" hökuməti Gürcüstan dövlətinin deyil, Rusiyanın maraqlarına xidmət edir...

Baxış sayı:
715

Gürcüstan hakimiyyəti Rusiya ilə Qərb arasında uzun sürən tərəddüd rejimindədir. Bu, həmçinin Ukrayna-Rusiya müharibəsi fonunda prezident Salome Zurabişvili ilə Bidzina İvanişvilinin sponsoru olduğu "Gürcü arzusu" hökumətinin iki qütb - Qərb və Rusiya arasında "çəkişməsində” də özünü biruzə verir. Açıq görünür ki, Gürcüstan hakimiyyəti Bidzina İvaişvilinin simasında ölkəni cənginə keçirmiş "rus məngənəsi"ndən hələ qurtula bilmir.
Prezident Salome Zurabişvilinin müqavilməti də yetərli deyil. Çünki, belə desək, Fransanın “təmsilçisi” olan xanım prezident vaxtilə ABŞ-ın idarəçiliyində olan Saakaşviliyə dəstək göstərmədiyi üçün "Rus arzusu - Gürcüs arzusu"nun qarşısında tək qalıb. Hakimiyyətin ikitirəli rejimdə fəaliyyət göstərməsi sadalayacağımız nüanslarda özünü açıq biruzə verir. Qonşu ölkənin hakimiyyətindəki ikitirəliyi daha aydın görmək üçün əvvəlki həftələrdə baş verənlərə qısa nəzər salmaq olar.
Aydındır ki, Rusiyanın Ukrayndakı müharibəsi fonunda Kremlin işğalçı pəncələri Kiyevlə yanaşı, Tiflisə də uzanmaqdadır. Baxmayaraq ki, Rusiyanın Ukraynaya hücumunun əvvəlindən rəsmi Tiflis Rusiyanın işğalını pisləməkdə çox səbrli davrandı və Moskvaya qarşı sanksiyalara qoşulmadı. Bununla da bir növ özünü Moskvanın qəzəbindən sığortlamaq və təhlükəsizliyini zəmanət altına almaq istədi. Prezident Salome Zurabişvili isə həm Qərbyönlü siyasi xəttin təmsilçisi kimi Kremlin əksinə mövqe qoyur, həm də "Gürcü arzusu"nun simasında Rusiyanın təzyiqlərini dəf edir.
Yeri gəlmişkən, "Gürcü arzusu"nun təzyiqləri Salome Zurabişvilini hökumətin təqdim etdiyi xarici diplomatların təyinatını təsdiqləməməkdə suçlamaqla meydana çıxır. Şübhəsiz ki, xanım prezident müxtəlif ölkələrdə xarici siyasət təmsilçilərinin rusyönmülü şinledən çıxmasını istəmir. Daha açığı, Gürcüstanın xarici ölkələrdəki diplomatlarının rusyönmülü kadrlar arasından təyin edilməsinə müqavimət göstərir. Hətta Zurabişvili buna görə “Gürcü arzusu" tərəfindən impiçmentlə də təhdid edildi. Eyni zamanda, hökumət vurğuladı ki, xarici siyasət aparmaq üçün müstəsna hüquq ona məxsusdur və prezident sadəcə olaraq simvolik olaraq təyinatlara imza atmalıdır.
Hakim "Gürcü arzusu" partiyası kimin haqlı, kimin haqsız olduğunu anlamaq üçün “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər qəbul edildikdən sonra Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqladı. Bu, həm ölkə prezidentini yalan danışmaqda ittiham etmək, həm də prezidentə "yerini göstərmək" üçün atılan siyasi gediş idi.
Gürcüstanın rusyönümlü hökuməti qərbyönlü prezident Salome Zurabişviliyə qarşı sözün əsl mənasında səlib yürüşü aparır. Hələ də sular durulmayıb və hakimiyyət ikitirəliyi davam edir.
Digər bir nüans. Qondarma "Cənubi Osetiya qurumu"nun rəhbəri qəfildən "Rusiyaya qovuşmaq arzusunu" izharı etmək qərarına gəldi. Aydındır ki, bu arzunun fitilini də Kreml yandırdı. Səbəb nədir?
Məlum olduğu kimi, 2022-ci il martın 29-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi Tiflisdə baş nazir İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşmüşdü. Görüşdə tərəflər Böyük Britaniya və Gürcüstan arasında müdafiə sahəsində tərəfdaşlığı, Rusiyanın Ukraynaya təcavüzünü və Şərqi Avropada təhlükəsizlik problemlərini müzakirə etmişdilər. Görüşün maraqlı nüansı budur ki, Böyük Britaniyanın müdafiə naziri Ceyms Hippi Gürcüstanlı nazirə "xatırlatma" etmişdi. “Mən bu gün Gürcüstandayam, çünki çox yaxın Ukraynada azad ölkənin suverenliyi böyük problemlə üz-üzədir. Demokratiya və azadlığa inananların hamısı birləşməyə və Rusiyanın dəhşətli hərəkətlərinə qarşı durmağa borcludur”, - deyə Böyük Britaniyalı nazir Gürcüstan hökumətini Rusiyaya qarşı açıq mövqe bildirməyə səsləmişdi.
O, “Bütün regionun azadlığa və suverenliyə hörmət edildiyi, Rusiyanın hərəkətlərinin fəal şəkildə pisləndiyi yer olmasını təmin etmək lazımdır”, deyə qeyd etmişdi və necə deyərlər bu ifadələrin "altını qara hərflərlə cızmışdı". Görünür, elə "dəhşətli hərəkətlərin müəllifi" Kremli Cənubi Osetiyanı "qurcalamağa" vadar edən də rəsmi Londonun bu çağırışı oldu. Daha doğrusu, bu akt rəsmi Tiflisin Londonun çağırışına müsbət cavab verərsə, başına nələrin gələcəyini hesablaması üçün xatırlatma idi. 
Rusiya ilə 2008-ci il avqust müharibəsindən sonra rəsmi Tiflis Kremllə ehtiyatla davranırdı. Moskvanın Abxaziya və Cənubi Osetiya ərazi vahidlərini ilhaq etməsinə baxmayaraq, onları tanımaması üçün Tiflis Kremli qəzəbləndirməkdən çəkinirdi və hesab edirdi ki, bununla güclü qonşusunu yumşalda, yaxud Kremlin nisbi mərhəmətini qazana bilər. Bəlkə də Tiflis zamanla məsələnin öz xeyrinə həll olunacağına ümid edirdi. Amma din qardaşı olan Moskvanın digər din qardaşı Ukraynaya münasibəti göstərdi ki, bu boş ümiddən başqa bir şey deyil. Qondarma “Cənubi Osetiya” qurumu Rusiyaya birləşmək və Şimali Osetiya ilə bütövləşmək arzusunu ifadə etdi.
Yeri gəlmişkən, qondarma "Cənubi Osetiya" “prezident”inin rəsmi saytı xəbər verir ki, Anatoli Bibilov aprelin 4-də “DXR”-ə işgüzar səfərə gəlib. “DXR-in rəhbəri Denis Puşilinlə görüş planlaşdırılır, Donbass xalqına kömək etmək üçün qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq", deyə saytda xəbər verilir. Üstəlik o da bildirilir ki, "Anatoli Bibilov Ukraynanın denatsifikasiyası üzrə xüsusi hərbi əməliyyatda iştirak edən könüllülər və hərbçilərlə də görüşməyi planlaşdırır".
Hərçənd, bir qism Cənubi Osetiyalı hərbçinin Rusiyanın xeyrinə döyüşməkdən imtina edərək geri qayıtması haqda xəbərlər də keçən həftə üzə çıxdı. Səfərdə Bibilovu “Cənubi Osetiya Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbəri” Azamat Çoçiyev müşayiət edir. Göründüyü kimi, Rusiyanın aqressiyasına qarşı dövlət səviyyəsində susqunluq və səssizlik nümayiş etdirən "Gürcü arzusu" hakimiyyətinin itaətkarlığı özünü doğrultmadı. Necə deyərlər, "qorxunun əcələ faydası yoxdur". Moskva "Gürcü arzusu"nun gözə yaşlarına inanmır və ona heç də mərhəm hissi ilə yanaşmır.    


Faktiki olaraq Gürcüstan hakimiyyətində ikitirəlik yaşanmaqdadır və ölkə "Gürcü arzusu"nun simasında rusyönmülü oliqarx Bidzina İvanişvilinin əsarətindədir. Əlbəttə, müxtəlif siyasi simaların dili ilə, eləcə də prezident Zurabişvilinin çıxışları ilə də Rusiyaya qarşı mövqe ortalığa qoyulur. Gürcüstan rəsmiləri Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərini pisləyir. Sohbət Ukraynanın Kiyev vilayətinin Buça şəhərindən gedir.
Prezident Zurabişvili, "Buçada qırğının olduğu dünyanı təsəvvür etmək çətindir, amma bu var, biz orada yaşayırıq. Gürcüstan öz keçmişindən Buçanın nə olduğunu bilir - insanlığa qarşı cinayət, hansı ki, o uzun müddət sağalmayan yaradır", - deyərək öz mövqeyini ifadə etdi. Gürcüstan XİN də, "Biz Buçadakı qırğını və qeyri-insaniliyi qətiyyətlə pisləyirik, müharibə cinayətlərində iştirak edən hər kəs məsuliyyət daşımalıdır", - deyərək açıq mövqeyini ortaya qoydu. Gürcüstan parlamentinin spikeri Papuaşvili, "Buçada və başqa yerlərdə törədilən vəhşiliklərdən sarsılıram, Abxaziya və Sxinvali bölgəsində törədilən vəhşi cinayətləri xatırlayıram. Günahkarlar cəzalandırılmalıdır", - deyərək oxşar fikirləri səsləndirdi. Amma bu kifayət deyil. Böyük Britaniya müdafiə nazirinin Tiflis səfəri də rəsmi hökumətin ortaya kəskin və açıq mövqe qoyması tələbini daşıyırdı.
Səsləndirilən bu fikirlərin qarşısında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirdi ki, dünyada heç bir hökumət öz vətəndaşlarını Ukraynaya getməyə və hərbi əməliyyatlarda iştirak etməyə çağırmır. Yəqin ki, Qaribaşvilinin digər hökumətlər fonunda vurğulamaq istədiyi Gürcüstan hökuməti idi. O, ABŞ və Avropa ölkələrinin liderlərinin öz vətəndaşlarını ianə toplamaq və humanitar yardım göndərmək kimi başqa yollarla həmrəylik ifadə etməyə çağırdığına diqqət çəkib. Qaribaşvili Tiflisin bu mövqeyə sadiq qaldığını vurğulayıb.
Aydındır ki, Tiflis Moskvaya qarşı hiss etdiyi rus qorxusuna üstün gələ bilmir. Amma maraqlıdır ki, 44 günlük müharibədən sonra prezident İlham Əliyev tərəfindən ifadə edilmiş "3+3" formatına qoşulmamaqda Tiflis Rusiyanı bəhanə gətirirdi. "3+3" regional iqtisadi əməkdaşlıq təşəbbüsünün Moskvanın maraqlarına xidmət etdiyini irəli sürərək, Azərbaycana müsbət cavab verməyən Gürcüstan, həm 2008-ci il müharibəsi ilə onu daxili parçalanmaya, torpaqlarını itirməyə, hətta bu yaxınlarda torpaq itkisini rəsmiləşdirməyə məruz qoymuş Kremlin əleyhinə sanksiyalara qoşulmağa ürək etmir, həm də onu fasiləsiz enerji resursları ilə təmin edən rəsmi Bakıya qarşı Moskvaya nisbətən etinasız davranır. Sabiq prezident Saakaşvilinin qurduğu demokratik ənənələrdən bəhrələnməsinə baxmayaraq, ölkəni rus arzusunun carçısı Bidzina İvanişvilinin əsirinə çevirən hakimiyyət heç bir vəchlə - nə Rusiyadan qorxu bəhanəsi ilə, nə də başqa bəhanələrlə - özünə haqq qazandıra bilməz. Əlbəttə, əgər kriminal maraq dövlət marağını üstələmirsə. Lakin Gürcüstanda vəziyyət bir qədər fərqlidir, yəni kriminal qruplaşmaların kriminal maraqları dövlət maraqlarını üstələyir. Çünki rəsmi hökumət bunu tərcih edir. Belə ki, gələn son xəbərlərə görə, ruslar Gürcüstan ərazisindən sanksiyaya məruz qalan malların qaçaqmalçılığı üçün kanal yaradırlar. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti "Facebbok"da bəyan edib. Artıq Ukraynanın bütün saytları bu barədə xəbərləri yayınladılar. 
“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanını itirib. Rusiya agentləri sanksiyalardan yan keçmək üçün, xüsusən də Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar. Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə siyasi rəhbərlik tərəfindən qaçaqmalçıların fəaliyyətinə mane olmamaq göstərişi verilib”, deyə məlumatda qeyd edilir. Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Rusiyaya hərbi malların tədarükü üçün daha bir kanal məlumdur - Şərqi Asiya. Maşın, elektronika və optik alətlər üçün ehtiyat hissələri Şərqi Asiya vasitəsilə Rusiyaya çatdırılır. Həmçinin, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırda Gürcüstan və Rusiya arasında hava hərəkətinin bərpası imkanları nəzərdən keçirilir.
Görünüdüyü kimi, Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının arxasında ölkənin parçalanmasını legitimləşdirə biləcək Moskvadan qorxu, yaxud Gürcüstanın strateji dövlət maraqlarının təminatından çox, kriminal maraqlar, sanksiyaya məruz qalmış, həmçinin hərbi malların qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisindən keçirilməsi, Rusiyanın qara maraqlarının qara yoldan təminatı məqsədi durur. Əslində, bu işbirliyində Tiflisin dövlətin strateji maraqlarının təminatından qətiyyən söhbət getmir. Kriminal işbirliyindən söhbət gedirsə, oliqarx Bidzina İvanişvilinin sanksiyalardan qaçmaqla Rusiyaya "kriminal köməyi" əsas motivasiya rolu oynayır. Çox təəssüf ki, Gürcüstan dövləti bir oliqarxın əsirliyindədir.
Ülviyyə ŞÜKÜROVA