PUTİN NÜVƏ SİLAHINA ƏL ATARSA… - Rusiyada mövcud olan böyük arsenallardan törənə biləcək “nüvə qışı” fəlakətli iqlim dəyişikliyinə gətirib çıxara bilər…

Baxış sayı:
1000

Bu gün – martın 1-də artıq Rusiya-Ukrayna müharibəsinin 6-cı  günü tamam olur. Ukrayna ərazisində gedən döyüş və nəticədə yaşanan gərginlik öz pik həddinə çatmaq üzrədir. Söhbət Vladimir Putinin nüvə silahı üzərindən "sövdələşmə subyekti" kimi ortaya atdığı hədə-qorxudur.

Hələlik altıncı günü yaşanmaqda olan Rusiya-Ukrayna savaşının çılpaqlığı ilə ifşa etdiyi miflərdən biri odur ki, Rusiyanın hərbi hegemoniyası haqda mif yerlə-yeksan oldu. Putinin simasında Rusiyanın illərdir "iliklərinə qədər" yalan danışdığına bütün dünya şahid oldu. Bununla da Kremlin "satdığı qorxu mifi" puç oldu. 

Belə desək, hadisələrin Rusiya-Ukrayna savaşına doğru irəliləməsi dünyanın gözü qarşısında baş verdi. Gördüyümüz kimi, Ağ Evin sahibi Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin baş verəcəyini demək olar ki, günaşırı bəyan edirdi.

Bilirik ki, Bayden siyasətdə yeni sima deyil. Hətta iyirmi ildən artıqdır ki, Co Bayden Vladimir Putini sevmədiyini, ona etibar etmədiyini, o cümlədən Rusiyanın "cəsarətsiz olduğunu", bizim xalq dili ilə desək, dünya hegemonluğuna "hünəri çatmayacağını" bildirirdi. Buna Baydenin Putini qızışdıraraq "tələyə salması", yaxud Putinin ABŞ-ın cizdığı "sirk maneji" çərçivəsində oynamağa məcbur etməsi kimi də baxa bilərik. Hər iki halda oyun quran Kreml yox, ABŞ-dır. Arxa planda isə "dirijor çubuğu" Londonun əlindədir.

Ümumiyyətlə, Putinin Ukraynaya müdaxiləsinin "pik"i 2022-ci ildə baş tutsa da, hadisələrin kökü 2014-cü ilə gedir. Yəni sabiq prezident Barak Obamanın vaxtından proses işə düşmüşdü.     

Getməkdə olan müharibənin konturlarına baxsaq, ABŞ-ın Rusiyanı "taqətdən salmaq" planına sanksiya təhdidi ilə başladığı məlumdur. Hələ Barak Obamanın zamanında ABŞ-ın Rusiyadakı səfiri olmuş Maykl Makfaul qeyd edir ki, "Putinə lazım olsa da, olmasa da, o, Baydenin dörd illik siyasətinin bir hissəsi olacaq".

Rusiyanın müdaxiləsindən Avropanı qorumaq üçün ABŞ Şərqi Avropanın bəzi ölkələrinə əlavə NATO qüvvələri yerləşdirdi və Almaniya ilə Fransanın ABŞ-dan müstəqil olmaq çağırışlarını səssizliyə qərq etdi. Xatırlayırsınızsa, ABŞ ilə Fransa Avropa ordusu barədə danışırdılar. Bu danışıqlar durdu. ABŞ Avropanı tam itaətinə aldı. Bundan başqa, son baş verənlərdə görürük ki, ABŞ-ın sanksiyalarına Avropanın da tam həcmdə qoşulması baş verdi və faktiki olaraq Avropanın simasında Kollektiv Qərblə Rusiya arasında "dəmir pərdə" endirilir...

Maraqlıdır niyə? Dəmir pərdə ilə I-ci Pyotrun Rusiyadan Avropaya açdığı pəncərəni qapatmaq nəyə lazımdır və bu, nəyə hesablanıb? Rusiyanın Ukraynaya ünvanladığı nüvə təhdidi nə qədər realdır? Bu suala ardıcıl şəkildə aydınlıq gətirəcəyik.  

ABŞ rəsmiləri Ağ Evin eyni vaxtda həm Moskva, həm Pekini "yola verə biləcəyini" iddia edirlər. Rusiyanın hərəkətləri, ehtimal ki, Çinin düşüncə və gələcək hərəkətlərini də formalaşdırır. Çin qlobal iqtisadiyyata təsiri üzündən Rusiyanın Ukrayna üzrə dizaynlarından ehtiyat edib. Amma hələ də Moskva və Pekin "praktiki müttəfiqlər" kimi görünür. Ukrayna böhranı, ABŞ və Avropa sanksiyalarının törətdiyi "Rusiyanı təcrid siyasəti", ehtimal ki, Moskvanın ticarət və digər iqtisadi münasibətlər üçün Pekinə "söykənməsinə" gətirib çıxaracaq. Bundan sonra möhkəmlənmiş Çin-Rusiya bloku müvəqqəti də olsa ya ona loyal yanaşmaq, ya da heç olmasa neytral qalmaq üçün digər ölkələrə əhəmiyyətli təzyiq rolu oynaya bilər.

Eyni zamanda, Ukraynada Putinin “gambiti” uğur qazandığı təqdirdə, Çinin bundan aldığı bəzi dərslər Tayvanı Pekinin nəzarətinə gətirmək istəyinə meylləndirə bilər. Çin Tayvana "istirahət məkanı" kimi baxır və son illərdə bu dəst-xətt aqressiv hal alıb.

ABŞ Tayvana böyük silah tədarükçüsüdür. Lakin Çinin hücumları olduqda adanı müdafiə etmək üçün hərbi müdaxilə etmək sualı xeyli düşündürücüdür. Çünki Vaçqinton bu məsələdə "strateji qeyri-müəyyənlik" siyasətinə malikdir.

Bu arada isə, Çin Tayvanla məsləni çözmək üçün ABŞ-ın Ukraynaya davranışını izləyir. Həmçinin, cümə axşamı günü, Bayden Çinin ABŞ-ın Moskvaya sanksiyalarını tənqid etdiyi kimi, Rusiyanı təcrid etməyə çağırdığını şərh etməkdən imtina etdi. Kollektiv Qərblə bağların tam qırılması və Rusiyanın Çinin, eləcə də Kuba, Venesuela, Kolumbiya kimi ölkələrin ümidinə qalması "Moskvanın Pekinin qucağına oturmasına" gətirəcək. Hətta bu oturma "oturuşma" mərhələsinə keçəcək.

Burada bir məqam istər-istəməz yada düşür. 1939-cu il avqustun 23-də SSRİ ilə faşist Almaniyası arasında "hücum etməmək haqda pakt" imzalanmışdı. İki ölkə arasında münasibətlər də öz yolunda idi. Amma bu pakt 1941-ci il 22 iyunda iki ölkə arasında müharibə qığılcımını əngəlləmədi. Prezident Putinin Pekin olimpiadaları zamanı Çinə son səfərində iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqda sazişlər imzalanıb. Hətta kosmik məkanı və Aydın tədqiqatı sahəsini əhatə edən sazişlər də imzalanıb. Yalnız "hücum etməmək haqda pakt", yaxud buna bənzər sazişin imzalanması qalıb. Xatırladaq ki, hazırda Rusiyanın Ukraynaya hücumu 1938-cı ildə baş vermiş Almaniyanın Çexoslavakiyaya müdaxiləsinə çox bənzəyir. Çinin Tayvana mümkün hücumu isə SSRİ-nin 1939-cu ildə Finlandiyaya hücumuna bənzəyir. Putinin simasında Rusiyanın təcrid edilməsi, təklənməsi və özündən gücsüz dövlətlərə qarşı sərgilədiyi faşist dəsti-xətti 1939-cu ilin Almaniyasının hərəkətləri ilə bənzərlik təşkil edir.

Gördüyümüz kimi, "Rusiya şeytanlaşdırılır". Halbuki o zaman faşist Almaniyası indiki Rusiyadan çox parametrlərə görə daha yaxşı durumda idi. Bu, Rusiyanın özünün də kənar müdaxiləsiz "şeytan olmadığı", yaxud işğalçı anlamına gəlmir. Bizim ehtimalımıza görə Rusiya Çinin “qucağına” sonradan onu müharibəyə sürükləyən alət olmaq üçün oturur. Ona verilən görəv budur.

Putinin Rusiyanın müdafiə naziri Şoyquya nüvə silahlarına dair verdiyi tapşırığa gəlincə, fikrimizcə, Kreml bunu ilk öncə Ukraynaya, yaxud onun simasında Qərbə qarşı diqtə ritorikasını işə salmaq üçün ortaya atdı. Yəqin ki, məqsədi ən azı indi işğal etdiyi Ukrayna torpaqlarını qamarlamaq və tərəfləri onunla razılaşmağa məcbur etməkdir. Qəribədir ki, Putinin "nüvə hədə-qorxusu"ndan bir neçə gün əvvəl rus saytları Ukraynanın "çirkli nüvə silahı" yaratdığını tirajlamışdılar. Əslində, bu, ABŞ-ın İraqa müdaxiləsi üçün tətbiq etdiyi taktikadır: “günahlandır və müdaxilə et". Üstəlik, Ukraynanın yenidən nüvə silahı əldə etməyə cəhdi də tirajlanmışdı. Həmçinin, Ukrayna Ali Radasında Rusiyanın Ukraynaya nüvəzərbəsi endirmək ehtimalı da səslənmişdi.

Ümumiyyətlə, əgər Putin nüvə silahı tətbiq etməkdə israr edərsə, necə ki, bu heç də gözlənilməz deyil, bu nələrə gətirə bilər?

Bu gün dünyada təxminən 15.000 nüvə başlığı var ki, onların da ən böyük qismi ABŞ və Rusiyanın payına düşür. Bu arsenal eyni vaxtda istifadə olunarsa, 100.000 və daha çox əhalisi olan 4500 şəhərin hamısını asanlıqla məhv etmək üçün kifayət edər. Ümumilikdə, bu, 3 milyarddan çox insan deməkdir. Bəs, bütün döyüş başlıqları bir yerə toplansa nə olacaq? Nədənsə, belə bir zərbənin simulyasiyası zamanı müəlliflər bunu Amazon cəngəlliyində etmək qərarına gəliblər. ABŞ-ın nüvə arsenalına dair açıq məlumatlarda deyilir ki, onlar bir döyüş başlığının orta məhsuldarlığına nümunə kimi 200 kiloton həddində olan nüvə bombasını götürüblər. Krakatoa püskürməsinin trotil ekvivalenti 200 meqaton təşkil edib, bu da bəşəriyyətin nüvə gücünün 15 qatı deməkdir. Belə bir partlayış 50 kilometr diametrli alov topunun yaranmasına səbəb olar və həmin radiusda olan bütün canlı aləm yanar. Partlayış dalğası ətrafdakı üç min kvadrat kilometr ərazidə hər şeyi yerlə-yeksan edər, "nüvə göbələyi" təxminən 50 kilometr hündürlüyə çatar, bundan sonra uzunmüddətli nüvə qışı başlayar.

Aydındır ki, nüvə müharibəsi həm partlayış bölgəsində, həm də qonşu regionlarda mütləq dağıdıcı nəticələr verəcək. Rusiyada mövcud olan böyük arsenallardan törənə biləcək “nüvə qışı” fəlakətli iqlim dəyişikliyinə gətirib çıxara bilər. Daha az genişmiqyaslı, regional nüvə müharibəsində belə, çoxsaylı nüvə partlayışlarının törətdiyi yanğınlar nəticəsində yaranan böyük miqdarda his stratosferə sıza və günəş işığının qarşısını alaraq bütün dünyaya yayıla bilər. Temperaturun əhəmiyyətli dərəcədə azalması məhsul və qida çatışmazlığına səbəb olacaq. Nüvə müharibəsi həm də su təchizatının məhv olacağı anlamına gəlir. Bu o deməkdir ki, qlobal nüvə müharibəsindən sağ çıxan insanların çoxu “nüvə qışı”nın yaratdığı aclıqdan öləcək. Hətta məhdud miqyaslı, regional nüvə müharibəsi qlobal iqlimə təsir edə və yüz milyonlarla qurbanı olan qlobal aclığa səbəb ola bilər. Bu, həmçinin nüvə yanacağının zəncirvari reaksiyasının başa çatması nəticəsində yaranan ətraf mühitin çirklənməsi deməkdir.

Rusiya Ukraynaya ata biləcəyi nüvə silahının fəsadlarının öz ölkəsinə toxunmaması üçün kiçik miqyaslı taktiki nüvə başlıqlarından istifadə edə bilər. Amma bu da o demək deyil ki, yaxın qonşuluqdakı ölkələr bundan zərər görməyəcək. Putinin məğlubiyyətdən doğan hikkəsi buna heç aidiyyatı olmayanları əzablı ölümə sürükləyə, hətta yerli-dibli silib-süpürə bilər. Bəşəriyyət artıq bir dəfə bu faciəni Xirosima və Naqasakidə yaşadı. İkincisi daha çox dəhşətli nəticələr verə bilər. Amma hətta Putin bu hədə-qorxusunu gerçəkləşdirsə də, onun "ayı pəncələri"nə qarşı dirənən Ukrayna xalqının mətanəti qarşısında uduzmuş, məğlub sayılmalıdır.

Ülviyyə ŞÜKÜROVA