ABŞ-ın milyardlarla dollar dəyərində hərbi texnikası "Taliban"ın əlinə keçib / FOTOLAR

ABŞ-ın təlim keçdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin geri çəkilməsi ilə milyardlarla dollar dəyərində Amerika hərbi texnikası “Taliban”ın əlinə keçirib.
APA xəbər verir ki, bu barədə məlumatları ABŞ mətbuatı yazır.
Bildirilir ki, “Taliban”ın ələ keçirdiyi texnikalar arasında “Black Hawk” helikopterləri və “A-29 Super Tucano” hücum təyyarələri də var.
Sosial mediada “Taliban” döyüşçülərinin “M4” karabinləri və “M16” atıcı silahları, Amerika istehsalı olan “Humvee” və digər zirehli maşınlarla birgə əks olunduqları fotoşəkillər yerləşdirilir.
Mütəxəssislər hesab edirlər ki, təlim keçmədən müasir təyyarələrdən istifadə etmək mümkün deyil, bununla belə, “Taliban” tərəfindən ABŞ texnikasının ələ keçirilməsinin mühüm bir təbliğat vasitəsi olduğuna diqqət çəkilir.
Digər tərəfdən, “Taliban” tərəfindən ələ keçirilən kiçik silahlar daha çox narahatlıq doğurur.
Birləşmiş Ştatlar son 20 ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlim və təchizatına 83 milyard dollar xərcləyib.
ABŞ Hesablama Məhkəməsinin 2017-ci il üçün hesabatına görə, 2003-2016-cı illərdə Əfqanıstan qüvvələrinə təxminən 76 min maşın, 600 min silah, 163 min rabitə vasitəsi və 208 təyyarə tədarük edilib.
Ötən həftə sonu Əfqanıstan qüvvələrinin Kabildən qaçmaq üçün istifadə etdiyi azı 46 hava nəqliyyatının Özbəkistanda olduğu bildirilir.
Bu həftə respublikaçı Marko Rubionun başçılıq etdiyi 25 senator ABŞ prezidenti Co Bayden administrasiyasının son 12 ayda Əfqanıstan qüvvələrinə verilmiş hərbi texnikanın nə qədərinin “Taliban”ın əlinə keçdiyini, həmin texnikaları geri almaq və ya məhv etmək planlarının olub-olmadığını sorğulayıb.
ABŞ-nin Baş Qərargah Rəisləri Birliyinin sədri Mark Millinin açıqlamasına görə, ordunun prioriteti Amerika vətəndaşlarının təxliyəsidir, lakin onlar “Taliban” tərəfindən ələ keçirilən texnikanı məhv etmək gücünə malikdirlər.