Ermənistan əsir götürülən ermənilərin adlarını açıqladı - Bilərəkdən təxribatlar törədirlər ki...

Baxış sayı:
745

Ermənistan Müdafiə Nazirliyi 6 hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, nazirlik erməni hərbçilərinin Azərbaycan ərzisinə keçmədiyini iddia etsə də, onların “mühəndis işləri” apardığını iddia edib. Və bildirib ki, həmin “işlər” aparılarkən, sözügedən qrup Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi 6 nəfərlik diversiya qrupunun Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən yaxalandığını bildirib. Erməni tərəfi də “mühəndis işləri” deyərkən, yəqin elə bunu nəzərdə tutur...

Ermənistan Müdafiə Nazirliyi sözügedən 6 nəfərin sıravi əsgərlər deyil, orduda müqavilə əsasında xidmət edən hərbçilər olduğunu təsdiqləyib və onların adlarını açıqlayıb: A.N.Abqaryan, İ.A.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan, B.B.Sarkisyan və V.O.Rafaelyan.

Bu arada Ermənistandakı hakim partiyanın parlament fraksiyasının rəhbəri Lilit Makunts parlamentdəki çıxışında açıq şəkildə KTMT-ni tənqid və təhdid edərək, qurumu Azərbaycanla sərhəddə baş verənlərə lazımi reaksiya göstərməməkdə günahlandırıb.

Bu isə bir daha Ermənistan rəhbərliyinin Rusiya başda olmaqla, KTMT-ni münaqişəyə cəlb etmək üçün hər şeyə getməyə hazır olduğunu, hətta bilərəkdən təxribatlar törədərək, öz hərbçilərinin əsir düşməsinə şərait yaratdığını göstərir.