ALBAN XAÇ DAŞLARI - Tarixçi Şahlar Hacıyev yazır / FOTOLAR

Baxış sayı:
5710

Alban incəsənətinin önəmli bir hissəsini qəbir daşları və xaç daşları təşkil edir.
İndiyə qədər iki tip qəbir daşları məlumdur. Bunlardan bir qismi qoç formasında yonulan və üzərində xaçın qabartma rəsmi bulunan qəbir daşlarıdır. Qoç formalı qəbir daşları müsəlman oğuzlar içərisində də yayğın olub. Qəbirlərin üzərinə bu tip abidələrin qoyulmasının kökü islamdan da, xristianlıqdan da çox-çox əsrlər, hətta minilliklər öncəyə qədər uzanır və əski türk mifalogiyasında qoçun dünyalar arasında mediatorluq funksiyası ilə bağlıdır.
İkinci tip qəbir daşları isə menhir formalı qəbir daşlarıdır ki, üzərində xaç rəsmi olduğu üçün xalq arasında "xaçdaş" və ya "xaç daşı" adlanırlar. Fəqət xaç daşlarının heç də hamısı qəbirlərin üzərində ucaldılmayıb. Onlara qəbirstanlıqdan kənarlarda da rast gəlinir və həmin xaç formalı daşlar adətən  yolçuların yolda ibadət etmələrini təmin etmək üçün ucaldılardı. Sonunculara Qriqori Artnersehin (Səhl ibn Sumbatın nəvəsi) 881-ci ildə və yaxud Alban məleykəsi Katranidanın 879-cu ildə ucaltdıqları məlum xaç daşlarını göstərmək olar.
Belə hesab edilir ki, orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr  (menhir,fallik obraz,qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyası arasında sərhəd dirəyi olub, şaquli və üfiqi fəzanı təcəssüm etdirirdi ( Axundov M.D. 1984 ).
Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.
Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığa qədərki elementlərə və dini ayinlərə birbaşa bağlıdır.
Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamları və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Bu başqa xalqların xaç təsvirlərində yoxdur. Odur ki, alban daş yazılı nümunələrinin bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.
Ardı var...

Şahlar HACIYEV