Netanyahu Livan xalqına müraciət edib - "HİZBULLAH"SIZ SÜLH TƏKLİF EDİB

Baxış sayı:
112

İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına ingilis dilində videomüraciət edərək ölkəsinin qonşu dövlətlə sülhə hazır olduğunu bildirib, qarşıdurmaya görə məsuliyyəti “Hizbullah” və İranın üzərinə qoyub, həmçinin livanlılara “Hizbullah”ın məğlub edilməsindən sonra İsraillə əməkdaşlıq etməyi təklif edib.

Netanyahunun çıxışının videosu onun X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.

    “Mənim Livan xalqına bir mesajım var. İsrail sizinlə müharibə aparmır. Biz Livanı girova çevirən, İranın göstərişlərini yerinə yetirən və ölkənizin ərazisindən İsrailə qarşı terror hücumları həyata keçirən ‘Hizbullah’a qarşı mübarizə aparırıq”, - deyə Netanyahu bildirib.

    İsrail baş nazirinin sözlərinə görə, İran və “Hizbullah” Livanda həyatı “kabusa çevirib” və məhz onlar livanlıları və israilliləri davamlı şəkildə müharibəyə sürükləməyə çalışırlar.

    Netanyahu iddia edib ki, “Hizbullah” heç vaxt olmadığı qədər zəifləyib, İsrail isə əvvəlkindən daha güclüdür.

    O bildirib ki, İsrail ordusu indiyədək “Hizbullah”ın silahlı dəstələrinin “təxminən 10 min” üzvünü məhv edib.

    “Biz Cənubi Livanı bu fanatiklərdən sistemli şəkildə təmizləyirik. Onlar harada olsalar, tapacağıq”, - deyə İsrail hökumətinin başçısı vurğulayıb.

    Netanyahu əlavə edib ki, İsrail Livan və onun xalqı ilə sülhə can atır.

    “Biz xalqlarımızın birlikdə sərmayə qoyduğu, birlikdə qurduğu və birlikdə inkişaf etdiyi bir sülh istəyirik”, - deyə o bildirib.

    Onun fikrincə, bu perspektivin qarşısındakı yeganə maneə “Hizbullah”dır.

    “Onlar sülh deyil, müharibə istəyirlər. Onlar həyat deyil, ölüm istəyirlər”, - deyə Netanyahu qeyd edib.

    Baş nazir çıxışının sonunda livanlıları gələcəklərini seçməyə çağırıb.

    “İsrail sizinlə sülh istəyir. Gələcəyinizdən istifadə edin. İsrailə qoşulun. Bütün uşaqlarımız üçün təhlükəsizlik və rifah təmin edin. ‘Hizbullah’ məhv edildikdən sonra qarşınızda sonsuz imkanlar açılacaq. Bu imkanlar misilsiz olacaq”, - deyə Netanyahu bildirib.