Neft pulları necə talan edilib...?
Bir neçə gün əvvəl Azərbaycan mətbuatında neft pullarının yeyintisi ilə bağlı daha bir fakt ortaya çıxarıldı. Məlum oldu ki, Azərbaycan hakimiyyəti neftin satışından əldə olunan pulları xarici ölkələrə sərmayə qoyuluşu adı altında necə ediblər. Əlbəttə, indiyə kimi SOCAR-ın bır sıra xarici ölkələrə sərmayə qoyduğu, hətta bahalı mülklər aldığı heç kimə sirr deyil. İndi isə bəlli olur ki, bəlli qüvvələr neft pullarını talan etmək üçün müxtəlif qondarma firmalar yaratmaqla, milyardlarla dövlət vəsaitini ölkədən çıxarıblar. Bu şirkətlərdən biri də adı yalnız onu təsis edənlərə bəlli olan “Nobel Oil”dir.
Mətbuat yazır ki, Azərbaycanda bu şirkətin fəaliyyəti və varlığı kimsəyə bəlli olmasa da, bir müddət əvvəl «Romania İnsider» qəzeti bu şirkətlə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirmişdi. Qəzet yazırdı ki, sözügedən şirkət Britaniyada qeydiyyatdan keçməklə yanaşı, baş ofis idə Londonda yerləşir. Lakin şirkət Bakı ofisi üzərindən Azərbaycanın neft-qaz sənayesində logistika, mühəndislik, neft və neft məhsullarının daşınması, qazma xidmətləri göstərirmiş. İşin bir başqa maraqlı tərəfi isə bu şirkətin mülkiyyətçilərinin kimliyi barədə heç bir məlumatın olmamasıdır.
Şirkətin niyə məhz məşhur Nobel qardaşlarının soyadını daşıması da aydın deyil. Ancaq belə təxmin edilir ki, şirkət bu soyadı brend kimi istifadə edir və bunun əvəzində Nobel sülaləsindən olan Qustav Nobeli şirkətin Direktorlar Şurasına üzv ediblər.
Halbuki, 2012-ci ilədək şirkətin vitse-prezident və baş meneceri kimi Muxtar Murat Tayşi adlı Türkiyə vətəndaşının adı göstərilirdi, Qustav Nobel isə məşvərətçi idi. Məşvərət Şurasının üzvləri arasında ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş üzvü, 90-cı illərin əvvəllərindən Azərbaycan və digər keçmiş sovet respublikaları ilə sıx əlaqələri olan Kurt Uoldenin də adına rast gəlinirdi. Hansı ki, Nümayəndələr Palatasının hərbi məsələlər komitəsinin sədr müavini olan K.Uolden 2006-cı ildə istefaya çıxana qədər Konqresdə Azərbaycanla dostluq qrupunun üzvü olmuşdu.
Artıq şirkətin rəhbərliyinə daxil olan şəxslər arasında Kurt Uoldenin və Murat Tayşinin adlarına rast gəlinmir. Şirkətin Məşvərət Şurasının əvəzində Direktorlar Şurası var. Onun tərkibinə Qustav Nobellə yanaşı Eamon Gorman, Georgi Marçenko, Stüard Detmer, Maykl Roland Rinq daxildirlər.
Mətbuat onu da yazır ki, “Nobel Oil” 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesində işləyən şirkətlərə satınalmalar üzrə xidmətlər göstərmək üçün yaradılıb. 2007-ci ildə isə artıq fəaliyyətini genişləndirərək qazma, texniki xidmət və digər işlərlə məşğul olmağa başlayıb. Hazırda şirkətin ayrı-ayrı sahələrlə məşğul olan müxtəli törəmə şirkətləri fəaliyyət göstərir. Bunlardan “Apşeron Qazma”, “Global Energy Solutions” (“Glensol”), “Oil and Gas Proserve”, “Prokon”, “LLamrei”, “Nobel Oil Downstream” şirkətlərini misal göstərə bilərik.
O da bildirilir ki, “Nobel Oil” ötən ilin yayında Britaniyanın “Denholm Oilfield Services Limited” şirkətinin Azərbaycandakı aktivlərinin 50 faizini alıb. Bu şirkət - “Denholm” Azərbaycanda neft sektorunda işləyən şirkətlərə klapanların idarə edilməsi, elektrik və KİP-avtomatika, yükdaşımalar və rekrutinq üzrə xidmətlər göstərir.
Yeri gəlmişkən, Rusiyada da eyni adda şirkət fəaliyyət göstərir. Ancaq onun Britaniyada qeydiyyatdan keçmiş və biznesi təkcə Azərbaycanda olan “Nobel Oil Ltd” ilə bağlılığı yoxdur. Belə ki, Rusiyadakı “Nobel Oil” hasilatçı şirkətdir. 2000-ci ildə “Neftus” və “Kolvaneft” şirkətlərinin bazasında yaradılıb, Timan-Peçora və Xantı-Mansiykskdə 7 neft yatağında hasilat və kəşfiyyat lisenziyasına malikdir.
Əlbəttə, ilk baxışdan belə düşünmək olar ki, Azərbaycanda fəaliyyət göstərən “Nobel Oil” movcud olan yüzlərlə şirkətdən biridir. Lakin bu, heç də belə deyil. Bu şirkətin fəaliyyət sahəsinə və gördüyü işlərə diqqət yetirdikdə bəlli olur ki, “Nobel Oil” ölkəmizin neft maqnatlarının maraq dairəsindən belə kənarda yaradılmış, yəni birbaşa hakimiyyətin ən yüksək zirvəzisnə bağlı bir şirkətdir. Bu şirkət dolayısı ilə SOCAR-ın səlahiyyətlərini mənimsəməklə yanaşı, ölkədən neft pullarının çıxarılmasında başlıca rolu da öz üzərinə götürüb.
Bu şirkətin, SOCAR-a paralel olaraq fəaliyyət göstərməsinə rəğmən, adının cəmiyyətdən gizli saxlanılması isə bir sıra qaranlıq mətləblərdən xəbər verir. Məsələn, istisna deyil ki, müəyyən çevrələr bu şirkətin hesabına ölkədən milyardlarla çirkli pul çıxarmağa nail olub, eləcə də Azərbaycan neft pulları “Nobel Oil”in vasitəsilə talan edilib. Bu gün ortada gözlə görünən bir həqiqət var ki, “Nobel Oil” heç də hansısa sırdana məmurun biznes məqsədilə yaratdığı bir şirkət deyil. Əksinə, bu şirkət məhz “çirkli” neft pullarını leqallaşdırmaq, o cümlədən ölkədən milyardlarla dolları asan yollarla, tutaq ki, “xaricə sərmayə qoyuluşu” adı altında çıxarmaq üçün yaradılıb.
Əslində, şirkətin qapalı fəaliyyətə üstünlük verməsi də məhz bu amillərə söykənir. Yoxsa, normal biznes fəaliyyəti ilə məşğul olan bir qurum nə üçün özünü cəmiyyətdən gizləməlidir ki?!
“Nobel Oil”in Azərbaycanın “neft qazanı”nda SOCAR-ın payına şərik çıxması isə, bu şirkətin heç də sıradan bir məmura bağlı olduğunu deməyə əsas vermir. Zənnimizcə, “Nobel Oil” Azərbaycanda ən azı SOCAR prezidenti Rövnəq Abdullayev səviyyəsində himayəçiyə malikdir. Bəs, ondan yuxarda kimlər ola bilər? Hər halda, bu sualın cavabı cəmiyyətdə çoxlarına bəllidir…