NEFT FONDU 9 AYDA 10 MİLYARD DOLLAR QAZANIB - İqtisadçı açıqladı

İqtisadçı Samir Əliyev bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 9 ayı ərzində aktivlərini 17% artıraraq 60 milyard dollardan 70 milyard dollara yüksəldib. Onun sözlərinə görə, artımın əsas səbəbi Fondun aktivləri arasında xüsusi çəkisi olan qızılın dəyərinin və həcminin artmasıdır.

Samir Əliyev qeyd edib ki, 9 ay ərzində qızılın həm həcmi, həm də qiyməti yüksəlib: aktivlərdə qızılın həcmi 146,6 tondan 184,8 tona qədər artıb, 1 unsiyanın qiyməti isə 2,641 dollardan 3,873 dollara yüksəlib. İqtisadçı bildirib ki, yalnız qızılın qiymətinin bahalaşması və həcminin artması hesabına Fondun aktivləri 10 milyard dollardan çox artıb.
O əlavə edib ki, digər əsas artım faktorlarından biri aktivlərin 2/3-ni təşkil edən ABŞ dollarının digər əsas valyutalara qarşı zəifləməsi olub. Samir Əliyev bildirib ki, 9 ayda aktivlərin 1/5-ni təşkil edən Avropa valyutasının nominal məzənnəsi 13% bahalaşaraq dollar ifadəsində aktivləri təxminən 1,5 milyard dollar artırıb.
Eyni zamanda, iqtisadçı vurğulayıb ki, aktivlərə daxil olan digər valyutalar da dəyər qazanıb: Britaniya funt sterlinqi 7,1%, Yaponiya yeni 5,6%, Çin yuanı isə 2,2% bahalaşıb.
Samir Əliyev bildirib ki, bu faktorlar Fondun aktivlərinin artımında əsas rol oynayıb və gələcəkdə də qiymətli metallar və valyuta məzənnələri dəyişikliklərinin Fondun vəziyyətinə birbaşa təsir göstərəcəyi gözlənilir.







































