NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni müavin təyin olundu / DOSYE

Baxış sayı:
534

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.

Rövşən Mürvət oğlu Rüstəmov 1980-ci ildə İmişlidə anadan olub.

1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir.