Müxalifətçi Qarabağ veteranları Paşinyanla təcili görüş keçirdi...

Baxış sayı:
190

Ermənistanın radikal “Sasna Tsrer” ("Sasunlu çılğınlar") partiyasının sədri, Qarabağ veteranı, ermənilərin Şuşa əlahiddə batalyonunun keçmiş komandiri,  polkovnik-leytenant Jirayr Sefilyan və partiya fəallarından Qaregin Çuqaşyan dünən –sentyabrın 5-də axşam saatlarında baş nazir Nikol Paşinyanla təcili görüş keçirib.
Paşinyana yaxın erməni nəşrlərinin “Sasna Tsrer”in mətbuat xidmətinə istinadla  yaydığı məlumatda yalnız “görüşdə mövcud siyasi vəziyyət müzakirə edilib” cümləsi işlənib.
Paşinyanın mətbuat katibi V.Karapetyan isə bildirib ki, görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib. “Bu,  baş nazirin çoxsaylı görüşlərindən biridir, əlavə məlumat verilməyəcək...”
Qeyd edək ki, Serjik Sərkisyanın prezidentliyi dövründə silahlı müxalifət qruplaşması kimi tanınan “Sasna Tsrer” partiyası işğalçı ölkədə Paşinyan hakimiyyətinə də təhlükə olaraq nəzərdən keçirilir. Bu ilin fevralında  partiya sədri Jirayr Sefilyan, “Sasna Tsrer” qruplaşmasının üzvlərindən Armen Bilyan və Smbat Barseğyanın hələ də azadlıqda olmaması faktına toxunarkən Paşinyan hakimiyyətinin ünvanına birbaşa təhdid səsləndirmişdi. Yanvar ayında isə bu partiya liderləri “Paşinyan keçmiş hakimiyyətin keçən 10-20 il ərzində Qarabağ məsələsi ilə bağlı hansı danışıqları apardığının mahiyyətini açıqlamalıdır” tələbi ilə çıxış etmişdi.
Xatırladaq ki, "Sasna tsrer"in silahlı dəstəsi 2016-cı il iyulun 17-də Ermənistan paytaxtında polis keşikçi-patrul alayının binasını ələ keçirib iki həftə saxlamışdı. İyulun 30-da qiyamçılar girovları sərbəst buraxıb, ertəsi gün özləri də hakimiyyət orqanlarına təslim olublar. Keşikçi-patrul xidməti alayının ələ keçirilməsi işi üzrə 47 nəfər ittiham olunub.
Ötən il Qarabağda da filialı yaradılmış bu radikal partiyanın Livanda doğulan 52 yaşlı lideri Jirayr Sefilyan  Qarabağ müharibəsi zamanı Ermənistanın Şuşa əlahiddə batalyonun komandiri olub. Ona  “Qarabağ müharibəsi qəhrəmanı” adı və “1-ci dərəcəli döyüş xaçı” ordeni ilə təltif olunub.
Livanda vətəndaş müharibəsi zamanı erməni icmasının özünümüdafiəsində iştirak edib, “Daşnaksutyun” Partiyası Livan bölməsinin fəallarından olub.
Sefilyan 1990-cı illərin əvvəllərindən Ermənistanda yaşayır, lakin bu günədək ona Ermənistan vətəndaşlığı verilməyib. Əvvəlcə hərbi təlimçi kimi Dağlıq Qarabağa yollanan könüllü döyüşçülərə hərbi təlim keçib. 1991-ci ildən özü döyüşlərdə iştirak etmək üçün Qarabağa gedib.
1992-ci ildə Sefilyanın başçılıq etdiyi dəstəsi ilə Şuşa üzərində nəzarətin ələ keçirilməsi əməliyyatında iştirak edib və müharibənin sonunadək cəbhənin ən mühüm sahələrində olub.
Atəşkəs rejimi tətbiq edildikdən sonra Jirayr Sefilyan Livana gedib, yenidən qayıtdıqdan sonra isə “Qarabağ özünümüdafiə ordusunda” müxtəlif komandir vəzifələrini tutub./Moderator