MÜXALİF PARTİYA HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ - “Əmək haqları iki dəfə, minimum istehlak səbəti 50% artırılsın”

Baxış sayı:
3607

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərin müzakirəsinə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə işğaldan azad olunmuş ərazilərimizdə başlanan bərpa, quruculuq işlərinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun aparılması istiqamətində atılan addımları müsbət dəyərləndirib. Qeyd edilib ki, bu layihələrin həyata keçirilməsində Türkiyə şirkətlərinin xüsusi çəkisinin nəzərə alınması onun ikinci Qarabağ savaşında Azərbaycana verdiyi hərtərəfli dəstəklə bağlı məsələ olduğuna görə digər dövlətlərdə qıcıq yaratmamalıdır.
Bununla yanaşı, partiya yetkililəri elan olunmuş tenderlərdə yerli iş adamlarının iştirakını məqbul hesab etməklə tenderlərin şəffaf, hesabatlı qaydada aparılmasını hakimiyyətin diqqətinə çatdırıb.
İdarə Heyəti son günlər ölkədə qiymət artımının yüksələn xətt üzrə davam etdiyi bir vaxtda, bütün sahələrdə, xüsusilə dövlət rüsumları sahəsində kəskin qiymət artımından narahat olduğunu bildirib və hakimiyyəti bunun müqabilində əmək haqlarının iki dəfə, minimum istehlak səbətinin isə 50% artırılmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti ikinci Qarabağ savaşından sonra hakimiyyətin qazilərə, şəhid ailələrinə maddi və mənəvi yardımlar göstərməsini, onların problemlərinin həllinə yönəlik ciddi addımlar atmasını təqdir etməklə, yerlərdə icra başçılarının, məmurların sağlamlığını itirmiş, şikəst olmuş, kəskin ehtiyaca düçar olmuş qazilərə, şəhid ailələrinə laqeyd münasibətinin davam etməsindən, onların sosial-iqtisadi problemlerinə biganə yanaşmasından ciddi narahatçılığını bildirib. ADP bu faktorların ölkədə yaranmış milli həmrəyliyə, vətəndaş barışına, hərbi vətənpərvərliyə mənfi təsir göstərməsi baxımından yolverilməz olduğunu qeyd edib və hakimiyyət orqanlarını bu laqeydliyə son qoymağa çağırıb.
İdarə Heyəti Zəfər Bayramı ilə əlaqədar gözlənilən “Qızıl amnistiya”nın reallaşması istiqamətində göstərilən təşəbbüsləri müsbət dəyərləndirib və bu amnistiyanın digər kateqoriyalar üzrə məhkumluğu olan şəxslərlə yanaşı, bütün siyasi məhbuslara da şamil edilməsinin humanizm baxımdan vacib olduğunu bildirib və ölkə başçısını ölkəmiz üçün imic məsələsi olan bu məsləyə həssas yanaşmağa çağırıb.
İdarə Heyəti ABŞ prezidenti Baydenlə Türkiyə prezidenti T.Ərdoğan arasında keçirilən görüşə, bu görüşdə dünyada, regionumuzda baş verən hadisələrin geniş müzakirəsinə son günlərin uğurlu siyasi hadisəsi kimi qiymət verib və bu görüşün nəticəsi olaraq ABŞ-ın Xankəndi iqtisadi zonası da daxil olmaqla, separatçı rejimin nəzarətində olan bütün ərazilərimizin Azərbaycanın suverenliyinə qaytarılmasına doğru praktik addımlar atacağına inamını ifadə edib.  
Muxalifet.az