Müxalif bloqerin havada “ovlanması” Belarus iqtisadiyyatını 3 faiz kiçildəcək - BAŞ NAZİR AÇIQLADI

Baxış sayı:
178

“Ryanair” şirkətinin Afina-Vilnüs reysi ilə uçan təyyarəsinin MiQ-29 qırıcıları ilə Minskə məcburi endirilməsi və müxalif bloqer Roman Protaseviçin həbsi Belarusa ümumi daxili məhsulun 2.9 faizi hesabına başa gələ bilər. Belarusun baş naziri Roman Qolovçenko bu haqda deyib. Onun sözlərinə görə, Avropa İttifaqının tətbiq edəcəyi sanksiyalara görə Belarus iqtisadiyyatında təxminən bu həcmdə geriləmə gözlənilir.

Qolovçenko deyib ki, sanksiyalara cavab olaraq Belarus qərb mallarından və texnologiyalarından imtina edəcək. “Biz bazarımızı qorumaq üçün xüsusi müdafiə tədbirləri görməyə hazırıq. Bu, həm Belarusa invesitisiyaların daxil olmasına, həm istehlak mallarına aiddir. Bizim öz maraqlarımızı qorumaq üçün bütün səlahiyyətlərimiz var”,-baş nazir bildirib.

Qolovçenko “Belarus-1” kanalına müsahibəsində onu da deyib ki, ölkə qərb malları əvəzinə Çin mallarına keçə bilər. Nəticədə qərb ölkələri Belarus bazarını itirəcək. Hərçənd o, Belarus bazarının qərb üçün elə də böyük olmadığını bildirib, bununla belə Avropa İttifaqının hər il Belarusa milyardlarla dollarlıq mal və texnologiya ixrac etdiyini xatırladıb.

Xəbər verildiyi kimi, Belarus hakimiyyətinin sərnişin təyyarəsini hərbi təyyarələrlə sıxışdırıb məcburi endirilməsinə görə Avropa İttifaqı Belarusla bütün hava əlaqələrini kəsib, bu ölkənin aviadaşıyıcılarına ittifaqa üzv olan ölkələrin ərazisnə uçuşlarını, o cümlədən tranzit uçub keçməsini qadağan edib. Eyni zamanda ABŞ Belarusla hava əlaqələrini kəsib və bu ölkənin neft-kimya kompleksi müəssisələrinə sanksiyalar tətbiq edib.

 

Baş nazir Qolovçenko etiraf edib ki, bu sanksiyalar Belarus aviadaşıyıcılarını ciddi itkilərə məruz qoyacaq və ölkə sanksiyalara görə itkilərin kompensasiya edilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədir. O, təyyarənin məcburi endirilməsi insidentini araşdırmaq üçün Belarus tərəfinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

2020-ci il üçün Belarusun ÜDM həcmi 57 milyard dollara yaxın olub, başqa sözlə, 24 yaşlı müxalif bloqeri havada “ovlamaq” indiki halda Belarus üçün təxminən 2 milyard dollarlıq iqtisadi itkilərə səbəb olacaq./Virtualaz.org