Müsavat rəhbərləri paytaxt polisinə çağırılıb

Baxış sayı:
6176

Son üç gün ərzində Müsavat Partiyasının 40-dan çox rəhbəri və fəalı polis orqanlarına çağırılıb. Bu barədə Turan-a Müsavatın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib. 

Onun sözlərinə görə, çağırışlar Partiyanın noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında  təyin etdiyi aksiya ilə bağlıdır. Dəvət olunanlardan aksiyada iştirak edib-etməyəcəklərini soruşurlar.

"Hələlik saxlanılan yoxdur, amma təzyiq davam edir", deyə Hacıbəyli bildirib.

Şənbə günü Müsavat Partiyasının sədr müavinləri Səxavət Soltanlı, Fərəc Kərimov və Razim Əmiraslanlı, habelə partiyanın aparat rəhbəri Gülağa Aslanlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat-ın noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə Şəhər Administrasiyasının binası qarşısında təyin edib. Amma İcra Hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat rəhbərliyi şəhər administrasiyası qarşısında aksiya keçirəcək.