“MÜHARİBƏNİN SONUNA YAXIN 3 “İSGƏNDƏR” ATILDI...” - General Movses Akopyan Rusiya Müdafiə Nazirliyini təkzib etdi

Baxış sayı:
880

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin gedişində “İsgəndər” operativ-taktiki raketlərinin tətbiq edilmədiyi haqda bəyanatını təkzib edib. Akopyan bildirib ki, “İsgəndər”lər tətbiq edilib və “partlayışlar törədib”.

Xatırladaq ki, “İsgəndər” polemikası Ermənistanda ordunun Paşinyana qarşı bunt qaldırmasına və onun istefasını tələb etməsinə səbəb olub. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general İqor Konaşenkov ötən gün bəyan edib ki, Nikol Paşinyanın “İsgəndər” raketlərinin partlamaması, yaxud “10 faiz partlaması” barədə dediklərini təəcüb və anlaşılmazlıqla qarşılayıblar. Çünki Qarabağda “İsgəndər” ümumiyyətlə tətbiq edilməyib və komplekslərin bütün döyüş sursatı-raketlər hamısı Ermənistan ordusunun anbarlarındadır. Üstəlik “İsgəndər”lərin yararsız silah olması barədə deyilənlər də tam əsassızdır.

General Movses Akopyan isə deyib ki, raket tətbiq edilib və “yüzlərlə partlayışlar” törədib. Üstəlik həmin gün hava dumanlı-çiskinli olduğu üçün partlayışların nəticəsini uzaqdan müşahidə etmək mümkün deyildi. “Mümkün deyil ki, raketlər partlamasın. Baş nazirin niyə belə bəyanat verdiyi aydın deyil. Mənə bəlli olduğu qədər müharibənin son günlərində üç raket buraxılıb”,-o bildirib.

M.Akopyan qeyd edib ki, Ermənistanla Rusiya arasında dövlətlərarası razılaşmaya əsasən Rusiya tərəfi “İsgəndər”lərin döyüşə yararlı olduğuna nəzarət etməlidir. “Rusiyalı mütəxəssislər gəldilər, texniki yoxlama apardılar, döyüş qabiliyyətini yoxladılar. Əgər silahda nasazlıq aşkar olunursa onlar onu aradan qaldırmalıdır. Çünki razılaşmada belə nəzərdə tutulub. Əgər sən silaha qulluq eləmirsənsə o atəş açmaya da bilər”,-erməni general deyib.