"Mənimlə bağlı göstəriş Vaqif Axundov tərəfindən verilib" – PREZİDENTİN SABİQ MÜHAFİZƏÇİSİ ETİRAZA QALXDI

Baxış sayı:
15652

Asif Lətifov: "Yaşayışıma mane olurlar, məhkəmənin qərarı olmadan əmlakımı dağıdıb, mənə ziyan vurublar" Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev-2B, mənzil 40 ünvanında yaşayan Asif Aydın oğlu Lətifov redaksiyamıza müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan ona məxsus olan qarajın söküldüyünü bildirib. Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı dəstəsinin zabiti olduğunu və orada 17 il xidmət etdiyini deyən Asif Lətifovun sözlərinə görə, əməlində heç bir cinayət tərkibi olmadığı halda, XDMX-nin rəisi Vaqif Axundovun yazdığı raport əsasında uydurma ittihamlarla 5 il 6 ay müddətinə həbs olunub: "2011-ci ilin mart ayının 11-də Xüsusi Dövlət Mühafizə Xidmətindən qanunsuz olaraq işdən azad edildim. Mətbuat vasitəsi ilə hüquqlarımı tələb etdikdən 1 il 3 ay sonra barəmdə saxta ittihamlarla - Cinayət Məcəlləsinin 228.1-ci, 232.2-ci və 232.3-cü maddələri ilə saxta cinayət işi açdılar və 5 il 6 ay müddətinə azadlıqdan məhrum olundum. 2013-cü ilin yanvar ayında beynəlxalq təşkilatlar məni siyasi məhbus kimi tanıdı. Onu da qeyd edim ki, həbsxanada olduğum müddət ərzində də mənə qarşı müəyyən təzyiqlər, zorakılıqlar olub. Belə ki, 2014-cü ilin 14 iyulunda məni haqsız yerə, sifariş əsasında 5 sutka cəza kamerasına saldılar. 2015-ci ilin oktyabrın 1-də isə növbəti dəfə məni səbəbsiz yerə 7 saat karsda saxlatdırıb, xəbərdarlıq verdilər və başımı qırxdılar. 2016-cı ilin sentyabrın 19-da dedilər ki, növbəti sifariş gəlib və mənim üzümə ciddi rejimli narkotik maddədən asılı məhkumu durquzub 10 sutkalıq cəza kamerasına saldılar. Ordan çıxdıqdan sonra, 2016-cı ilin oktyabrın 20-də məni yenidən karsa salıb, orada 14 saat saxladılar. Orada olarkən "zampolit" Azər Bağırzadə kamerama gələrək bildirdi ki, sən bizə problem yaradırsan. Dedi ki, sənin 2 variantım var. Ya yazılı şəkildə müraciət edərək siyasi məhbus siyasıhından imtina etməlisən, ya da həbsdən çıxacağın günə kimi cəza kamerasında qalacaqsan, sənə ancaq su və çörək veriləcək. Həmin vaxt haqsız yerə cəza kamerasına salındığıma görə, yeməkdən imtina etmişdim. Azər Bağırzadə dedi ki, ölürsən öl, bizi heç maraqlandırmır. O, bildirdi ki, bizə problem yaratdığın üçün həbsdən çıxan kimi ölkəni tərk etməlisən. Cavabımda dedim ki, mən sizə yox, siz mənə problem yaradırsız, özünüz çıxın gedin bu ölkədən, mən Vətənimi, dövlətimi sevirəm, ona görə də burda qalacam. Onu da nəzərinizə çatdırım ki, 2017-ci ilin yanvar ayında 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Şamil oğlu Gülməmmədov yanına çağırtdırıb dedi ki, həbsdən çıxdıqdan sonra nə ilə məşğul olacaqsan? Dedim ki, yəqin sənətimə uyğun bir iş taparam. Sonra dedi ki, məhkumlar arasında söz-söhbət gəzir ki, sən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovu müdafiə edirsən. Bildirdim ki, mən sifarişlə həbs olunmuşam. Ona görə də başqalarının dərdinə sevinə bilmərəm. Bundan başqa, kiminsə cinayət törədib törətmədiyini məhkəmə orqanları müəyyən edə bilər. Təqsirsizlik prezumpsiyası var. Dedim ki, mən məhkum adamam, kiməsə pislik arzu edə bilmərəm". Günə-gün cəzasını çəkib, ötən ilin fevralın 28-də həbsdən azad olunduğunu vurğulayan şikayətçi bildirib ki, bundan sonra da bir sıra problemlərlə qarşılaşıb: "Hal-hazırda da yaşayışıma mane olurlar. 2017-ci ilin sentyabr ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev tərəfindən mənə məktub gəldi. Məktubda yazılmışdı ki, mənə məxsus olan 1 sot torpaq sahəsi və avtomobil qarajı müvəqqəti xarakter daşıyır, buna görə də təcili surətdə əlimdən alınacaq. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq məqsədi ilə icra hakimiyyətinə getdim. Lakin icra başçısının qəbuluna düşə bilmədim. Qapıdakı polis əməkdaşı dedi ki, icra başçısı heç kimi qəbul etmək istəmir. Qeyd edim ki, məhəlləmizin qarşısında 11 qaraj olsa da, ancaq mənim qarajımı hədəfə alıblar. Bir neçə dəfə icra hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışsam da alınmadı. Bildirdilər ki, icra başçısı buna görə heç kimi qəbul etmək istəmir". Məhz bundan sonra vəkil Elçin Sadıqovla məsləhətləşib mülki qaydada Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini deyən Asif Lətifovun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin qiymətləndirmə idarəsini ekspert qismində çağırıb əmlakını 5510 manat miqdarında dəyərləndirib: "Əmlak Məsələləri Dövlət Komitəsinin qiymətləndirmə idarəsi əmlakımın fotoşəkillərini çəkdilər və onlar da digər sənədlərlə yanaşı, məhkəməyə təqdim olundu. Onu da deyim ki, iş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vəfa Əzizovanın icraatındadır və hələ məhkəmə qərarı çıxarılmayıb. Lakin buna baxmayaraq, yəni məhkəmə qərarı olmadan fevral ayında səhər saatlarında 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Kamil İsmayılov yanında tanımadığım mülki şəxslərlə birgə gələrək ekskavatorla hasarımı, həmçinin dövlət tərəfindən çəkilən su xəttimi dağıtdılar, 2 ağacımı kökündən çıxardılar. Atamla birgə aşağı düşdük və ekskavatoru işlədən şəxsdən göstərişin kim tərəfindən verildiyini soruşduqda dedi ki, göstəriş Kamil İsmayılovdan gəlib. Kamil İsmayılov isə göstərişin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının bacısı oğlu Hüseyn müəllim tərəfindən verildiyini bildirdi. Hüseyn müəllim isə Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisidir. Dedim ki, rəhmətlik Heydər Əliyev «ağacları kim kəsirsə, elə bil mənim qolumu qırır» deyib. Dedilər ki, get, kimə istəyirsən şikayət elə, yaxşı edirik". Fevral ayının 24-də rəsmi qaydada icra başçısının qəbuluna yazıldığını qeyd edən şikayətçi bildirdi ki, bu dəfə də icra başçısı onu qəbul etməyib: "Özünü təqdim etməyən müavin dedi ki, icra başçısı bu məsələlərə görə heç kimi qəbul etmir və buna görə də heç kimdən kompensasiya gözləmə, get kimə şikayət edirsənsə et. Bildirdim ki, məhəllədə 11 qaraj olduğu halda niyə ancaq mənim qarajımı sökürsünüz, malıma ziyan vurursunuz? Dedilər ki, get problemini "JEK"lə həll et. Oradan 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Kamil İsmayılovun yanına getdim. O da eyni sözləri dedi. Bildirdi ki, yaxşı eləmişəm, hara, kimə istəyirsən şikayət elə. Sonradan mənə qeyri-rəsmi məlumatlardan çatdı ki, kimlər maddi cəhətdən imkanlıdırsa və ya tapşıtdırılıbsa onların qarajına əl dəyilmir. Onu da öyrəndim ki, mənimlə bağlı göstəriş məni tutduran şəxslər - Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov və onun müavinləri tərəfindən verilib. Qeyd edim ki, martın 15-də bu işlə bağlı növbəti məhkəmə prosesi keçirildi. Lakin qarşı tərəf - Abşeron Rayon İcra Hakimiyyəti 6 dəfə məhkəmə prosesinin ancaq birinə gəliblər. Hakimə bildirdim ki, məhkəmənin hökmü olmadan əmlakımı dağıdıb, mənə maddi ziyan vurublar. Axı mən nə etmişəm? Vətənimi, yoxsa millətimi satmışam? Günahım nədir ki, başıma bu oyunları açırlar? Məni o həddə çatdırıblar ki, artıq ailəmlə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalmışam. Hakim mənə səbrli olmağı məsləhət gördü. Dedim ki, əgər məhkəmə ədalətli qərar verməsə, hər hansı vəzifəli şəxsin istəyinə uyğun hökm çıxarsa, o zaman bütün məhkəmə instansiyalarını keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcəm". Növbəti məhkəmə prosesinin aprelin 4-nə təyin olunduğunu deyən Asif Lətifovun sözlərinə görə, üzləşdiyi problemlə bağlı ölkə başçısına, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və bu qurumun Abşeron rayon şöbəsinin rəisinə, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova müraciət edib: "Hər dəfə də mənə məktub gəlir ki, bunlar bizim səlahiyyətimizdə deyil. Yaxşı bəs, bu halda mən nə etməliyəm? Hara müraciət edim, dərdimi kimə deyim? Mənə normal yaşamağa imkan vermirlər, şəxsi qərəzlik aparırlar. Vaqif Axundova teleqram vuraraq yazdım ki, evimin qabağında məhkəmənin qərarı olmadan mənə məxsus əmlakın vəhşicəsinə dağıdılmasında sizin və müavinlərinizin adını hallandırırlar. Ona görə də mən, ətrafım və ailə üzvlərim sifarişin icra başçısına şəxsən sizin tərəfinizdən verildiyini hesab edirik. Məni uydurma ittihamlarla 5 il 6 ay müddətinə həbsə sifarişlə məhkum etdirib, həbsxanada məni sifarişlə cəza lameralarına saldırtdırıb şəxsi işimi ləkələtdirdikdən sonra da ürəyiniz soyumadı? Ailəmizə yaxın olan, özünü intihar etmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin mərhum polkovniki Mübariz Kamilov sağ olsaydı, bu hadisələrin heç biri yaşanmazdı. Yazdığım problemi araşdırın ki, sizdən şübhə yerim qalmasın". Sonda iş tapmaqda da çətinlik çəkdiyini vurğulayan Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi təyinatlı dəstəsinin keçmiş zabiti bu səbəbdən də ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib: "İşlə bağlı hara müraciət edirəmsə, deyirlər ki, sən siyasi məhbussan, ona görə də sənə bizim ölkədə iş yoxdur. Buna görə də ailəmlə birlikdə ölkəni tərk etmək məcburiyyətindəyəm. Zamanın öz dəyənəyi var. İnşallah nə vaxtsa hərəni öz yerində oturdar". Hurriyyet.org P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.