“Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”

“Polis şöbəsində Samirin sosial şəbəkədə yazdığı statusların surətini çıxarıb mənə göstərdilər. Dedilər ki, “siz ağıllanmayacaqsınız, bu nədir yazıb?””
Sutkalıq cəza alanlara psixoloji təzyiq göstərildiyi deyilir. Şəki cəbhəçisinə yemək də qəbul olunmur
Mayın 28-də saxlanılmış Xalq Cəbhəsi Partiyasının Şəki şöbəsinin Gənclər Komitəsinin sədri Samir Həsənovla ailəsinə nə görüş verilir, nə də ərzaq qəbul olunur. Bu haqda "Azadlıq" radiosuna gənc fəalın qardaşı İslam Həsənov məlumat verib.
İslam Həsənov deyir ki, yerli polis şöbəsində onun özünü də hədələyiblər: “Yemək apardıq, yeməyi belə qəbul eləmədilər. Nə yemək götürürlər, nə də görüş verirlər. Onun həftədə bir dəfə telefonla danışmaq haqqı var. Telefonla danışanda da yanında dayanıb müdaxilə edirdilər. Danışmağa, sözün deməyə imkan vermədilər. Polis şöbəsində Samirin sosial şəbəkədə yazdığı statusların surətini çıxarıb mənə göstərdilər. Dedilər ki, “siz ağıllanmayacaqsınız, bu nədir yazıb? Niyə statuslarında yazır ki, məmurlar, polis rüşvət alır?” Mən də dedim ki, “Samir tənqidi fikirlərini yazır, heç kimi təhqir etmir”. “Qələt eləyir, başını daşa döyür” deyəndə, dedim ki, “təhqirə keçməyin”. Belə deyəndə məni də hədələdilər ki, “deyəsən, sən də yetişmisən, görərsən, başına nələr gələcək””.
 Şəki polis şöbəsindən "Azadlıq" radiosuna İslam Həsənovun dediklərinə münasibət bildirməyəcəklərini söylədilər. Görüşə gəlincə, bildirdilər ki, bundan ötrü müraciət olunmalıdır: “O haqda heç nə deyə bilmərik. Məhkəmənin qərarı ilə 15 sutka cəza alıbsa, həmin müddət bitəndən sonra buraxılacaq. Görüş almaq istəyirlərsə, rəhbərliyə ərizə ilə müraciət etməlidirlər”.
Samir Həsənov mayın 28-də Şəkidə müxalifətin 28 May –Respublika günüylə bağlı keçirdiyi tədbirdə saxlanıb. Yerli məhkəmə polisə müqavimətə görə ona 15 sutka cəza verib. İyunun 3-də məhkəmənin qərarından apelyasiya şikayəti verilib.
 
Psixoloji təzyiq, pis rəftar…
 
Mayın 25-həbs olunmuş və 10 sutka cəza almış NİDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanova isə saxlanan zaman “psixoloji təzyiq göstərilib”. Bu haqda onun vəkili Nemət Kərimli bildirir: “Psixoloji təzyiq, pis rəftar göstərilib. Əvvəlcə gecə gəlib evlərinin qapısını döyüblər. Səhər gəlib qapını sındıracaqları ilə hədələyiblər. Evə zorla daxil olub, Amidi ayaqyalın polis şöbəsinə aparıblar. 5-ci bölmədə ona “sən nə paylaşırsan, facebookda neyləyirsən, maliyyə mənbələriniz hardandır” kimi suallar veriblər. Heç nə əldə eləyə bilməyəndə polisə tabe olmamaqda ittiham ediblər. Deyiblər ki, “bununla razılaşmasan, həbs olunacaqsan”. O da psixoloji təzyiq altında polisin dedikləriylə razılaşıb”.
Vəkil deyir ki, Amid Süleymanov valideynləri ilə görüşə bilir. Binəqədi rayon polis şöbəsindən ona təzyiq göstərilməsi ilə bağlı vəkilin dediklərini təkzib etdilər.
 
“Göz qorxutmaq üçündür”
 
Mayın 25-də həbs olunan və 10 sutka cəza alan başqa bir NİDA-çı Anar Abdullanın həbsindən əvvəl isə onun videomüsahibəsi yayılmışdı. Həmin müsahibədə hələ mayın 24-də evinin yaxınlığında polisin onu izlədiyini söyləyirdi. Deyirdi ki, həbsi siyasi sifariş olacaq. Mayın 25-də isə həbs edildi.
Şəhla Hümbətovanın sözlərinə görə, inzibati həbs qərarında onun polisə müqavimət göstərdiyi yazılsa da, əslində sosial şəbəkələrdəki fəallığına görə tutulub:
“İnzibati həbs qərarında göstərilir ki, polisin tələbinə tabe olmayıb. Amma faktiki olaraq, ona deyiblər ki, ““Facebook”dakı paylaşmalarına görə tutulursan”. Onlar fəal olduqlarına, vətəndaş mövqelərini nümayiş etdirdiklərinə görə cəzalandırılıblar. Həm də bu həbslər digərlərinin gözünü qorxutmaq üçündür”.
Vəkilin bu dedikləri ilə bağlı Anar Abdullanın saxlanıldığı Nərimanov rayon polis şöbəsindən heç bir məlumat verə bilməyəcəklərini dedilər.
Hər iki fəal Binəqədidə inzibati həbs olunanların müvəqqəti saxlanma yerində saxlanılır. Onların həbs müddəti iyunun 4-də bitir. İyunun 3-də isə onlar barəsində həbs qərarından apellyasiya şikayəti verilib.