“Maska ilə belə küçəyə çıxmaq mümkün deyil” - Professor real TƏHLÜKƏNİ AÇIQLADI

“Ötən gün ölkədə 491 nəfər virusa yoluxub, 6 nəfər dünyasını dəyişib. Bu yoluxma sayı artmaqda davam edəcək. Çünki yoluxma artıq baş verib. Bu, xəstəliyin üzə çıxmasıdır”.
Bunu professor, həkim-cərrah Adil Qeybulla deyib. O bildirib ki, yoluxmalar karantin yumşaldılandan sonra insanların bu situasiyanı əngəlləməyi və onların qaydalara məhəl qoymamaları, sosial məsafə gözləməmələri, maska taxmamaları, şəxsi gigiyena qaydalarına düzgün əməl etməmələri və s. digər bu kimi səbəblərdən artır:
“Yoluxmanın fəsadlarını biz indi görməyə başlamışıq. Hələ bir müddət bu yoluxmanın davam etmə və artma potensialı çox böyükdür. Bu məsələnin son çıxış yolu kollektiv immunitetdir. Çünki çox adam yoluxur. Virusa yoluxan və simptomları hiss olunmayan xəstələrdə infeksiya əlamətləri özünü göstərməyə başlayıb. Bir müddət bu, davam edəcək. Xəstəliyin xəstəxanada və evdə müalicəsi düzgün təşkil olunmalıdır”.
Professor qeyd edib ki, hazırda bəzi ərazilərdə sərt karantin olmasına baxmayaraq, insanlar küçələrdədir və məsuliyyətsiz yanaşma var: “Bu dəqiqə küçələrə çıxın. Baxın və görün ki, karantin əhval-ruhiyyəsi varmı? Hamı küçədədir. Maska ilə belə küçəyə çıxmaq mümkün deyil. Küçələr hazırda real təhlükə mənbəyidir. Karantinlə bərabər çoxlu maarifləndirmə işi aparılmalıdır. Bu, çox vacibdir”./Publika.az