Lukaşenkonun ailəsinə də sanksiya tətbiq edilir – Nazirlər, deputatlar, prokurorlar “qara siyahıda” /YENİLƏNİB

Aİ Belarusun 78 fiziki və 8 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirərək 78 fiziki və 8 hüquqi şəxsi “qara siyahı”ya əlavə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan açıqlamasında deyilir.
Bildirilir ki, bu qərar Belarusda insan haqları ilə bağlı ciddi pozuntuların artması ilə əlaqədar qəbul edilib.
Aİ “qara siyahı”ya MAZ, “Belaz”, “Yeni neft şirkəti” QSC və daha beş hüquqi şirkəti salıb. Fiziki şəxslərdən isə ölkənin müdafiə naziri və İstintaq Komitəsinin rəhbəri, eləcə də iri iş adamları və güc strukturlarının vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq olunub.
***
Avropa Birliyinin (AB) xarici işlər nazirləri Belarusun onlarla rəsmisi və qurumuna yeni sanksiyaları təsdiqləyib. Ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonun ailə üzvləri də onların sırasındadır.
78 fərd və 8 qurumun salındığı siyahının iyunun 21-də AB-nin rəsmi jurnalında dərc olunacağı gözlənilir. Siyahıda deputatlar, prokurorlar, hakimlər və digər rəsmilərin adları var. AB onları ciddi insan haqları pozuntularında, hüququn aliliyinə ciddi ziyan vurmaqda ittiham edir.
Lukaşenkonun oğlu Dmitri, böyük oğlunun həyat yoldaşı Liliyanın adları da sanksiya siyahısına salınıb. Siyahıda olanların “Lukaşenko rejimindən faydalandığı və onu dəstəklədiyi” bildirilir.
Sanksiyalara aktivlərin dondurulması, viza qadağaları daxildir.
AB rəsmiləri Belarus iqtisadiyyatına zərbə vurmağı hədəfləyən daha geniş tədbirlərə də hazırlaşır. Blokun xarici siyasət rəhbəri Jozep Borel Luksemburqda görüş öncəsi jurnalistlərə deyib ki, daha geniş, yeni sanksiyalar paketini təsdiqləyəcəyik.