LUKAŞENKO RUSİYA TELEKANALLARINI ÖLKƏDƏN QOVDU – Koronavirusla bağlı reportaj Minskdə qəzəb yaradıb

Baxış sayı:
1972

Belarus Xarici İşlər Nazirliyi Rusiyanın “1-ci kanal”ının (Первый канал) müxbirinin və çəkiliş qrupunun akkreditasiyasını ləğv edib. Səbəb telekanalın müxbiri Aleksey Kruçinin tərəfindən hazırlanan və Belarusda koronavirusa yoluxma hallarının gizlədildiyi iddia olunan reportajın efirə verilməsidir.
 
Reportajda Minsk ətrafında bir məzarlıqdan görüntülər verilib və oradakı yeni qəbirlərin koronavirusdan ölənlərə aid olduğuna işarə vurulub. Pnevmoniya xəstəsi olan bir nəfərin COVİD-19 testinin neqativ göstərildiyi də qeyd olunub. Müxbir Belarus Səhiyyə Nazirliyinin məlumatına etimad olmadığını vurğulayıb.
 
Belarus hökuməti bu reportaja çox sərt reaksiya verib. Xarici işlər naziri Valadimir Makey bunu “ölkəyə qarşı axıdılan çirkab” kimi qiymətləndirib. XİN-in qərarı dərhal icra edilib və rusiyalı jurnalistlər ölkədən qovulub.
 
Daha əvvəl prezident Aleksandr Lukaşenko da Rusiya mediasını, xüsusən “Rossiya 1” telekanalını və “1-ci kanal”ın aparıcısı Kirill Kleymenovu ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinə qərəzli yanaşmaqda və yalan məlumatlar yaymaqda ittiham edib. O, bu cür münasibəti həm də Belarusda 9 may paradının keçiriləcəyi ilə əlaqələndirib.
 
“Cəsarətiniz çatırsa, Amerikanı, Çini, Avropanı, Türkiyəni tənqid edin. Amma yox, Belarusu seçiblər. Səbəbini yəqin bilirsiz. Sanki Rusiyanın problemləri yoxdur. Biz dözəcəyik”, – deyə Lukaşenko vurğulayıb. Xatırladaq ki, Moskvada planlaşdırılan parad virusa görə təxirə salınıb.