Londona 14 milyon avro aparan azərbaycanlı ər-arvadın adı açıqlanacaq – Məhkəmə bir həftə vaxt verib

Baxış sayı:
901

Londona Azərbaycandan 14 milyon funt sterlinq gətirməkdə ittiham edilən ər və arvadın adları azı bir həftə də məxfi saxlanacaq. Adların açıqlanmasını tələb edənlərdən biri – “The Evening Standard” qəzeti yazıb ki, Ali Məhkəmənin hakimi iyunun 3-də cütlüyə adlarının məxfi saxlanmasının zəruriliyini isbat etmək üçün bir az da vaxt verib.
 
Məqalədə deyilir ki, Britaniya Ali Məhkəməsinin hakimi ər-arvadın bu işə ədliyyə baxışı keçirilməsinə dair vəsatətini rədd edib. Ötən həftə aşağı instansiya məhkəməsi də bu vəsatəti rədd etmiş və cütlüyün adlarının açıqlanmasına icazə verən hökm çıxarmışdı. Bununla belə hakim deyib ki, ər-arvadın vəkillərinə öz sübutlarını təqdim etmək üçün imkan verilməlidir. Hakimin dediyinə görə bu barədə keçiriləcək şifahi dinləmənin günüdən bir həftə keçəndən sonra adlar açıqlana bilər.
 
Qəzet hesab edir ki, artıq hökumət tərəfindən araşdırılması planlaşdırılmış bu işdən və başqa məhkəmə proseslərindən məxfiliyin saxlanması üçün sui-istifadə oluna bilər.
 
Ötən həftə Uestminister məhkəməsinin hakimi Vanessa Bareyster adların açıqlanmasına dair “The Evening Standard” qəzetinin və Britaniya Milli Cinayət Agentliyinin (NCA) vəsatətini təmin etmişdi.
 
Hakim Bareysterin mayın 27-də verdiyi hökmdə deyilirdi ki, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi açıq ədalət prinsipi ilə ziddiyyət təşkil edir. Hakim bu hökmü ilə cütlüyün adlarının açıqlanmasına 7 günlük dayanma vermişdi. Bu hüquq terminindən qərarın təxirə salınmasının ifadəsi üçün istifadə olunur.
 
Lakin Ali Məhkəmənin hakimi həmin qərarla tam razı olduğunu bildirsə də, əlavə edib ki, cütlüyə daha bir şifahi dinləmə şansı verilməlidir.
 
Qərarda deyilir ki, o vaxtadək hakim Bareysterin qərarı dayandırılır. (azadliq.org)