London Türkiyə dronlarından vəcdə gəlir – “Ankara və Bakı güc balansını dəyişir”

Baxış sayı:
1230

Türkiyədə istehsal olunmuş «Bayraktar TB2» pilotsuz uçan döyüş aparatları (PUA) «Qarabağda Ermənistan üzərində Azərbaycanın həlledici qələbəsindən sonra, bölgədə hərbi balansı sürətlə dəyişdirir. 

Bu barədə Britaniyanın «The Guardian» qəzeti «Böyük Britaniya Azərbaycanın uğurundan sonra yeni döyüş dronları istəyir» başlığı altında yazır.

«Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hesab edirlər ki, Azərbaycanın payız müharibəsi zamanı 6 həftə ərzində Qarabağ münaqişəsi zonasında daha ucuz Türkiyə dronlarından istifadəsi həlledici rol oynayıb və erməniləri Qafqaz bölgəsindəki ərazilərə nəzarəti əldən verməyə məcbur edib» - məqalədə deyilir.

«Baykar Makina» şirkəti tərəfindən Türkiyədə istehsal olunmuş dronların hər birinin dəyəri 1-2 milyon təşkil etdiyi halda, Britaniya ordusu öz ehtiyacı üçün analoji aparatlara 20 milyon dollardan artıq xərc çəkir.

Qeyd edilir ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra, Birləşmiş Krallığın hərbçiləri gözlənildiyi kimi, Türkiyənin uğurunu təkrarlayacaqlar və əsas diqqəti daha ucuz və effektli dronlar yaratmağa yönəldən yeni beşillik proqramın reallaşmasına başlayacaqlar.

Bu ayın əvvəlində Böyük Britaniyanın müdafiə naziri Ben Uollee bəyan edib ki, Türkiyə «Bayraktar»ları onun parlaq nümunəsidir ki, indi digər ölkələr hərbi texnologiyalar sahəsində necə liderlik edirlər. Britaniya hərb idarəsinin başçısı qeyd edib ki, Azərbaycan tərəfindən istifadə olunan «Türkiyə pilotsuz aparatları yüzlərlə zirehli texnikanın və hətta hava-hücumundan müdafiə sistemlərinin məhv edilməsi üçün məsuliyyət daşıyır».

Britaniya nəşri qeyd edir ki, TB2 dronları nisbətən qısa uçuş məsafəsinə - 150 kilomterə qədər - malikdir, ancaq havada 24 saat qala bilirlər. Ucuz olduğu üçün silahlı qüvvələr döyüşlərdə onların bir neçəsini itirməyi də özlərinə rəva bilirlər.

Bu pilotsuz aparatlar «hərbi balansı sürətlə dəyişir və PKK silahlılarına qarşı Türkiyənin öz ərazilərində, hətta Türkiyədən kənarda da (məsələn, Suriyada və Livanda) aktif istifadə olunur». Münaqişədən əvvəl, yayda Azərbaycan bəzi məlumatlara görə, Türkiyədən xeyli sayda TB2 alıb və onları sürətlə, effektli şəkildə yerləşdirib. «Quardian» qeyd edir ki, bir çoxlarının fikrincə, bu aparatları türkiyəli hərbçilər idarə edirlər.

Bununla bərabər bildirilir ki, erməni qüvvələri bir neçə «Bayraktar»ı vura biliblər. Qəzet xatırladır ki, Amerikanın erməni milli komitəsinin noyabrda dərc etdiyi hesabatda döyüş zamanı zədələnmiş Türkiyə dronlarının, o cümlədən, «Garmin» naviqasiya sisteminin fotosu yer alıb.

Hərbi ekspertlərin əksəriyyətinin fikrincə, İkinci Qarabağ Müharibəsində erməni qüvvələri əsasən müdafiə mövqeyində olublar və bu döyüşdə Azərbaycanın qələbəsinin əsas təminatçısı Türkiyə PUA-ları olub. Ancaq bu, Azərbaycan hərbçilərinin fədakar fəaliyyəti üzərinə əsla kölgə sala bilməz. Türkiyəyə, Azərbaycan hərbçilərinə və «Bayraktar»a eşq olsun!/AzPolitka.info