Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir?

Baxış sayı:
8392

“Rusiya XİN-i ona yaxın olan, əsasən ermənipərəst mətbuat orqanları həmişə Azərbaycan-Rusiya arasında hansısa qlobal bir hadisə gözlənilərkən, ya Lavrovun, ya da Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın dili ilə “bal çəlləyinə zəhər qaşığı sala” bilirlər. Bütün bunlar ilk növbədə RF prezidenti Putinə qarşı demarş kimi dəyərləndirilə bilər”. 

Bu sözləri Yenisabah.az-a siyasi şərhçi Azər Rəşidoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaşiqəsilə ilə bağlı fikirlərini şərh edərkən deyib.

Sergey Lavrov İrəvanda səfərdə olarkən bildirib ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. “Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq”, - deyə o vurğulayıb.

Azər Rəşidoğlunun sözlərinə görə, oxşar ssenari 2016-cı ilin aprel hadisələrində də təkrarlanıb: “Rusiya ictimaiyyəti  “zavallı ermənilər” barədə  məlumatı Zaxarova – Simonyana yaxın mətbuatdan aldılar. Azərbaycan XİN o zaman Bakı və Moskva münasibətlərini korlamaq istəyən qrupu ifşa edən bəyanatla çıxış etdi.

Lakin iki ölkə arasındakı münasibətləri bir bəyanatla korlamaq imkansızıdır. Bu baxımdan, Lavrov – Zaxarova – Simonyan qruplaşması istəyinə çətin ki nail ola bilsin”.

Siyahsi şərhçinin sözlərinə görə, Lavrovun fikirləri Kremlin Ermənistanı tam müdafiə etdiyi təsəvvürü yaradır: “Doğrudur, Rusiyada Аzərbaycan ilə normal əməkdaşlıq etməkdə maraqlı olan məmurlar, deputatlar, ictimai xadimlər də az deyil. Məsələn,  ən azı üzdə olan bu insanları sadalamaq olar: Rusiya Prezident Administrasiyasının regionlararası və mədəni əlaqələr departamentinin rəhbəri Aleksey Vlasov, deputat Savelyev, poitoloq və ekspertlər: Korotçenko və Şevçenko, Siyasi Araşdırmalar institutunun rəhbəri Sergey Markov və s. Amma bütün bu insanlar təbii ki, Lavrov çapında deyillər və odur ki, Kremin İrəvanı tam müdafiə etdiyi təsəvvürü yaranır”.

Azər Rəşidoğlu hesab edir ki, Lavrovun fikirləri danışıqlar formatının dəyişdirilməsi istəyinin anonsu hesab edilə bilər: “Lavrov 1998-ci ildən əvvəlki vəziyyətə dönüşün anonsu verdi. Aydın məsələdir ki, Lavrov və Paşinyanın eyni bəyanatı səsləndirməsi danışıqlar prosesində müsbət dönüş yarada bilməz.

Bir sözlə, oynanılan teatrın mənası nizamlama prosesinin təcili olaraq canlandırılması imitasiyası yaratmaqdan ibarətdir. Ermənistan, 1998-ci ildən başlayaraq danışıqlar formatını dəyişməyə, “DQR”i prosesə cəlb etməyə çalışır.  Danışıqlar prosesinə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının cəlb edilməsi təklifi də yanlışdır. Bəllidir ki, Azərbaycan icmasını imitasiya elementinə çevrilməsinə rəsmi Bakı imkan verməyəcək. 

Ümumiyyətlə, Lavrov daima qalmaqallı bəyanatlar verir və bununla da  “yeni ideyalar” ilə baş qatır.  Bir sözlə, Lavrov Paşinyanın hərbi ritorikasını pərdələyərək, onu yenidən oynatmağa çalışır.  Ən maraqlısı odur ki, belə bəyanatları ilə Lavrov Rusiyanın maraqlarını da nəzərə almır. Lavrov ən pis vəziyyətdə elə Kremlin özünü qoyur. Artıq Bakıda bəzi politoloqlar tərəfindən Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən “balans kursu”dan imtina barədə çağırışlar səslənir. Bu da anlaşılandır. Lavrovun Paşinyanın mövqeyinə yaxın bir mövqe sərgiləməsi qıcıq doğurmaya bilməzdi.

Lavrov  Paşinyanın əsas rəqibi olan Köçəryanı siyasi cəhətdən dəstəkləyir. Bu baxımdan,  Lavrovun son bəyanatı  Rusiyadan daha çox, ermənilərin rəğbətini qazanmağa yönəlib. Bir daha vurğulamaq lazım gəlir ki, Lavrovun adıçəkilən bəyanatı ilk növbədə Putinə qarşı yönəlib”.

Bəs hazırda danışıqlar formatının dəyişdirilməsinə şərait yaranıbmı? Siyasi şərhçi bildirib ki, Dağlıq Qarabağ münaqişə tərəfi deyil: “Məsələ ondadır ki, Azərbaycan Prezidenti  İlham Əliyev “Valday Forumunda” “Qarabağ xalqı” anlayışı  olmadığını, o ərazilərdə erməni və azərbaycanlılardan ibarət bir əhalinin  yaşadığını söyləmişdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlılar öz doğma yurdlarından didərgin düşüb və onlar öz daimi yaşayış yerlərinə qayıtmadıqları təqdirdə, sülh sazişi imzalana bilməz. Ən əsas məsələ istənilən qərarın qəbulu zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi öz əksini tapmalıdır. Digər tərəfdən,  Dağlıq Qarabağ münaqişə tərəfi deyil. Bakı Xankəndi ilə XİN və yaxud daha yuxarı instansiya vasitəsilə danışıqlar apara bilməz. Ən yaxşı halda Bakı ölkə qanunlarının qorunması tələbi ilə separatçı rejimlə danışıqlara başlara bilər və bu danışıqlar DİN vasitəsilə həyata keçirə bilər”.