LAÇIN İCRA HAKİMİYYƏTİ ÖZÜNÜ ASAN KEÇMİŞ TƏHSİL İŞÇİSİ HAQDA - “Ona 21 qoyun verilmişdi, amma direktor müavini olmaqda israr edirdi...”

Baxış sayı:
14062

Laçın rayon İcra Hakimiyyəti (Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşıb) bu rayonun Təhsil Şöbəsinin keçmiş metodisti Müqabil Baxışovun özünü asaraq intihar etməsi barədə açıqlama yayıb. Redaksiyamıza göndərilən açıqlamada deyilir ki, Baxışıvun intihar məktubunda icra başçısı Aqil Nəzərlini və Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənovu günahlandırması barədə deyilənlər “əsassızdır”. Xəbər verdiyimiz kimi, Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov dekabrın 6-da özünü asıb. Mərhumun qardaşı Yusif Baxışov İddia edir ki, intihara səbəb Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun təhdidləridir. Onun sözlərinə görə, qardaşı uzun müddətdir işləmək üçün müxtəlif strukturlara müraciət edib, amma onu işlə təmin etməyiblər. Habelə icra başçısını, eləcə də təhsil şöbəsinin rəhbərliyini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid etdiyi üçün təhdidlərə məruz qalıb.. Mərhum intihardan əvvəl məktub yazaraq özünü asacağını və onu intihara məcbur edən şəxslərin cəzalandırılmasını istəyib. Lakin Laçın Rayon İcra Hakimiyyətindən virtualaz.org-un redaksiyasına məktubla müraciət edərək bildiriblər ki, intihar edən Baxışovun qardaşının dedikləri “heç bir fakta əsaslanmır”. İcra Hakimiyyətindən göndərilən məktubda deyilir ki, Müqabil Baxışova özünüməşğulluq proqramı çərçivəsində 21 baş qoyun da verilib, amma o, israrla məktəb direktorunun müavini olmaq istəyirdi... Məktubdan sitat: “Müqabil Baxışov 2013-cü ildə Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsində işlədiyi dövrdə 01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək qabaqcadan heç bir məlumat vermədən üzrsüz olaraq iş yerinə gəlməmiş və harada olması barədə məlumat verməyib. O, qayıdandan sonra da harada olması barədə heç bir sübut və sənəd təqdim etməyib. Qeyd olunanlar nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi 03.11.2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilib”. Laçın rayon İcra Hakimiyyəti habelə bildirir ki, Müqabil Baxışov 2012-ci ilin iyun ayının 16-da sərxoş vəziyyətdə ”Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gələrək filialın müdirini söyüb təhqir edib, ona xəsarət yetirib, filiala 300 manat məbləğində maddi ziyan vurub. İki gün sonra Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırıb. Buna görə də, həmin ilin oktyabr ayında Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunub və bır sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinib. 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 4 il müddətinə azadlıqdan məhrum edilib. Xəzər Rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə müddətdən əvvəl azadlığa buraxılıb. Məktubda daha sonra bildirilir ki, Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş edib. Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq o, özünüməşğulluq proqramına cəlb olunub, kiçik biznesinin qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində ona dövlət tərəfindən 07.11.2018-ci il tarixdə 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilib. “Buna baxmayaraq Müqabil Baxışov təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb edib. Baxışov Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilib, onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilib. Lakin, o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb edib. Bir daha qeyd edirik ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətində və Rayon Təhsil Şöbəsində qəbul edilib, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ətraflı izah olunub. Ona görə də bildiririk ki, Müqabil Baxışovun intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur”,-məktubda göstərilir. Qeyd edək ki, hüquq-mühafizə orqanları M.Baxışovun intiharı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Baxışovun adı bir neçə il əvvəl sosial şəbəkələrdə PKK bayrağı ilə foto paylaşması ilə əlaqəli gündəmə gəlmişdi.//virtualaz